Bazar, 28 Aprel

“Paşinyan bu gün Rusiyaya güvənmir” - Şərh

image

Azərbaycan prezidenti dəfələrlə münaqişənin bitdiyini və Ermənistanla sülh sazişinə hazır olduğunu deyib. Bu günlərdə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan da eyni fikirləri səsləndirib.

İyulun 22-də Ermənistanda Baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu deyib. Ermənistan mediasinin yazdığına görə, O, hökumətin iclasında bildirib ki, sülh və sabitliyin alternativi yoxdur :

"Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır".

Bir müddət əvvəl isə N.Paşinyan hökumətin iclasında Azərbaycanı aqressivlikdə ittiham etmişdi. O, bildirmişdi ki, Azərbaycan hökuməti regional kommunikasiyaları açmaq istəmir və Ermənistanı blokadada saxlamaq niyyətindədir.

Öz növbəsində Azərbaycan Prezident İlham Əliyev də dəfələrlə ölkəsinin Ermənistanla sülh müqaviləsinin inzalanması prosesini başlamağa hazır olduğunu bildirmişdi. Ancaq onun sözlərinə görə, Ermənistandan buna rəsmi reaksiya verilməyib."Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil.",deyə o vurğulamışdı.

Bəs görək, Azərbaycandakı təhlilçilər necə hesab edirlər, bundan sonra bu iki ölkə arasında sülh sazişi imzalanacaqmı? Hansı şərtlərlə bu reallaşa bilər?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlıya görə, Ermənistan da başa düşür ki, sülhə alternativi yoxdur:

"Gec-tez iki qonşu respublika və yüz illər ərzində yanaşı yaşayan xalq arasında sülh olmalıdır. Bütün müharibələrin sonu sülhdür və onun alternativi yoxdur. Sülh olacaq".

Deputat qeyd edib ki, Ermənistanda radikal qüvvələr var və onlar məğlubiyyətlə barışmaq istəmir: "Seçki dövründə (Bu ilin iyununda Ermənistanda parlament seçkiləri oldu ) onların səsini qazanmaq üçün N.Paşinyan müəyyən populist çıxışları edirdi. Belə çıxışlar ola bilər, amma N.Paşinyan öz dövlətinin imkanlarını bilir, beynəlxalq vəziyyət, Avropa Birliyinin, Rusiyanın mövqeyi də göz qabağındadır. N.Paşinyan da ölkənin gələcəyini fikirləşir və onun başqa cür danışmağa imkanı yoxdur".

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Nikol Paşinyanın ritorikasının dəyişməsinin bir neçə səbəbi var: "Birincisi səbəb odur ki, Ermənistan müharibədə məğlub olub. Digər tərəfdən onun iqtisadi, insan resursları da məhduddur. Onun bu gün sülhdən başqa çıxış yolu yoxdur. Yəni, bu yolu seçməyə məcburdur".

Onun sözlərinə görə, N. Paşinyanın xarici siyasəti hələ ki, bəlli deyil: "Biz diqqətlə baxsaq görərik ki, bölgədə söz sahibi olan Rusiyanın Azərbaycana marağı daha çoxdur nəyinki Ermənistana. Mən əsla demirəm ki, bu Azərbaycan üçün yaxşı əlamətdir, amma hər bir halda reallıq budur. Ona görə də N.Paşinyan bu gün Rusiyaya güvənmir".

Ekspertin fikrincə, üçüncü səbəb odur ki, N.Paşinyanın "sülhə alternativi yoxdur" deməklə çalışır Azərbaycan-Ermənistan sərhədində sülhməramlılarının yerləşdirilməsinə nail olsun: "Bu işə Fransa maraq göstərir və Fransa bölgədə peyda olduğu halda O, N. Paşinyanı həm Rusiyadan qoruya bilər, həm də zərurət yarandıqda Azərbaycandan da".

Onun qənaətincə Nikol Paşinyan hərb variantını da istisna etmir. Ə.Oruclu qeyd edib ki, Azərbaycan-Ermənistan arasında yaxın zamanlarda sülh mümkün olmayacaq: "Çünki mübahisəli ərazi qalmaqdadır. Ermənistan Qarabağa iddiasından əsla imtina etməyib. Azərbaycan da öz ərazi bütövlüyü məsələsində güzəştə gedəsi deyil".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39