Şənbə, 27 Aprel

“Ermənistanın arxasında dayanan ən ciddi güclərdən biri Rusiyadır” - Politoloq

image

“Əvvəlki dövrlərdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı vasitəçi qismində çıxış etməyə çalışıb. Sonradan Avropa İttifaqı daxilində məhz Fransanın qızışdırıcı mövqeyi nəticəsində Azərbaycanla Ermənistan arasında real sülhlə bağlı hansısa nəticə əldə edilməyib. Bir sözlə, Brüssel formatı kontekstində Qərbin vasitəçilik missiyaları o qədər də uğurlu olmayıb”.

Politoloq Tural İsmayılov bunu Qərbin ayrı-ayrı mərkəzlərinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində “səyləri” barədə açıqlamasında söyləyib.

Ekspert bildirib ki, indi də hansısa nazirlər toplantısında, yaxud Avropa İttifaqının formal iclaslarında nəinki Azərbaycan-Ermənistan münasibətləri, ümumiyyətlə, dünyadakı siyasi münasibətlər sistemi ilə bağlı obyektiv qərarların veriləcəyini düşünmür:

“30 il ərzində işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyan platformalardan hansısa uğurlu yanaşma gözləmək olmaz. Bu gün də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı Avropa İttifaqı, Avropa İttifaqının Nazirlər Komitəsi hansısa praktiki təzyiq imkanlarından istifadə etməyib. Bu amillər nəzərə alındıqda belə iclaslarda nəticə əldə olunacağını düşünmək qeyri-mümkündür”.

T.İsmayılov rəsmi İrəvanın Kremllə oynadığı oyunlara da diqqət çəkib:

“Ermənistan hələ də Rusiya forpostu olsa da, guya Moskva görüşlərindən yayınmağa çalışır. Rusiya XİN rəhbəri Sergey Lavrov son açıqlamalarında mahiyyəti tam ifadə etməyə çalışsa da, müəyyən məsələlərdə yenə tam açıq danışmadı”.

Ekspertin fikrincə, Lavrovun yanaşması obyektiv reallığı özündə ifadə etmir:

“Düzdür, Lavrovun media mənsublarının suallarını cavablandırarkən Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən yayınması ilə bağlı söylədiyi fikirlər həqiqətdir. Ancaq delimitasiya məsələsində Azərbaycanı da günahlandırmasının heç bir əhəmiyyəti yoxdur. Faktiki olaraq bu gün Azərbaycan və Ermənistan üçün üçüncü tərəf olmadan birbaşa təmasların artırılması daha məqbul variantdır. Yəni, üçüncü tərəf olmadan delimitasiya ilə bağlı təmasların keçirilməsi daha uyğun formatdır. Bu isə Rusiya və Qərbi müəyyən formada narahat edir. Əslində Lavrovun sonuncu açıqlamasında da Rusiyanın üçüncü tərəfsiz, birbaşa görüşlərdən o qədər də razı olmadığı mesajı səsləndi. Lavrovun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı fikirləri, Qərbin təhriki ilə rəsmi İrəvanın regiona ancaq problem gətirməsi fikirləri doğrudur. Ancaq digər tərəfdən o, Rusiyanın özünün forpostu olan Ermənistanın bölgədə yaratdığı destruktiv fəaliyyəti də qeyd etməli idi. Çünki faktiki olaraq regionda bu günə qədər işğalçılığın, aqressiyanın və həmçinin Cənub Qafqazda regional qeyri-sabitliyin ən böyük günahkarı Ermənistandır. Ermənistanın bütün bu məsələlərdə tutduğu dağıdıcı mövqe təkcə onun Qərbdəki havadarlarının əli ilə baş verməyib”.

Politoloq əminliklə vurğuladı ki, faktiki olaraq Ermənistanın arxasında dayanan ən ciddi güclərdən biri Rusiyadır:

“Günü bu gün də Ermənistanda nə qədər sorosçular hakimiyyətdə olsa da, iki ölkə münasibətlərində çatlar dərinləşsə də, faktiki olaraq bu ölkə Moskvanın forpostudur. Ermənistanda Rusiyanın hərbi bazası var, bu ölkənin sərhədlərini ruslar qoruyur. Sülhə yaxınlaşma ilə bağlı böyük ümidlərimiz var idi. Amma son hadisələr həm də düşündürür...”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45