Bazar ertəsi, 29 Aprel

Ukrayna Prezident Ofisi Rusiya ilə heç bir danışıq aparılmamasının səbəbini AÇIQLADI

image

Ukrayna Prezident Ofisi Rusiyanın genişmiqyaslı hücumunun ardınca Kiyev və Moskva arasında başlanan, təqribən iki ay davam edən danışıqların birdən-birə tamamilə dayanmasının səbəbini açıqlayıb.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Şərqi Avropa bürosuna müsahibəsində danışıb.

Onun sözlərinə görə, Buça şəhərində, bütövlükdə Kiyev vilayətində baş verənlərdən sonra Ukrayna qərara gəlib ki, Rusiya Federasiyası ilə heç bir danışıqlar aparmaq mümkün deyil:

“Onların Kiyev vilayətində etdiklərini, daha sonra Xarkov və Xerson vilayətlərində də oxşar şeyi törətdiklərini gördükdə eyni şeylərin işğal olunmuş qalan ərazilərdə də baş verdiyinə şübhə etmirdik. Rusiya hansısa müqavilə bağlanılası ölkə deyil, o, bu formada mövcud olmamalıdır, çünki onlar hər zaman hamını təhdid edəcək, insanlara müxtəlif ərazilərdə istədikləri kimi yaşamağa imkan verməyəcək. Rusiya həmişə, xüsusən postsovet məkanında daxili siyasi proseslərə müdaxilə etməyə çalışır. O, bunu ya separatçı yuvalar yaratmaqla, ya daxili terrorçu qrupları maliyyələşdirməklə, ya da daim küçələrdə hansısa etiraz aksiyaları təşkil edən radikal siyasi qrupları maliyyələşdirməklə, həmçinin informasiya müdaxiləsi, əraziyə təbliğat təzyiqi yolu ilə, bəzənsə siyasi sui-qəsdlər vasitəsilə edir”.

“Hamıya bir sualım var: bu gün belə şiddətli müharibə gedirsə, niyə Rusiyanı bu formada saxlamaq istəyirsiniz? Rusiya bütün maskalarını atıbsa, beynəlxalq hüquqdan nümayişkaranə şəkildə imtina edibsə, heç nəyi vecinə almadan özü də hər gün ukraynalıları qanadlı raketlərlə öldürürsə, Ukrayna isə demokratik dünyaya öz dəyərləri, o cümlədən azad olmaq hüququ uğrunda ölməyə hazır olduğunu deyirsə, niyə dünya hələ də müharibənin sonunun tezləşməsi üçün Ukraynaya bütün alətləri mümkün qədər tez vermək qərarına gəlməyib?! Müharibənin yalnız bir sonluğu olmalıdır – heç bir danışıq olmadan, yeni bölünmə xətləri olmadan, Rusiya ilə müvəqqəti barışıq olmadan yalnız və yalnız Rusiyanın məğlubiyyəti. O zaman bütün digər ölkələr, xüsusən də postsovet məkanı yığılıb qalmış problemlərini həll edə biləcəklər. Başa düşə bilmirəm ki, niyə bəziləri - təbii ki, hamı yox - hələ də danışıqlar prosesindən danışır” -, Podolyak vurğulayıb.

Ukrayna Prezident Ofisi rəsmisi bildirib ki, artıq “Leopard” tanklarını alırlar və ölkəsinin çox gözləməyə vaxtı yoxdur:

“Həm xanım Burbokun, həm də cənab Şoltsun bəyanatlarına və hərəkətlərinə əsasən, bu gün Almaniya tankların verilməsi və çatdırılmasını, təmir qovşaqlarının yaradılmasını sürətləndirməyə çalışan əsas ölkələrdən biridir.

Bilirsiniz, müharibədən uzaqda olanda bunu bizim qədər kəskin hiss etmirsiniz. Vaxtımız yoxdur, elə həmin Baxmut istiqamətində hər gün insanlar ölür. Kimlərsə hələ də Rusiya ilə necə danışıb razılaşmaq, Avropanın Rusiyasız mövcud olmayacağı ilə bağlı fikirləşərkən uşaqlarımız ölmək üçün orada dayanıblar. Bəsdirin artıq! İmperiyalar bəzən süqut edir! Sona qədər getməyə hazır olduğunu deyən ölkə varsa, nədən qorxursunuz?! Biz yolu sona qədər gedəcəyik, siz sadəcə yanımızda, arxamızda dayanın və bizə silah verin. Bir əldə iki qarpız saxlamağa çalışmayın. Artıq seçiminizi edin. Rusiya zəif, geridə qalmış, texnoloji cəhətdən dəyərsiz bir ölkədir, böyük dövlətlərlə bərabər səviyyədə danışıqlar masasına otura bilməz. Biz də bütün bunları bitirmək istəyirik” - o, əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39