Bazar ertəsi, 17 İyun

Baydendən sensasion SSRİ xəbərdarlığı - mesajın pərdəarxası

image

Siyasi şərhçi: “Aydın məsələdir ki, bu perspektiv Cənubi Qafqaza da aiddir”

“Rusiya prezidenti Putin SSRİ-ni bərpa etmək istəyir və Ukraynadan sonra Moskva qalan qonşularını təhdid edəcək”. 

Bu barədə ABŞ prezidenti Co Bayden “Time” nəşrinə müsahibəsində bildirib.

“Sözlərimi yadda saxlayın: əgər biz nə vaxtsa Ukraynanın çökməsinə icazə versək, Polşanın yoxa çıxdığını görəcəksiniz”, - siyasətçi xəbərdarlıq edib. 

“Bəs Ukraynada sülh necə olmalıdır” sualına cavabında Bayden Rusiyanın qələbəsinin yolverilməz olduğunu qeyd edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar NATO üzvlüyündən asılı olmayaraq ölkələri dəstəkləyir, lakin Kiyevə kömək etməsə, alyansın özü Rusiya ilə müharibəyə doğru “sürüşkən yola” düşəcək. 

“Rusiya Ukraynanı heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt işğal edə bilməyəcək. Sülh bu cür görünür. Bu o demək deyil ki, Ukrayna NATO-nun tərkib hissəsidir. Bu o deməkdir ki, özlərini müdafiə edə bilmələri üçün silah tədarük etdiyimiz digər ölkələr kimi, bu ölkələrlə də eyni münasibətdəyik ki, gələcəkdə özlərini müdafiə edə bilsinlər”, - Bayden fikrini tamamlayıb.

Məlumdur ki, vaxtaşırı Rusiyadakı hakim partiya üzvü olan bəzi tanınmış yetkililər (Zatulin, Tolstoy və s.) postsovet ölkələrinin, özəlliklə Qazaxıstanın suverenliyini şübhə altına alan bəyanatlar verirlər. Ukraynanın başına gətirilənlər də ortada. Hərçənd iyunun 5-də Sank-Peterburqdakı çıxışı zamanı prezident Vladimir Putin Rusiyanın heç bir imperiya ambisiyasının olmadığını iddia edib.  

Bütün hallarda ABŞ prezidenti öz xəbərdarlığında nə dərəcədə haqlı və səmimidir? Putin gerçəkdən SSRİ-ni hansısa şəkildə bərpa etməyimi hədəfləyib? Bu Vaşinqtonun Moskva ilə bir informasiya savaşıdır, ehtimallara əsaslanan xəbərdarlıqdır, yoxsa təhlillərə söykənən SOS siqnalı? Ukraynada hədələrinə çatan Moskvanın konkret Güney Qafqaza, Azərbaycana yönəlik siyasətində hansı dəyişikliklər ola bilər? 

Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, ABŞ-la Rusiya arasında birbaşa olmasa da hibrid müharibə getdiyinə görə hər iki tərəfin bəyanatlarında qorxu, şantaj, çəkindirmə elementləri güclüdür. İstər Vladimir Putinin, istərsə də Co Baydenin bəyanatlarında qarşı tərəfi çəkindirmək, qorxutmaq, şantaj etmək əlamətləri sözsüz ki, mövcuddur. Ancaq bu gün xüsusilə də ABŞ-ın bəzi müstəqil ölkələri Rusiya tərəfindən gözləyən işğal təhlükəsi ilə bağlı xəbərdarlıq etməsinin özündə müəyyən qəribəlik var: “Bu qəribəlik ondan ibarətdir ki, əgər Bayden özünü dünyanın super dövlətinin başçısı kimi aparırsa və müxtəlif kiçik, öz iradəsinə uyğun siyasət aparan ölkələri başqa ölkələrin, birinci növbədə Rusiyanın təcavüzündən qorumaq missiyasını öz üzərinə götürürsə, bu missiyanı sona qədər qüsursuz şəkildə aparmalıdır. Elə bu gün Ukraynanın timsalında Co Bayden özündən və dövlətindən asılı olan hər şeyi etməli idi ki, Ukrayna qalib gəlsin və Ukraynadan sonra isə digər ölkələrin Rusiya tərəfindən işğal təhlükəsi mövcud olmasın. Amma əlbəttə əgər Ukrayna-Rusiya müharibəsi Rusiyanın qələbəsi ilə bitərsə, təbii ki, Rusiya indi dayandığı yerdə durmayacaq. Xüsusilə də Ukrayna ilə müharibənin ən qızğın vaxtlarından sonuna qədər Rusiyanın əleyhinə mövqe tutmuş dövlətlərlə bağlı Moskva bu və ya digər dərəcədə qisas siyasəti apara bilər. Ukraynada Rusiya qalib gəlsə bu gün Ukrayna müharibəsində Rusiyanın tərəfində durmayanlardan Rusiya aydın məsələdir ki, qisas almağa çalışacaq. Ona görə də ABŞ prezidentinin bu xəbərdarlığı birinci növbədə Rusiya təcavüzünün potensial qurbanları olan ölkələrə aid deyil, bu, birinci növbədə Baydenin özünün nəticə çıxarmalı olduğu ciddi bir mesajdır ki, ABŞ Rusiya ilə müharibədə Amerikanın tərəfində dayanmış ölkələri sonuna qədər müdafiə eləməyi bacarmalıdır”.

A.Quliyevin sözlərinə görə, Baydenin bu bəyanatında əlbəttə müəyyən ciddi əsaslar var. Çünki heç kim dana bilməz ki, Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə bitəcəyi təqdirdə təbii ki, Rusiyanın aqressiyası yarı yolda dayanmayacaq. Xüsusilə də Ukrayna müharibəsində Rusiyanın əleyhinə bu və ya digər formada fəaliyyət göstərmiş ölkələr Rusiyanın qarşısında hesabat verməli olacaqlar: “Aydın məsələdir ki, bu perspektiv Cənubi Qafqaza da aiddir. Amma Cənubi Qafqazda nəzərə alsaq ki, tək Azərbaycan dövləti Ukrayna-Rusiya müharibəsində  beynəlxalq hüquq normalarına söykənən tam bitərəf, ədalətli və şəffaf siyasət aparıb, belə şəraitdə Ukrayna-Rusiya müharibəsinin hansı nəticə verməyindən asılı olmayaraq Azərbaycan üçün perspektivdə hər hansı təhlükə gözlənilmir. Amma açıq deyək ki, Ermənistan üçün bunu söyləmək mümkün deyil. Bu baxımdan Ermənistan üçün dediyimiz perspektiv mövcuddur. Əgər Bayden özü Rusiya ilə müharibədə onun tərəfini saxlamış onun siyasətinə dəstək vermiş ölkələri sona qədər real dəstəkləməyəcəksə, əlbəttə Rusiya da bacardığını edəcək. Ona görə də gələcəyin dəqiq necə olacağı barədə qəti proqnoz vermək çətindir”.   

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33
image

Lavrov Donbasa səfər edəcək

  • 12.06.2024 - 19:22
image

Bu rayonda qaz olmayacaq

  • 12.06.2024 - 15:49