Şənbə, 27 Aprel

Avropa separatçıları sığallayır, Brüssel isə Ermənistan sərhədində möhkəmlənir

image

Avropa Parlamentinin deputatları gorbagor olmuş qondarma rejimin üzvləri ilə görüşüblər, Avropa İttifaqı isə mülki missiyanın tərkibini genişləndirir; Qərbin Ermənistan və Qarabağ separatçıları üçün fəallaşmasının səbəbi nədir?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir. ]

Bu hərəkətlər 30 il ərzində cinayətləri xarici havadarları tərəfindən ört-basdır edilən separatçılara açıq dəstək verməklə yanaşı, qondarma “demokratiya” carçılarının həqiqi niyyətlərinin bariz nümunəsidir. “Yeni Müsavat” bildirir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentindən olan bir sıra deputatın Ermənistana səfəri ilə bağlı bəyanatında bildirilib. “Baş verən hadisələr, bu qurumun parlamentarilərinin islamofobiya, Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, dünyadakı insanlığa qarşı nifrət və xristianlığın üstünlüyünü aşkar şəkildə nümayiş etdirmələri Avropa Parlamentinin hansı səviyyədə olmasının birbaşa göstəricisidir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi təəssüf hissi ilə bildirir ki, avropalı parlamentarilərin artıq tendensiyaya çevrilən bu cür davranışları nəinki qəbuledilməzdir, həm də Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini ilk mərhələdəcə məhv etməyə yönəlmişdir. Həmin dağıdıcı qüvvələr öz mənfəətlərini güdərək, regionumuzu yenidən müharibə və xaos vəziyyətinə sürükləmək istəyirlər” deyə, bəyanatda bildirilir. 

Bu arada isə məlum olub ki, Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının tərkibinin genişləndirilməsi məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Bu barədə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritter jurnalistlərə açıqlamasında deyib. Ritter hazırda Müşahidə Missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib. “Missiyanın genişləndirilməsi məsələsi ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Nəticələri gözləməliyik. Ancaq əvvəllər deyildiyi kimi, hazırda burada baş verənlərə görə bu missiyaya böyük siyasi diqqət yetirilir”. Aİ-yə üzv olmayan üçüncü ölkənin Aİ-nin Ermənistandakı Missiyasına qoşulmasının mümkünlüyü məsələsinə toxunan Markus Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib. Göründüyü kimi, bir tərəfdən avropalı deputatlar separatçıları qucaqlayır, bir yandan da Brüssel missiyanın sayını artırır. Qərbin Ermənistan və Qarabağ separatçıları üçün bu qədər fəallaşmasının səbəbi nədir?

Azad Vətən Partiyasının sədri Akif Nağının bildirdiyinə görə, həm Aİ, həm AP Azərbaycana qarşı qərəzini davam etdirir: “Bu səbəbdən separatçılarla danışıqlar aparırlar, onlarla görüşürlər, Qarabağ ermənilərini gündəmdə saxlayırlar, yardımlar göndərirlər və onlardan bir alət kimi istifadə edirlər. Bu minvalla regiona daxil olmaq və möhkəmlənmək məqsədi güdürlər. Qərb bölgədə siyasi və hərbi mövcudluğunu təmin etmək istəyir”. A.Nağı hazırda Fransanın açıq surətdə bu addımları reallaşdırdığını bildirir: “Həm silah göndərilməsi, həm Ermənistan Müdafiə Nazirliyində fransız zabitin müşavir təyin olunması, xüsusi təyinatlılarla birgə təlim hazırlığı Qərbin burada olmaq istəklərini nümayiş etdirir. Amma separatçılarla bağlı  hərəkətlərin heç bir əhəmiyyəti yoxdur, heç kim bizə onlar üzərindən təzyiq edə bilməz”.

Analitik Elxan Şahinoğlu deyir ki, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra Ermənistanla sərhəddə sakitlikdir, yəni 19 sentyabr tarixindən bu yana iki ölkə arasındakı sərhəddə ciddi insident yaşanmayıb, buna baxmayaraq, Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını atırmağa qərar verib. Politoloq sual edir ki, sərhəddə sakitlik bərqərar olubsa, Avropa missiyasının Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə müşahidə missiyasının gücləndirilməsinin məqsədi nədir: “Aydın olur ki, missiyanın gücləndirilməsinin sərhəddəki durumla əlaqəsi yoxdur. Çünki Azərbaycan Ordusunun Ermənistana hücum etmək planı yoxdur, bunu Brüssel də bilir, strateji yüksəkliklər nəzarətimizdədir və bu bizə kifayətdir. Avropa İttifaqı, sadəcə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bölgədəki missiyasını gücləndirir. Kremlin versiyasına görə, Avropa İttifaqının Müşahidə Missiyasının əsas məqsədi Rusiyanın Ermənistandakı hərbi bazası barədə kəşfiyyat məlumatı toplamaqdır. Bunun bizə aidiyyəti yoxdur, Ermənistanın problemidir”.

Siyasi şərhçi Asif Nərimanlı düşünür ki, Ermənistan “təhlükəsizlik müttəfiqlərini” - Rusiya və KTMT-ni əvəzləmək niyyətini dilə gətirir: “Fransa Ermənistanı silahlandırır və "təhlükəsizlik çətiri" olmaqda Rusiyanı əvəzləmək istəyir.  Avropa İttifaqının Ermənistandakı missiyasının sayının artırılması qərarı verilib və bu, sülh danışıqlarının ön plana çıxması, eskalasiya riskinin aşağı olması fonunda baş verir. Və ötən ilin sentyabr döyüşlərindən öncə Azərbaycan üçün elan edilən “qırmızı bayraq” xəbərdarlığı yenidən təkrarlanır, Qərb mediasında “Ermənistanın işğalı” iddiası kütləvi kampaniyaya çevrilir. Bu situasiya  sərhəddə erməni təxribatına hazırlığın getdiyi ehtimalını gücləndirir və “Azərbaycanın müdaxiləsi” haqda iddialarla ictimai rəyi formalaşdırmaq, “alibi” yaratmaq gedişi edildiyi görünür. Mümkün eskalasiya ssenarisinə təkcə Azərbaycan - Ermənistan kontekstində yox, həm də dəhlizlər uğrunda mübarizədə Qafqaz cəbhəsinin açılması kimi də baxmaq olar".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39