Şənbə, 27 Aprel

Yenə 9-cu bənd müəmması - üçtərəfli sənədin sonu?

image

Ermənistanın baş naziri üçtərəfli bəyannamənin sonuncu öhdəliyini icra etməmək üçün cəhdlər edir; məqsəd Rusiyanı regiondan çıxartmaqdır, yoxsa...- ilginc təhlillər

Rəsmi İrəvan müxtəlif uğursuz manevrlər etməklə Azərbaycanla sülh sazişi imzalamaqdan, üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır. Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Gürcüstanda keçirilən “İpək Yolu” adlı tədbirdə çıxışı zamanı kommunikasiyaların açılmasına hazır olduqlarını bildirmişdi. Amma bu, sadəcə, söz olaraq qalmaqdadır...

Paşinyan həmin çıxışı zamanı Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun Ermənistanın nəzarəti və qanunları ilə işləyəcəyini, habelə onun təhlükəsizliyini də İrəvanın təşkil edəcəyini vurğulayıb. Baş nazir bildirib ki, yolların mühafizəsi və təhlükəsizliyi üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti yanında xüsusi şöbə yaradılacaq. Onların dəstəyi və iştirakı ilə sözügedən yolun təhlükəsizliyi təmin ediləcək.

10 noyabr bəyanatının 9-cu, sonuncu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur. Bu bənddə ikinci cümlə Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təşkilindən və Ermənistanın hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanətindən bəhs edir. Erməni rəsmilər dəfələrlə deyiblər ki, nə Azərbaycan, nə də Türkiyə tərəfi Mehri vasitəsilə Ermənistanın yurisdiksiyasından kənarda olacaq “ayrı” dəhliz almayacaqlar. Bu məsələ Rusiyanın iştirakı ilə keçirilən üçtərəfli işçi qrupunda da müzakirə olunub. Rusiya erməni tərəfinin “dəhliz” iddiasını qəbul etsə də, heç vaxt yolların mühafizəsi və təhlükəsizliyinin Ermənistan tərəfinin icra edəcəyini deməyib. “Hraparak” qəzeti də məhz bu səbəbdən Paşinyanın bu açıqlamasını “10 noyabr razılaşmasının 9-cu bəndindən imtina edilməsi” kimi qiymətləndirib. Qəzet yazır ki, 10 noyabr razılaşmasının 9-cu bəndində Azərbaycanın əsas hissəsindən Naxçıvana yol açılması, onun təhlükəsizliyini isə Rusiya FTX-si qorumalıdır qeyd edilib. “Paşinyan isə bildirir ki, həmin yolu Ermənistan MTX-sı qoruyacaq. Bu, o deməkdir ki, baş nazir 10 noyabr razılaşmasının 9-cu bəndindən çıxdığını bəyan və onu ləğv edib”.

Qeyd edək ki, Ermənistan bu günə qədər Azərbaycan ərazilərinin işğalına da tam şəkildə son qoymayıb. Üçtərəfli anlaşmadan 3 il keçsə də, Qazağın 7, Sədərəyin 1 kəndi indiyədək azad edilməyib və hələ də Paşinyan söz oyunu ilə məşğuldur. Eyni zamanda baş nazirin Zəngəzur dəhlizi ətrafında da manipulyasiyalara yol verməsi əlavə gərginlik yarada bilər.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov açıqlamasında bildirdi ki, Nikol Paşinyan bu barədə dəfələrlə eyni fikirləri təkrar etməklə məşğuldur: “Ermənistan tərəfi üçtərəfli bəyanatın 4-cü bəndinin birinci hissəsinə də əməl etmədi və nəticədə Azərbaycan bu bəndin tələbini özü birtərəfli qaydada təmin etməli oldu. Əslində Zəngəzur dəhlizi boyunca təhlükəsiziliyin kim tərəfindən təmin olunması, fikrimcə, Azərbaycan üçün prinsipial məsələ deyil. Bu, Rusiya ilə Ermənistanın problemidir. Bizə lazım olan odur ki, dəhlizboyu təhlükəsizlik real olaraq təmin olunsun. Dəhlizboyu Azərbaycanın nəqliyyat vasitələrinin, yüklərin maneəsiz və təhlükəsiz gediş-gəlişinə Ermənistan milli təhlükəsizlik qüvvələri tam təminat verə biləcəkmi? Hər hansı provokasiyanın, sanksiyalaşdırılmamış basqınların, yolların dağıdılması hallarının olmayacağına Ermənistan tam təminat verə biləcəkmi? Bu, ciddi məsələdir”.

S.Məmmədov xatırlatdı ki, hələ Sovet İttifaqının mövcud olduğu vaxtda həmin ərazidə Azərbaycandan gedən sərnişin qatarlarının daşa basılması və digər kiçik provokasiyalar olurdu: “İndiki şəraitdə Ermənistan tam təhlükəsizliyi təmin edəcəyinə inanmaq olmur. Bununla belə, qeyd etdiyim kimi, ən prinsipial məsələ Zəngəzur dəhlizinin üçtərəfli müqavilədə əks olunduğu kimi, "vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilidir". Paşinyanın yayınmaq istədiyi də məhz budur. STM icraçı direktorunun sözlərinə görə, bəyanatın bu hissəsinin mənası odur ki, Azərbaycana məxsus nəqliyyat vasitələri, yüklər, sərnişinlər hər iki istiqamətdən Ermənistan ərazisinə sərhəd və gömrük yoxlaması olmadan daxil olur və çıxır: “Beynəlxalq praktikada belə nümunələr çoxdur. Bir dövlət öz əsas ərazisinə bağlı olmayan digər ərazisinə qonşu dövlətin ərazisindən keçməklə daxil olur və bu zaman yalnız kommunikasiya xərclərini ödəyir. Azərbaycanın də tələbi budur və bu tələb üçtərəfli bəyanatda razılaşdırılıb. Əgər Ermənistan bu şərtdən qaçırsa, o zaman dəhlizin əhəmiyyəti də itir. Azərbaycan İran ərazisindən keçməklə kommunikasiyanı bərpa edəcək. Dəfələrlə qeyd etdiyimiz kimi, bu halda uduzan tərəf Ermənistanın özü olacaq. Çünki üçtərəfli bəyanatın digər iki tərəfi, həm Azərbaycan, həm Rusiya bu yollardan istifadə edəcək, Ermənistan isə növbəti layihədən kənarda qalmaqla özünüizolyasıyanı davam etdirəcək”. O ki qaldı Ermənistan mediasının Paşinyanın bu açıqlamasının Ermənistanın üçtərəfli bəyanatın 9-cu bəndindən çıxması kimi şərh etməsinə, S.Məmmədov qeyd etdi ki, bu, hələ açıq qalan məsələdir: “Əslində üçtərəfli bəyanatın davamı kimi sülh müqaviləsi bağlanmalıdır. Həmin müqavilədə həmçinin belə məsələlər öz detallı həllini tapmalıdır. Bu qənaətdəyəm ki, nə vaxtsa Ermənistanda zəka qalib gələcək və onlar Azərbaycanla dinc şəraitdə yaşamağın alternativinin olmadığını qəbul edəcəklər. Bu halda Zəngəzur dəhlizi məsələsi də həllini tapmış olacaq”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Gürcüstanda keçirilən tədbirdə çıxışı həm daxildə, həm də kənarda çox aktiv müzakirə edilir: “Şəxsi düşüncəmə görə, Paşinyan açıq şəkildə kommunikasiyaların açılmasına hazır olduqlarını bildirməklə bir daha Rusiyaya eşitdirməyə çalışdı ki, yolu özləri qoruyacaqlar və bunun üçün lazım olan nədirsə, onu da etməyə hazırdırlar. Hesab edirəm ki, Paşinyan həmin çıxışı ilə bir daha son vaxtlar tutduğu yola sadiq olmasını nümayiş etdirdi və bu minvalla həm Qərblə, həm də Rusiya ilə oyunlarını davam etdirmək niyyətindədir”. Ü.Cəfərov bu qənaətdədir ki, bizim üçün isə əsas məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun tezliklə aşılması və fəaliyyət göstərməsidir: “O yola Ermənistanın nəzarət etməsi bir sıra faktorlara görə daha məqbul və qəbuledilən olardı. Beləliklə, bəzi həmkarlarımızın da nədənsə bir qədər fərqli formada guya Paşinyanın 10 noyabr bəyanatının 9-cu, sonuncu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsini nəzərdə tutan müddəadan imtinası ilə bağlı şərhləri də məncə, doğru yanaşma deyil. Sadəcə, erməni baş nazir yola özlərinin nəzarət etmək arzusunu açıq şəkildə dilə gətirir. Bu da başadüşüləndir. Nə olur-olsun, ən əsası Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanət verilməklə baş tutmasıdır ki, biz bunun reallaşmasını istəyirik”.

Hərbi ekspertin sözlərinə görə, Rusiyanın Paşinyanın bu fikirlərinə reaksiyası sözsüz ki, mənfi olacaq: “Artıq Rusiya KİV-ləri Paşinyana qarşı sərt çıxışlarını bir az da gücləndiriblər. Onlar da Paşinyanın bu açıqlamasını "10 noyabr razılaşmasının 9-cu bəndindən imtina edilməsi" kimi qiymətləndirmək istiqamətində geniş təbliğat aparırlar. Məncə, Paşinyan bəzi prosesləri gec də olsa, artıq anlamağa başlayıb və ona görə də Azərbaycanla və Türkiyə ilə münasibətləri qaydaya salmaq üçün bəzi pozitiv addımlar atmaq niyyətindədir".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Ermənistan addım-addım Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmağa çalışır: “Rəsmi İrəvan bu prosesi sürətləndirmək üçün müxtəlif təşəbbüslər edir. Bu mənada həm də 10 noyabr sazişindən imtina etmək istəyir. Son dövrlərdə Ermənistan rəhbərliyi Rusiyanın onların ümidlərini doğrultmadığı, təhlükəsizliyini təmin etmədiyinə dair fikirləri tez-tez təkrar edir. Bununla da üçtərəfli razılaşmaların əhəmiyyətini heçə endirmək istəyirlər. Əslində Rusiyanın regionda qalması 10 noyabr bəyanatı ilə şərtləndirilib. Ermənistan Qərbin sifarişi ilə Rusiyanı bu şərti "hüquqi baza"dan məhrum etmək niyyətini reallaşdırmağa çalışır. Ona görə də həmin sənədi bu şəkildə təftiş edir". Amma A.Nağı hesab edir ki, bu, üçtərəfli sənəd bir tərəfin istəyi ilə dəyişdirilə bilməz: “Buna Azərbaycan da razılıq verməlidir. Bu baxımdan, Paşinyan özünü dalana salıb. Azərbaycan üçün Rusiya və ya Ermənistan xüsusi xidmət orqanlarının həmin yola nəzarət edəcəyinin elə ciddi fərqi yoxdur. Azərbaycan bu yola eksterritorial status vermək niyyətindədir. Bunun üçün isə müəyyən mərhələdə orada Rusiyanın nəzarətinin olması bizim üçün daha sərfəlidir. Ruslar onsuz da regionu tərk edəcəklər və o vaxt yola nəzarəti Qərbin farvaterində gedən Ermənistandansa, Azərbaycanla Türkiyənin ixtiyarına buraxmaq daha maraqlı olacaq. Bu variant hadisələrin öz axarı ilə gedəcəyi zaman üçün uyğundur. Ermənistan başqa fikirlərə düşə, Azərbaycana dirsək göstərə bilər. O halda Azərbaycan yenidən gücün məntiqinə söykənə, Qarabağda baş verənləri Qərbi Zəngəzurda təkrar edə, Mehri yolunda hüquqlarını güclə bərpa edə bilər. Bu, mümkün, müəyyən şərtlər daxilində isə zəruri addıma çevrilə bilər”.

N.Paşinyan Rusiya hərbi bazasından xilas olmaq xəttini yürütsə də, Moskvadan gələn reaksiyalar bunu yaxın perspektiv üçün mümkünsüz edir. Elə son ayda Rusiyanın 102-ci hərbi bazasının şəxsi heyətinin iki dəfə hərbi təlimlərə çıxarılması da Kremlin İrəvana mesajıdır. Bu mənada Zəngəzur dəhlizinə nəzarətin Rusiyadan alınmasına tədarük görülməsi gülməli görünür. Görünür, Paşinyan unudub ki, Ermənistanın dəmir yolllarına nəzarəti Rusiya həyata keçirir...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39