Bazar ertəsi, 29 Aprel

Ermənistan ABŞ və Fransaya qarşı – İrəvan ən sadiq müttəfiqlərindən niyə narazıdır?

image

Sərhəd gərginliyində Paşinyanın hər iki ölkədən yardım istəməsinin cavabsız qalması erməni cəmiyyətini incidib, amma...  

Təcavüzkar Ermənistan havadarları sayılan Amerika və Fransadan “küsüb”. Yada salaq ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşanan dönəmdə rəsmi İrəvan ATƏT-in iki həmsədr ölkəsinə - ABŞ və Fransaya gərginlik bölgəsinə hərbi kontingent göndərməklə bağlı çağırış etmişdi. Baş nazir Nikol Paşinyan isə bu istəyi bir neçə dəfə açıq dilə gətirmişdi. Amma hər iki ölkə bu çağırışları reaksiyasız qoydu ki, bunu erməni cəmiyyəti unutmayıb.

Son olaraq, “Armnews” telekanalının şərhçisi David Sərkisyan “Ermənistanın səsi” nəşrindəki məqaləsində bu narazılıq barədə yazıb.  “Türkiyə dönməz şəkildə Rusiyanın  Cənubi Qafqazdakı təsir zonasına və ya Qərbdə deyildiyi kimi, məsuliyyət zonasına  soxulub... Bu gün obyektiv reallıq ondan ibarətdir ki, Ermənistanla sərhəddə hərbi qüvvələrini və Qarabağda sülhməramlı qüvvələrini yerləşdirən Rusiyadan başqa istənilən digər ölkə, o cümlədən ATƏT-in Minsk Qrupunun digər iki həmsədri (ABŞ və Fransa) Ermənistan-Azərbaycan sərhədində və ya Qarabağda qoşun yerləşdirməyə tamamilə hazır deyil. Əks halda, təxminən 6 ay əvvəl Nikol Paşinyan tərəfindən  səslənən gəlib sərhədimizdə dayanmaq çağırışına,  bir dənə də olsun, cavab verilərdi”- D.Sərkisyan məqaləsində yazıb.

Ermənistanın bu çağırışda əsas məqsədi böyük dövlətlərin qarşıdurmasını yaratmaq idi. Vaşinqton və Paris bunu risk etmədi... Başqa bir səbəb Rusiyanın nüfuz dairəsinə müdaxilə etməyin yarada biləcəyi fəsadlar idi. Niyə erməni mövqeyini birmənalı müdafiə edən ABŞ və Fransa bu çağırışlara reaksiya vermədi? Ermənistan ən sadiq müttəfiqlərindən üz döndərirmi?

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Fransanın Ermənistandan narazı qaldığını söylədi: “Fransa İkinci Qarabağ müharibəsi zamanı çox fəal idi. Bu ölkənin prezidenti Emmanuel Makron Ermənistanı qətiyyətlə müdafiə edirdi. O deyirdi ki, Azərbaycan tərəfdə Suriyadan gətirilmiş terrorçular iştirak edir. Makron onu da deyirdi ki, Qarabağa suriyalı terrorçuları Türkiyə gətirib.

Makronun bu mövqeyi Azərbaycanda böyük narazılıq doğurdu. Makronun bu açıqlamaları Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir etdi. Halbuki prezident olana qədər Azərbaycanla Fransa arasındakı münasibətlər xeyli inkişaf etmişdi. Görünür, Makronun müşavirləri Azərbaycanın Fransa üçün əhəmiyyətini ona izah etdilər. Çünki Makron hazırda Azərbaycan əleyhinə açıqlama vermir. O, Ermənistan hakimiyyətinin siyasətindən də narazı qaldı. Çünki ümid edirdi ki, müharibədə məğlub olan Ermənistan Fransadan dəstək istəyəcək. Ermənistan isə Rusiyaya bağlı ölkədir.

Rəsmi İrəvanın Fransa ilə hərbi əməkdaşlığı və ya Fransadan hərbi dəstək istəməsi Kremlin xoşuna gəlməyəcəkdi. Ona görə də Fransanın Ermənistana real dəstəyi olmadı. Fransadan fərqli olaraq ABŞ  Qarabağ müharibəsi zamanı hadisələrə müdaxilə etmədi. Sadəcə, Amerikadakı ermənipərəst konqresmenlər Azərbaycan əleyhinə açıqlamalar verdilər. Ancaq nə Konqres, nə Ağ Ev, nə də Dövlət Departamenti Azərbaycana ərazilərini azad etməyə mane ola bildi. Bu baxımdan Ermənistan siyasi elitasının və cəmiyyətinin də Amerikaya olan ümidləri özünü doğrultmadı. Rusiya ilə yanaşı, ABŞ və Fransa da Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda möhkəmlənməsini qəbul etmək məcburiyyətində qaldılar.

Təsadüfi deyildi ki, ”G-20“nin Romada keçirilən son toplantısında həm ABŞ prezidenti Co Bayden, həm də Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarları Rəcəb Tayyib Ərdoğanla görüşüb Cənubi Qafqazdakı durumu onunla müzakirə etdilər. Ərdoğan hər ikisinə dedi ki, Türkiyə Rusiya Cənubi Qafqazda altılıq formatını (3+3: Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) reallaşdırmağa çalışır. Bu formatda isə nə ABŞ, nə də Fransa var”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

 Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi ekspert Əhəd Məmmədli Ermənistanın arzularının artıq puç olduğunu qeyd etdi:“Bilirsiniz, Ermənistanın hər zaman müharibələrdə maraqları olub ki, böyük dövlətlər də proseslərə qoşulsun. Birinci Qarabağ savaşında da belə olmuşdu. Yuqoslaviya nümunəsini gətirmək istədilər. Amma buna gedilmədi. Çünki burada Türkiyə iradəsi və gücü ortalığa qoyuldu. Digər tərəfdən, Rusiyanın da marağına cavab vermirdi ki, burada Türkiyədən başqa hansısa dövlətlər də burada iştirak etsinlər. Düzdür, qardaş ölkəmizin də iştirakı onların maraqlarına cavab vermirdi. Amma Rusiya məcbur qalıb güzəştə getdi. Lakin istənilən halda Rusiyanın maraqlarına ABŞ və Fransa kimi güclərin bölgədə güc sahiblərindən birinə çevrilməsi cavab vermir. Digər tərəfdən, indiyə qədər Qərb heç kəsə görə savaşmayıb. Əgər qarşıdurmaya gedən idilərsə, Ukraynada gedərdilər. Qərb heç vaxt bir postsovet ölkəsinə görə Rusiya ilə qarşıdurmaya getməyəcək. Bu baxımdan deyə bilərik ki, Nikol Paşinyanın çağırışları əbəs yerə idi. Onun çağırışlarına cavab belə verilmədi. Çünki ortada reallıq var. G20 sammitində Ərdoğana sual veriləndə o bildirdi ki, Cənubi Qafqazda iki oyunçu var, o da Türkiyə və Rusiyadır. Orada heç Amerikanın adını belə çəkmədi. Bu da onu göstərdi ki, regionda üçüncü güc sahibinin olmaması barədə Türkiyə və Rusiya arasında razılıq əldə edilib. Ona görə bu məsələdə Ermənistanın istək və arzuları ürəyində qaldı”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55