Çərşənbə axşamı, 18 İyun

Bu qruplar üzrə imtahan nəticələri elan OLUNDU

image

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, iştirakçılar imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48978 abituriyentdən (II qrup üzrə 23874 nəfər, III qrup üzrə 25104 nəfər) 1994 nəfər (II qrup üzrə 1259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28