Bazar, 28 Aprel

‘’Laçın dəhlizi’’nə gömrük postu: rus nəşrindən “100 min erməni” yalanı...

image

Laçın dəhlizinin girişinə mini gömrük postu quraşdırılacaq, proseslər nəzarət-keçid postu qurmağa gedir, Qarabağda guya 100 min erməni yaşadığı blefləri yaymağa başlayıblar - şərh

“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq”.

Xəbər verilir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub. “Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”, - Volkov vurğulayıb. Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.

Rusiyanın “Kommersat” qəzetində dərc olunan məqalədə isə bildirilir  ki, “Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanmasının mümkünlüyünün quru təhdid deyil, tamamilə həyata keçirilə bilən ssenari olduğunu nümayiş etdirdi. İnsident göstərdi ki, Bakı ərazi probleminin həllinin yubanmasından narazıdır və birtərəfli hərəkət edərək, onu sürətləndirməyə hazırdır”. Məqalədə bildirilir ki, dəhliz boyu nəqliyyatın hərəkəti cəmi üç saat dayandırıldı:

“Lakin Qarabağdakı 100 minə yaxın erməninin Ermənistandan lazım olan hər şeyi aldığı yolun bu şəkildə bağlanması Bakıya erməni tərəfinin mövqeyinin nə qədər həssas olduğunu nümayiş etdirməyə imkan verdi”.

Daha sonra məqalədə qeyd olunur: “Rəsmi Bakı bildirib ki, sülhməramlı qüvvələrin Xocalı şəhərindəki qərargahında aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə göstərilən fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün yol xəritəsinin hazırlanması və müvafiq strukturların yaradılmasına başlanılıb.

Başqa sözlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qısamüddətli səfərlərlə olsa belə, Bakının nəzarətində olmayan ərazidə işə başlayan Azərbaycanın ilk dövlət qurumu ola bilər. "Kommersant"ın Bakıdakı həmsöhbətləri inkar etmədilər ki, Laçın dəhlizində baş verən insident əsasən İrəvanı Qarabağı Azərbaycanın nəzarətinə keçirməyə sövq etməkdir. Eyni zamanda Rusiya sülhməramlılarına mesaj verildi ki, buna mane olmamalısız.

Xankəndi və ətrafındakı torpaqlarımızda məskunlaşmış köçəri ermənilərin Laçın yolunun bir neçə saatlıq bağlı qalmasına şüvən reaksiyası gözlənilən idi. Erməni mediası indi bu cür zir-zibil rəylərlə doludur. Araik və Vardanyanın hələ səsləri çıxmasa da, qondarma rejimin “xarici işlər naziri” David Babayan və onun kimiləri yazıq görkəm alıb ağlaşma qurublar, beynəlxalq aləmdən “dərhal hərəkətə keçib Azərbaycanı sözdə deyil, əməldə cəzalandırmağı” istəyirlər.

Məntiqləri də budur ki, yeganə yolu bağlamaqla ermənilərə təzyiq edirlər. Yeni bir termini də tirajlamağa başlayıblar: “deerməniləşdirmə”. Ermənilər onu da deyirlər ki, Azərbaycanın Laçın dəhlizini bağlaması Rusiyanın sülhməramlı missiyasına da zərbədir. “Kommersant”ın məqaləsində isə ən diqqətçəkən məqam təbii ki, “100 min erməni” yalanıdır. Ermənilər və Rusiya mediası bu yalanı tirajlamaqla Xankəndi və ətrafında guya çoxsaylı ermənilərin yaşadığını iddia edirlər. Amma Azərbaycan tərəfi bu rəqəmin maksimum 30 min olduğunu deyir.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, erməni separatçıları anlayırlar ki, Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan sərhədçilərinin nəzarət postu yerləşdirəcəyi zaman məsələsidir: “Onlar Rusiya hərbi kontingentinə yalvarırlar ki, bu baş verməsin. Separatçılar Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Andrey Volkovdan izah istəyiblər. O da and-aman edib ki, guya onun sözləri yanlış anlaşılıb, yolda azərbaycanlıların nəzarət postu olmayacaq, sadəcə, texniki avadanlıqlar quraşdırılacaq.

Bu Volkov nala-mıxa vurur, onun yolda azərbaycanlı jurnalistlərin suallarına verdiyi cavablar, sadəcə, bizi sakitləşdirmək və diqqəti yayındırmaq məqsədi daşıyırdı. Bu məsələlərin Volkova aiddiyyəti yoxdur, problemlər yüksək səviyyədə həll olunmalıdır”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Volkovun “Laçın dəhlizinin girişinə mini gömrük postu quraşdırılacaq” açıqlaması Azərbaycanın dəhlizə post quraşdırması demək deyil: "Postu ruslar qurur, lakin Bakının tələbi ilə...

Mümkündür ki, Bakı dəhlizdən qanunsuz daşımaların qarşısının alınması tələbini sülhməramlıların qarşısında qaldıranda onlar Volkovun məlum müsahibəsində dediyi kimi, “texniki imkanlarımız yoxdur” bəhanəsini irəli sürürmüş. Və bundan çıxış yolu kimi Bakının tələbi-istəyi ilə rusların nəzarət edəcəyi mini gömrük postun qurulması razılığı əldə olunub. Bu razılaşmanın olması qanunsuz daşımaların qarşısının alınması demək deyil, ruslar bundan “nəticə əldə olunması” kimi istifadə edirlər. Hərçənd dəhlizdə hələ ki post qura bilməyən Azərbaycanın bunu rusların əli ilə etməsi hadisələrin inkişafına təsir edə bilər".

Ekspert deyir ki, birincisi, bundan sonra rusların qanunsuz daşınmalar faktı qarşısında “texniki imkanlarımız zəifdir” bəhanəsi işləməyəcək: “İkincisi, növbəti qanunsuz daşınma faktından sonra (bu, mütləq baş verəcək) dəhlizdə Bakının öz postunu qurması zərurəti daha çox aktual olacaq və o zaman rusların bəhanə gətirmə şansı indiki qədər güclü olmayacaq. Proseslərdən belə nəticə çıxır: Azərbaycan Laçın dəhlizinə nəzarət-keçid postu qurmaq planında israrlıdır və hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir”.

ALDP sədri Fuad Əliyev bildirir ki, Azərbaycan bu məsələləri Rusiya ilə həll edir: “Qarabağdakı ermənilərin nə deməyindən asılı olmayaraq, Bakı və Moskva bölgədə addımları razılaşdırırlar. Qondarma rejim özünü müstəqil saya bilər, amma Laçın dəhlizində gömrük postu qurmağı Rusiya ilə Azərbaycan razılaşdırırsa, deməli, onlar heç kimdirlər. Bunu oyuncaq rejimi idarə edənlər də anlayırlar. Ermənistan rəhbərliyinin də səsi çıxmır və Qarabağda olan bütün məsələlər Rusiya ilə həll olunmalıdır. Azərbaycan haqlı olaraq tələblərini irəli sürürdü və artıq dəhlizdə gömrük postu qurmaqla qanunsuz daşınmaların qarşısı alınmalıdır. Biz bu yolu verməmişik ki, hərbi texnika, yaxud mina daşısınlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39