Bazar ertəsi, 29 Aprel

İrəvandan Bakıya qarşı yeni “ərazi bütövlüyü” riyakarlığı - Bunu da gördük...

image

Ermənistan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan eləsələr də, əməldə ölkəmizə qarşı torpaq iddialarını davam etdirir, hələ üstəgəl, sırtıqcasına “Azərbaycan bizim ərazi bütövlüyümüzü tanımayıb” yalanlarını uydururlar. Təkcə elə Ermənistanın indiki konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının əks olunması faktı özlüyündə çox şey deyir.

Ötən həftə isə kapitulyant ölkədə “Artsaxı Azərbaycanın tərkib hissəsi sayan məmurların cəzalandırılması”nı nəzərdə tutan qanun layihəsinin Ermənistan parlamentində müzakirəyə çıxarılması üçün ictimai təşəbbüs qrupu yaradılıb və artıq ölkə boyu imza toplanmasına başlanılıb.

50 min imza yığılarsa, onda parlament layihəni müzakirəyə çıxarmalı, ya təsdiq, ya da rədd etməlidir. Rədd edərsə, onda təşəbbüs müəllifləri ikinci yola əl atacaqlar: ölkədə analoji tələblə referendum keçirmək üçün imza toplanmasına start verəcəklər (Referendum üçün 300 min imza lazımdır).

Guya Azərbaycanla ədalətli sülh arzulayan qonşu ölkədə beləcə, təkcə radikal-revanşistlər deyil, bir çoxları bu sülhü “artsax + Ermənistan” düsturu şəklində təsəvvür edir, “miatsum” virusundan heç cür qurtula bilmirlər. Bu da növbəti nümunə.

Bir neçə gün öncə Ermənistanın Ekologiya Nazirliyinin Hidrometeorologiya və Monitorinq Mərkəzinin saytında dərc olunmuş hava proqnozlarında “artsax” sözü “Dağlıq Qarabağ”la əvəzlənib. Bu isə radikal kəsimdə az qala, isterika yaradıb. O üzdən nazirliyin mətbuat katibi Ani Akopyan “məsələyə” aydınlıq gətirməli olub.

“Beynəlxalq səviyyədə Dağlıq Qarabağ daha çox qəbul edilən termindir və beynəlxalq tərəfdaşlarımız da hava proqnozlarından istifadə etdiyi üçün proqnozu məhz beynəlxalq səviyyədə qəbul edilmiş terminlə (?! – Z.S.) vermək qərara alındı”, - deyə o, bunu guya Ermənistanın beynəlxalq normalara hörmətinin əlaməti kimi təqdim eləməyə çalışmaqla gerçəkdə absurd və riyakar bir izahat verib. Ardınca “artsax konstitusiyası”nda “Artsax Respublikası və DQR-in adlarının eyni, sinonim olduğu”nu əsas gətirib.

Nazirlik sözçüsü adın dəyişdirilməsi ilə bağlı qərarın niyə indi qəbul edildiyi ilə bağlı suala isə belə cavab verib: “Bu, daha çox beynəlxalq səviyyədə qəbul edilmiş termindir. Başqa alt mənalar axtarmağa ehtiyac yoxdur”.

Akopyan həmçinin Mərkəzin gündəlik olaraq “Dağlıq Qarabağ”da hava proqnozlarını dərc etməyə davam edəcəyini də söyləyib.

Bax belə. Göz gündə bir erməni həyasızlığına şahidlik eləməsə kor, qulaq hər gün bir hay yalanı eşitməsə, yəqin ki, kar olar...

Əvvəla, Nikolun boş-boş danışığına rəğmən, bu fakt Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından dövlət səviyyəsində əl çəkmədiyini təsdiqləyir. Axı Azərbaycanın ayrılmaz parçası olan Qarabağdakı hava durumunun Ermənistana nə aidiyyəti ola bilər? Məgər bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu qonşu ölkənin hansısa bölgəsi haqda gündəlik hava proqnozları yayır? Xeyr.

İkincisi, görəsən hansı “Dağlıq Qarabağ” adlı beynəlxalq termindən dəm vurur bu axçi? Ermənistan xaric, harada, hansı ölkənin konstitusiyasında belə ifadə var? Bilən, görən olubmu? Yoxdur. Çünki “Dağlıq Qarabağ” adında inzibati və ya siyasi vahid Azərbaycanda artıq mövcud deyil. Qarabağ iqtisadi rayonu var!

Odur ki, nə qədər ağrılı da olsa, bir azdan haylar “Dağlıq Qarabağ” ifadəsini də tərgitməli, həmişəlik unutmalı olacaqlar. “Məğlubedilməz erməni ordusu” ifadəsi kimi! Zira, uydurma “DQR”in tabutuna sonuncu mismarın vurulacağı gün çox uzaqda deyil. Heç darıxmayın. Daha bir qisas əməliyyatı və... yağlı nida işarəsi!

Doğrudur, Azərbaycan Prezidenti İlham Əliyevin ən yüksək tribunlardan elədiyi çağırışlara və tələblərə rəğmən, Avropa Parlamenti, AŞ PA-nın sənədlərində, həmçinin Rusiya Müdafiə Nazirliyini bülletenlərində ərazi bütövlüyümüzə və suverenliyimizə hələ də kobud sayğısızlıq edilir, “Dağlıq Qarabağ” ifadələri işlədilir. Bu da siyasi riyakarlığın, qaba “ikili standart”ların və əlbəttə ki, “xristian təəssübkeşliyi”nin bariz təzahürləridir. Eyni zamanda, erməni lobbisini, Ermənistandakı radikal-revanşistləri, daşnakları, müharibə tərəfdarlarını şirnikləndirən başlıca amildir.

Halbuki bütün dövlətlər, BMT, ATƏT, bütövlükdə beynəlxalq birlik, lap elə Rusiya, Avropa Parlamenti və AŞ PA 89.9 kv km-lik ərazi bütünlüyümüzü tanıdıqlarını bildiriblər. Demək, onlar unitar Azərbaycanın Konstitusiyasına, onun inzibati-ərazi bölgüsünə də sayğılı olmağa borcludurlar.

Və sayğılı olacaqlar! Bacarmasalar, öyrədəcəyik. Başlarına döyə-döyə...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39