Bazar ertəsi, 08 İyul

Böyük Britaniyanın yeni baş naziri kimdir? - DOSYE

image

Xəbər verdiyimiz kimi, Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb. Kir Starmerin liderlik etdiyi partiya indiyədək parlamentdəki 650 nəfərlik yerdən 392-ni qazanıb. Mühafizəkarlar Partiyası isə 101 yerə sahibdir. Liberal Demokratlar 60 nəfərlik yerə yiyələnib. 58 seçki dairəsinin nəticəsi hələ açıqlanmayıb.

Baş nazir Rişi Sunak məğlubiyyətini etiraf edərək, Leyboristlər Partiyasının ümumi seçkilərdə qalib gəldiyini açıqlayıb. O deyib ki, Kir Starmerə zəng edərək onu qələbəsi münasibətilə təbrik edib. Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.

 Böyük Britaniyanın yeni baş naziri Kir Starmer kimdir?

Baş nazirin dosyesini təqdim edirik:

2 sentyabr 1962-ci ildə Londonda çilingər alətləri istehsalı ilə məşğul olan Rodney Starmer və Cozefina Starmerin ailəsində anadan olub.  

O, Lids Universitetini  fərqlənmə diplomu ilə bitirib, sonra Oksford Universitetində hüquq təhsili alıb.

1987-ci ildə Vəkillər Kollegiyasına qəbul olunan Starmer, Helena Kennedy və Geoffrey Robertsonun rəhbərliyi altında insan hüquqları üzrə ixtisaslaşıb. 1990-cı ilə qədər “Azadlıq” hüquq müdafiə təşkilatında çalışıb, sonra “Doughty Street Chambers” vəkillik ofisində işləyib. Orada da insan hüquqlarının müdafiəsi ilə məşğul olub. Essex Universitetində İnsan Hüquqları Mərkəzinin əməkdaşı, Baş Polis Zabitləri Assosiasiyasının insan hüquqları üzrə müşaviri, Şimali İrlandiya Polisinin Nəzarət Şurasının insan hüquqları üzrə müşaviri kimi çalışıb. 2002-ci ildə Kraliçanın müşaviri təyin edilib.

Starmer 2008-2013-cü illərdə də insan hüquqları üzrə vəkil kimi çalışıb.

Seçki kampaniyası zamanı o, ailəsinin fəhlə sinfindən olduğuna diqqət çəkib və bu barədə çox danışıb.

Starmer 2020-ci ildən Leyboristlər Partiyasının lideridir. 2019-cu il dekabrın 12-də keçirilən seçkilərdə tarixi məğlubiyyətə uğrayan Leyboristlər Partiyasının o zamankı lideri Ceremi Korbin istefa verdikdən sonra “Sir” titulunu da daşıyan Starmer 56,2 faiz səslə partiya lideri olub.

Starmer Avropa işlərində də yaxından iştirak edib. O, 2016-2020-ci illərdə Korbinin “Brexit” sözçüsü vəzifəsində çalışıb.

O, Britaniyanın Avropa İttifaqında (Aİ) qalmasını dəstəkləyib və daha sonra hökuməti dəfələrlə daha təkmil çıxış strategiyası ilə çıxış etməyə sövq edib, hətta bu məsələ ilə bağlı yeni referendum keçirib.

Starmer Boris Consonun rəhbərliyi altında imzalanan “Brexit” sazişini təkmilləşdirmək istədiyini bildirib.

Starmer 2007-ci ildə Viktoriya Alexander adlı xanımla evlənib. Onun əvvəllər hüquqşünas olan həyat yoldaşı indi Milli Səhiyyə Xidmətində işləyir. Cütlüyün iki övladı analarının yəhudi inancına uyğun böyüyür.

Starmer Şimali Londonun həvəskar komandası “Homerton Academicals”da futbol oynayıb və Premyer Liqa komandası olan “Arsenal”ı dəstəkləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15