Bazar ertəsi, 29 Aprel

Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyəti

image

Bir neçə gündür ki, Azərbaycan Ordusunun Ermənistanla sərhədboyu mövqeləri intensiv atəşə tutulur.

Xəbər verilir ki, Azərbaycan Müdafiə Nazirliyi təkcə bu gün üç dəfə rəsmi məlumat yayaraq Ermənistan silahlı qüvvələri tərəfindən ordumuzun Kəlbəcər, Laçın və Gədəbəy istiqamətlərində yerləşən mövqelərinin intensiv atəşə tutulduğunu bəyan edib. Əlbəttə, Azərbaycan əsgəri hər dəfəsində düşmənin layiqli cavabını verərək onu yerində oturmağa məcbur edir, hətta qarşı tərəf hər dəfəsində itkilər verərək geri çəkilir. Bəs, belə olduğu, yaxud belə olacağını bildikləri təqdirdə Ermənistanın hərbi-siyasi rəhbərliyi niyə özünü oda atır? Halbuki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cari il mayın 19-da Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşündə eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd etmişdi...

Belə nəticə çıxır ki, Ermənistan masada sağ, əməldə sol göstərir. Başqa sözlə, siyasi müstəvidə özünü məsum göstərməyə çalışan Ermənistan realda öz çirkin niyyətindən əl çəkə və ya çəkdirilə bilmir. Çünki bu ölkə tarixən Rusiyanın forpostu olmaq azmış kimi, indi də İran və Fransanın əlində oyuncağa çevrilib. Bir-birinə zidd, biri-birinə yad, hətta biri-birinə nifrət bəsləyən bu dövlətlər nə “sirdirsə” özlərini bu məğlub dövlətin himayəçisi hesab edirlər.

Son günlərdə regionda baş verən siyasi proseslərin fonunda Azərbaycan Ordusunun mövqelərinin intensiv şəkildə atəşə tutulması onu göstərir ki, işin içində bu "himayəçi" üçlüyün (İran, Fransa, Rusiya) barmaqları yox, qolları var. Barmağın işə yaramadığını uzun illərdir sınaqdan çıxarıblar, odur ki, artıq qollar çırmalanıb. Ermənistan isə yenə də hərzamankı səhvlərini edir. Anlamır ki, bu gün özünü "himayəçi" kimi göstərən bu dövlətlər, əslində, öz siyasi və regional maraqlı uğrunda ondan maşa kimi istifadə edirlər. Ermənistanın sıravi insanı bütün bunları görür və anlayır, bu səbəbdəndir ki, ölkədaxili milli narazılıq özünün pik həddinə çatmaqdadır. Erməni əhalisi hələ 2-ci Qarabağ savaşındakı məğlubiyyətdən sonra bunu anlamışdı.

Di gəl, ölkənin daxilində, siyasi-hərbi qüvvələrin arasında olan ünsürlər buna mane olmaqda davam edirlər. Bu amildən yararlanan “himayəçi” üçlük isə əlbəttə ki, Ermənistanı istədiyi səmtə yönəldə bilir.

Bu arada, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması da həm Ermənistan, həm də havadarları tərəfindən həzm edilmir. Bilirsiniz ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınırdı. Məhz bunların qarşısının alınması məqsədilə, eləcə də Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu məntəqə sayəsində artıq Laçın yolundan keçmək istəyən hər kəs, eləcə də nəqliyyat vasitələri yoxlanılır. Belə olduqda, əlbəttə ki, Qarabağda qalan silahlı tör-töküntülərlə bağlı niyyət puça çıxmış olur.

Ona görə Ermənistan və havadarları hər gün Azərbaycana qarşı qarayaxma kampaniyalarını davam etdirirlər. Guya Azərbaycan “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi qurmaqla yolu bağlayıb, bölgədə humanitar problemlər meydana gəlib, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaranıb və s. Hətta bunu “etnik təmizləmə siyasətinin” tərkib hissəsi kimi qələmə verənlər də var. Əslində isə sözügedən keçid məntəqəsindən həm erməni sakinlər, həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm də Rusiya sülhməramlı kontingenti şəffaf və nizamlı qaydada hər iki istiqamətdə keçid edə bilirlər.

Əminliklə demək olar ki, reallıqları saxtalaşdırmaq cəhdi Ermənistanda dövlət siyasətinin genetikasına hopub. Bəzi məqamlarda bu taktikanın işə yaraması isə zaman-zaman onları daha ciddi təxribatlar törətməyə sövq edir. Bu gün Azərbaycanın sülh təklifini geri çevirən Ermənistan anlamalıdır ki, onun taleyini nə Rusiya, nə İran, nə də ki, Fransa düşünür. Belə olmasaydı, Ermənistan-Azərbaycan normallaşma prosesində Moskva formatını Paris, Brüssel formatını Moskva, Vaşinqton formatını isə yenə Moskva və Tehranın əli ilə Ermənistan özü pozmazdı. Odur ki, bu gün sərhəddə Azərbaycan Ordusunun mövqelərinin durmadan atəşə tutulması fakoru həm də 26-27 iyunda Vaşinqtonda keçirilməsi nəzərdə tutulan sülh danışıqlarını yenidən pozmaq cəhdidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39