Bazar ertəsi, 29 Aprel

Qarabağda və sərhəddə hücumların sensasion hədəfi...

image

Son bir həftədə - Azərbaycanın Zəfər Günü ərəfəsindən Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsindəki qanunsuz erməni silahlı qruplaşmalarının daxildə, Ermənistan ordusunun isə sərhəddə başlayan təxribatları ara vermir.

Hər şey isə 7 noyabrda Ermənistan müdafiə naziri Arşak Karapetyanın (bu dəqiqələrdə onun artıq istefaya göndərildiyi xəbəri yayıldı) Laçın dəhlizindən istifadə etməklə Xankəndiyə gəlməsi və burada qanunsuz erməni hərbi birliklərində və Azərbaycan Ordusu ilə üzbəüzdəki rus sülhməramlılarının böyrünə yerləşdirilən erməni postlarında olması, “mövqelərə” baxış keçirməsi və erməni əsgərlərə medal paylaması ilə başladı.

Karapetyanın səfərindən bircə gün sonra Zəfər Günü mərasimləri keçirilən Şuşa yaxınlığına 4 erməni diversantı “su borusu düzəltmək” adı ilə yaxınlaşdı. Ordumuz bu təxribatın qarşısını dərhal aldı – 1 erməni diversant məhv edildi, 3-ü isə yaralandı.

Erməni tərəfi guya bu şəxslərin “mülki əhali”, “boru düzəldən çilingər” olduğu haqda çığır-bağır salmağa cəhd göstərsə də, qısa müddətdə səs-küy yatdı: bu fakta görə hətta rus sülhməramlılarına müraciət edilmədi, ruslar hadisə yerində araşdırma belə aparmadılar. Hazırda erməni mediasında sanki belə bir olayın baş vermədiyi təəssüratı yaranır – bir cümlə xəbər belə yoxdur bu haqda.

Səbəb təbii ki, həmin şəxslərin diversant olmasını sübut edən təkzibedilməz faktlardır.

Ermənilər bu təxribatın qarşısının alınmasının dərhal ardından sərhəddə hərəkətlənməyə başladılar. 9 noyabrda Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərinə yerləşib, metal konstruksiyalı səbətlərlə Ordumuzun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlamağa cəhd etdilər.

Ordumuz dərhal əməliyyata başladı və 60 erməni hərbçi mühasirəyə alındı. Rus sülhməramlılarının xahişindən sonra Azərbaycan Ordusu əlavə tədbirlər görmədi və erməni qüvvələri geri çəkildilər.

12 noyabrda Şuşa yaxınlığındakı posta erməni terrorçu Noyayr Mirzoyan qumbara atdı, 3 hərbçimiz yaralandı, rus sülhməramlıları isə terrorçunu tutub “Xankəndiyə” təhvil verdilər. Xankəndidə kimə, hansı quruma? Tanınmamış, heç bir hüquqi-siyasi statusu olmayan qondarma qurumun qondarma istintaqı Mirzoyanı hansı hüquqi əsasla mühakimə edə bilər? Ümumiyyətlə, Mirzoyan mühakimə olunacaqmı?

Qətiyyən! Terrorçu Mirzoyanın Xankəndidə bəsləndiyi, yetişdirildiyi, bu teraktı həyata keçirməyə təşviq edildiyi və qorunmasına da zəmanət verildiyi ortadadır. Rus sülhməramlılarının terrorçunu “Xankəndiyə təhvil verməsi” isə bu teraktın əvvəlcədən rus sülhməramlıları ilə də razılaşdırıldığı ehtimalına yol açır. Diqqət edin: rus və azərbaycanlı hərbçilərin olduğu posta atılan qumbara zamanı yaralananlar azərbaycanlı hərbçiləridir, ruslar deyil!

13 noyabrda Basarkeçərdən Kəlbəcər istiqamətində erməni təxribatı baş verdi və həmin gün axşam saatlarından 14-ü səhərə qədər atışma davam etdi.

14 noyabrda ermənilər Laçın istiqamətində irəliləyərək, post qurdu və ərazini nəzarət altına almağa çalışdı – Ordumuz dərhal müdaxilə edib, erməni birliklərini geri çəkilməyə məcbur etdi.

Bu gün də yenidən Kəlbəcər istiqamətində ermənilərin növbəti təxribatı baş verib, iki “Kamaz” güllə yağışına tutulub və texnikalar zədələnib.

“Nə baş verir” sualı əlbəttə, aktuallaşır.

Azərbaycan öz tədbirlərini görür: 11 noyabrdan Gorus-Qafan yolunun Urud-Şahverdilər (Vorotan) yaxınlığında bir müddət öncə qurulan postumuzda gömrük və sərhəd xidməti fəaliyyətə başladı. Erməni təxribatı artandan dərhal sonra isə nəzarətimizdə olan Gorus-Qafan yolunun Çakaten kəndi yaxınlığındakı hissəsində 15 noyabrdan gömrük xidmətinin tətbiqinə başlanılıb.

Ermənilərin yazdığına görə, hazırda həmin istiqamətdə texnikalar işləyir, 100-dən çox “maskalı” əsgərimiz isə təhlükəsizliyi təmin edir.

Bütün təxribatların cavabı ən sərt şəkildə verilir; hansı istiqamətdən erməni birliklərinin mövqe qazanma cəhdi olursa, Ordumuz postlarına qədər ələ keçirib, erməni əsgərlərini qovur. Hələlik, rus sülhməramlılarının xahişi ilə zərərsizləşdirmə yoxdur, ancaq hər an məhvetmə də həyata keçirilə bilər.

Bütün təxribatlarda uduzan erməni tərəfidir: hər təxribatın cavabı Azərbaycanın daha bir post qurması, suverenliyini tətbiq etməsi ilə nəticələnir.

Bəs, bu təxribatlar niyə davam edir?

Ən ciddi ehtimallardan biri Fransa XİN rəhbərinin vasitəçiliyi ilə Parisdə keçirilən Bayramov-Mirzoyan görüşüdür. Həmin görüşlə bağlı Azərbaycan XİN-in verdiyi məlumatda qeyd edilir ki, Bayramov postmünaqişə dövründən danışıb, münaqişənin artıq bitdiyini elan edib.

ATƏT-in Minsk Qrupunun üzvləri ilə görüşdə də Azərbaycan qəti mövqeyini ortaya qoyub: regiona səfər ediləcəksə, yeni reallığa uyğun təkliflərlə gəlməlidirlər.

Lavrov-Drian görüşmələri, müzakirələri və Rusiyanın MQ-nin fəaliyyətinə loyal münasibəti (hər halda, siyasi leksikonda) ortadadır. Azərbaycan MQ-nin münaqişəni nizamlamaq üçün təşəbbüs göstərməsini qətiyyətlə rədd edir; 9 noyabrda Moskvada ( ya da Soçidə) baş tutması gözlənilən görüşdən də Azərbaycan rəhbərinin imtina etdiyi iddiası var – səbəb isə odur ki, Paşinyan sərhədlərin demarkasiya və delimitasiyası, o cümlədən kommunikasiyaların (Zəngəzur dəhlizi də daxil olmaqla) açılması barədə saziş imzalamağa hazır deyil. Bakı “görüş naminə görüşdən” birmənalı imtina edir, nəticəli görüş isə tələbimizdir!

Moskva (Soçi) görüşünün əvəzinə Paris görüşü, MQ həmsədrlərinin dövriyyəyə girmək çabaları fonunda Qarabağdakı qanunsuz hərbi birləşmələrin terror fəaliyyətinə cəhd etməsi və sərhəddəki təxribatların məqsədini təxmin etmək olar: Ermənistanı qızışdırıb, bu təxribatlara çəkən MQ həmsədrləri və Qərb tərəfdaşlarıdır. Məqsəd regionda münaqişənin birmədiyi, sərhəddə vaxtaşırı insidentlərin olduğunu nümayiş etdirmək, “vasitəçiyə” ehtiyac olduğu görüntüsünü yaratmaq və bölgəyə “ciddi danışıqlar üçün” gəlməkdir. MQ regiona gələrsə, “Qarabağ danışıqlarını” bərpa etməyə çalışacaq, “münaqişə davam edəcək” və təbii ki, daha 30 il “dondurulacaq”.

Ermənistana və Qərbə bu lazımdır. Təəssüf ki, regional ölkələrdən Rusiya və İran da bunda maraqlıdır: Rusiya nəzarətindən çıxmaması şərtilə münaqişənin hazırkı səviyyədə dondurulmasına çalışır, İranın mövqeyi isə hər kəsə bəllidir.

İndi sərhəddə və Qarabağın rus sülhməramlılarının yerləşdiyi ərazidə “qısa toqquşmalar” danışıqlarda tərəflərin sayının çoxalmasına edilən cəhdlərdir. Azərbaycan Ordusu indiyə qədər buna imkan verməyib, əksinə, Bakı-Moskva-İrəvan masasına soxulmaq istəyənlərin ümidini tam puça çıxarıb - yalnız Şuşa yaxınlığındakı postda terror aktına cəhd edən Mirzoyan olayı istisna olmaqla.

N.Mirzoyan mütləq zərərsizləşdirilməli və yaxud Azərbaycana təhvil verilməlidir – gələcək teraktların qarşısını almaq və Bakının bütün təxribatların qarşısında daha bir addım irəli getdiyini sübut etmək üçün!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55