Bazar ertəsi, 29 Aprel

“Vaksinlər sonsuzluq yaradır iddiası”, virusdan ölən hamilələr

image

COVİD-19 yenə tüğyan edir; infeksionist: “100 il öncəki vaksinasiya sonsuzluq yaratsaydı, indiki nəsil olmazdı...”

Koronavirusa yoluxma sayı yenə artan temp üzrə davam edir. Ölüm sayı da gündəlik 25-30 arasında dəyişir.  Peyvəndləmə prosesi davam etdirilsə də, hələ ki, gözlənilən nəticələr əldə edilmir.

Bu arada ölkədə 12 yaşdan yuxarı yeniyetmələrin peyvəndləmə prosesinin də ləng getdiyi deyilir. Bu faktorun yoluxma sayına təsiri nə dərəcədədir? Hələ də belə iddialar var ki, vaksinasiya yeniyetmələrdə gələcəkdə sonsuzluq yarada bilər. Belə bir narahatlığa əsas varmı?

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, koronavirus pandemiyası yeni qızılca pandemiyasının yayılmasına yol aça bilər. Səbəb kimi də pandemiya dövründə digər planlı peyvəndlərin ləngidilməsi və ya təxirə salınması, epidemioloji nəzarətin zəifləməsi, səhiyyənin daha çox COVID-19-la mübarizəyə yönəlməsi göstərilir. Azərbaycan uçun də belə təhlükə varmı?

Mövzu ilə bağlı tanınmış həkimlər danışıblar.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə bizimlə söhbətdə mövzuya belə şərh verib:“Ölkəmizdə ”Delta" ştammı yayılıb. “Delta plus” un yayılması haqqında məlumat yoxdur. “Delta” ştammı uşaqlarda xəstəliyin əmələ gəlməsinə səbəb olur. Xəstəlik kəskin şəkildə davam edir. Bununla belə, xəstəlik ağır gedişatlı olsa da, ölüm halları yüksək deyil. Uşaqlar arasında ölüm halı demək olar ki, təsadüf olunmur. Bu haqda rəsmi məlumat da yoxdur. Amma hansı uşaqda, anadangəlmə yanaşı xəstəliklər var, onlarda xəstəlik ağır ola bilər və ölüm halları müşahidə edilə bilər. Bunun üçün bütün dünya hazırda 12 yaşdan yuxarı uşaqların vaksinasiyası üçün çağırış edir, maarifləndirmə tədbirləri aparır. Vaksinasiya valideynlərin razılığı əsasında həyata keçirilir. Uşaqda hər hansı yanaşı xəstəlik varsa, bu mütləq olmalıdır".

Delta ştammı hansı xüsusiyyətlərə malikdir? - Vüqar Cavadzadə açıqlayır -  30.06.2021, Sputnik Azərbaycan

Vüqar Cavadzadə

İnfeksionist vaksinlərin gələcəkdə sonsuzluq yaratması məsələsinə də münasibət bildirib:“Vaksinasiyanın yüz il tarixi var. Yüz il bundan əvvəl aparılan vaksinasiya əgər sonsuzluq yaratsaydı, indiki nəsil dünyada olmazdı. Bunlar hamısı cəfəngiyatdır, doğru olmayan fikrilərdir”.

V.Cavadzadə qızılca epidemiyasının yayılması təhlükəsinə də fikir bildirib: “ÜST səlahiyyətliləri tamamilə bu fikirdə haqlıdır. Mən onu düzgün qiymətləndirirəm. İnsanların fikri, diqqəti koronovirusdan qorunmağa, müalicəsinə yönəldilib. Amma bir sıra uşaq infeksiyaları var ki, məsələn, qızılcanın vaksinasiyası demək olar ki, ləng aparılır. Bəzən heç aparılmır. Bu da növbəti dəfə qızılca epidemiyasına səbəb ola bilər. 5-6 il bundan əvvəl Rusiya, Ukraynada və bizim ölkəmizdə qızılca yayılmışdı. Qızılca da sürətlə yayılmaq xüsusiyyətinə malikdir. Uşaq infeksiyası olsa da, yaşlı insanlar arasında müşahidə edilə bilir, kim uşaq vaxtı keçirməyib, onlar arasında yayılma xüsusiyyətinə malikdir. Qızılca da ağırlaşmaya səbəb ola bilər. Pnevmoniya kimi ciddi ağırlaşma baş verə bilər. Burada da ölüm halları mümkündür. Bütün valideynlər COVİD-19-dan qorunmaqla yanaşı, uşaqlarını da qızılcaya görə də peyvənd etdirməlidirlər”.

İnfeksionist son günlər COVİD-19 səbəbindən hamilə qadınlar arasında ölüm hallarının artmasına da münasibət bildirib: “Hamilə qadınların COVİD 19-dan ölməsi yalnız bu günlərdə baş vermir. Pandemiya başlayan vaxtlarda da hamilə qadınlar arasında bu kimi hallar baş verirdi. Amma son vaxtlar daha çox diqqəti cəlb edir. Hamilələr də risk qrupuna daxildir, onlar xəstəliyi ağır keçirə bilir. Çox təəssüf ki, qadınların böyük hissəsi fikirləşir ki, bu adi qripdir və ciddi yanaşmırlar, müxtəlif dərmanlar qəbul edirlər. Mütəxəssisə yox, digər peşə sahiblərinə müraciət edirlər. Qadın özü və hamiləlik ciddi ağırlaşmaya gətirib çıxarır. Sonda da ölüm halları ilə nəticələnir”.

Bu arada, ABŞ Prezidenti Co Bayden bəyan edib ki, onun ölkəsi “Pfizer” şirkətindən COVID-19-a qarşı hələ təsdiq edilməmiş 10 milyon tablet almağa razılıq verib. Bu məhsulun göndərilməsi cari ilin sonunda başlanacaq və 2027-ci ildə başa çatacaq. Bayden administrasiyası Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi və Xəstəliklərə Nəzarət və onların Profilaktikası mərkəzləri tərəfindən bəyənilmiş bütün müalicə metodlarının əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görür.

Nilufər Məmmədova: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq”

Nilufər Məmmədova

Pfizer şirkətinin saytında dərc edilmiş məlumatda bildirilir ki, ABŞ hökuməti bu tabletlərin müqabilində təqribən 5,29 milyard dollar ödəyəcək. Mövzu ilə bağlı Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova “Yeni Müsavat” a fikirlərini açıqlayıb: “Yeniyetmələrin vaksinasiya prosesinə cəlb olunması birmənalı qarşılanmadı. Həmçinin hamilələrin də vaksinasiya prosesinə cəlb olunması zamanı eyni problemlərlə rastlaşdıq. Artıq yeniyetmələr arasında təklif olunan ”Pfizer" vaksininin bütün dünyada istifadəsi beş yaşa qədər endirilib. Bu o deməkdir ki, yalnız on iki yaşdan yuxarı yeniyetmələr deyil, hətta beş yaşından yuxarı uşaqlar üçün bu vaksinin tam təhlükəsiz olduğu yoxlanılıb və bu qərar verilib. Yəni artıq uşaqlar arasında istifadəyə uyğun hesab edilir. Kifayət qədər tədqiqatlar aparılıb və yan təsirləri, əks göstərişləri nəzərə alınaraq vaksininin uşaqlara tətbiq olunması prosesinə başlanılıb".

İnfeksionist COVİD-19-a qarşı peyvəndlərin sonsuzluq yaratması iddiasına da fikir bildirib: “Vaksinin tərkibinə baxdıqda sonsuzluq yarada bilən hər hansı komponentin olmadığını hər kəs müşahidə edə bilər. Təbii ki, sonsuzluq uzaq məsafəni göstərir, yayılan şayiələr insanlar arasında bu fikrə səbəb olub. Bu nəinki yeniyetmələrdə hətta ilk etaplarda gənclər arasında da yeni ailə quranlar arasında da vaksinasiya prosesindən yayınmalar görülürdü ki, buna da səbəb kimi vaksinin sonsuzluq yaratması göstərilirdi. Ancaq tədqiqatların nəticələri göstərir ki, vaksin olunub, hamilə olanlar var. Hətta hamilələr arasında da vaksin olunanlar var. Tam normal şəkildə uşaq dünyaya gətirən insanlar da mövcuddur”.

İnfeksionist qızılcanın yayılması təhlükəsindən də danışıb: “Bütün dünyada COVİD -19-un yayıldığı ilk dönəmlərdə digər peyvəndlərin tətbiqi təxirə salındı. Bir müddət sonra pandemiyanın hələ də uzun davam etdiyini görüb, digər vaksinlərin tətbiqini yenidən önəmli saydılar. Azərbaycanda və dünyada planlı vaksinlərin təkrar istifadəsi davam edir. Bəzi ölkələr var ki,  burada vaksinlərlə bağlı hələ də gecikmələr olduğu üçün müəyyən xəstəliklərin  ”alovlanmasını" görə bilərik. Təbii ki, biz də əhalini çağırırıq ki, pandemiya dövründə planlı olan vaksinlərdən yayınmalar olubsa, yubatmadan peyvənd təqvimi cədvəlinə uyğun olaraq öz sahə poliklinikalarında vaksinasiya  prosesinə qoşulsunlar. Bunun digər infeksion xəstəliklərin epidemiyasının qarşısını almaqda çox böyük rolu var".

Qeyd edək ki, son sutkada koronavirus (COVID-19) əleyhinə 35 699 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 201 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 038 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 505 772, buster doza üzrə vaksinasiya olunanların sayı isə 657 536 təşkil edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55