Bazar, 28 Aprel

Laçın dəhlizi yoxdursa, deməli, Zəngəzur dəhlizi də olmamalıdır? - AÇIQLAMA

image

“Hazırda Azərbaycandan Naxçıvana gedən yolla bağlı hər hansı bir problemi yoxdur. Nəqliyyat dəhlizləri baxımından Azərbaycan ən əlverişli coğrafiyada yerləşir və ölkəmizin ərazisindən bir neçə nəqliyyat dəhlizinin önəmli marşrutu keçir. Zəngəzur dəhlizinin reallaşıb-reallaşmayacağı Azərbaycan üçün fundamental məsələ deyil”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Zəngəzur dəhlizinə nəzarətlə bağlı son günlər İrəvan və Moskva arasında yaranmış gərgin vəziyyəti şərh edib:

"Əgər Zəngəzur dəhlizi reallaşmayacaqsa, deməli, regionda kommunikasiyalar açılmayacaq. Bundan ziyan çəkən yenə də Ermənistan olacaq. İndiki şəraitdə İrəvanın bütün manevrlərinin təməlində dayanan məsələ kommunikasiyaların Ermənistanın öhdəliyini yerinə yetirmədən açılmasıdır.

10 noyabr bəyanatının 3 iştirakçısı var. Lakin bu məsələlərdə məsuliyyət daha çox Ermənistanın üzərinə düşür. Ermənistan reallıqların dəyişdiyini əsas gətirərək, yəni Laçın yolunun artıq heç bir əhəmiyyət daşımadığını vurğulayaraq, paralel şəkildə kommunikasiyaların açılması məsələsini eyniləşdirməyə çalışır. Onların fikrincə, əgər Laçın dəhlizi yoxdursa, deməli, Zəngəzur dəhlizi də yoxdur”.

E. Mirzəbəyli əlavə edib ki, Laçın yolu ilə Zəngəzur dəhlizinin eyniləşdirilməsi indiki şəraitdə absurddur:

“Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın öhdəlikləri mövcuddur. Kreml bu öhdəliyin yerinə yetirilməsi məsələsinə cəhd göstərməlidir. Bu indiki şəraitdə Rusiyanın nüfuz məsələsidir. Cənubi Qafqazdakı nüfuzunun yerlə bir olmaması üçün o, Zəngəzur dəhlizi məsələsinə Ermənistana güzəştdə getməyəcək. 

Ermənistan təhlükəsizliyinin təmin olunması məsələsini gündəmə gətirir. O, Ermənistanla Rusiya arasında imzalanmış sənədlərə əsasən həyata keçirilir. Dəhlizə Rusiya sərhədçiləri nəzarət etməlidir. Amma Ermənistanın məqsədi Rusiya ilə bağlı bütün öhdəliklərdən imtina etməkdir”.

Siyasi şərhçi qeyd edib: “Cənubi Qafqaz beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin kəsişdiyi nöqtədir. Supergüclər bölgədə sabitliyin qorunub saxlanılmasında maraqlıdır. O ki qaldı Azərbaycanın qazanclarına, ölkəmiz bütün hallarda qazanır. Bakı artıq özünün nəqliyyat dəhlizi problemlərinin hamısını həll edib. İndiki şərtlər çərçivəsində Ermənistanın Zəngəzur dəhlizini reallaşdırmaması o deməkdir ki, İrəvan daha ağır şərtlər çərçivəsində dəhlizin reallaşmasına razı olacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39