Şənbə, 27 Aprel

Türkiyə və Rusiyanın Cənubi Qafqazda ortaq marağı nələrdir? –Politoloq DANIŞDI

image

Xəbər verdiyimiz kimi işğaldan azad olunmuş ərazilərimizdə bir neçə gündür ki, erməni təxribatları yaşanır. Bu həmin o ərazilərdir ki, orada sülhün təmin olunması üçün müvəqqəti Rusiya sülhməramlıları yerləşdirilib. Belə çıxır ki, ya həmin sülhməramlılar sadəcə dırnaqarası fəaliyyət göstərirlər, ya da əvvəllərdə olduğu kimi Rusiya Ermənistana bu mövzuda gizli dəstəyini əsirgəmir.

Hadisələrin belə cərəyan etdiyi bir vaxta qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan avqustun 6-da Rusiyalı həmkarı ilə görüşüb və hər iki ölkə üçün çox əhəmiyyətli mövzular müzakirə edilib.

Bu danışıqlar Azərbaycandakı erməni təxribatlarının dayandırılmasına təkan verə bilərmi? Burada əsas hədəflər nələrdir?

Mövzu ilə bağlı açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında eyni zamanda digər yüksək vəzifəli rəsmi şəxslər arasında bir sıra ciddi mövzularla bağlı müzakirələrin aparılması son zamanlar artıq normal hala çevrilib:

“Ümumiyyətlə, yüksək vəzifəli şəxslər, dövlət başçıları səviyyəsində son zamanlar Tehranda keçirilən Astana üçlüyü sammiti, o cümlədən də  Türkiyə prezidentinin Soçiyə səfəri və orada Rusiyalı həmkarı ilə görüşlər keçirməsi, ciddi mövzuların müzakirəsinin aparılması artıq beynəlxalq aləmin və dünyanın diqqət mərkəzində olan əsas hadisələrdən biridir. Bu son dövrlərdə Rusiya ilə Türkiyə arasında bir sıra həlledici mövzularda uzlaşma siyasətinin həyata keçirilməsi ilə bağlıdır.

Tarixdə uzun illər ərzində bir-biri ilə ciddi şəkildə rəqabət aparan və düşmənçilik siyasəti yürüdüb müharibələr edən Rusiya və Türkiyə dövlətləri artıq son illər bir sıra ciddi məqamlarla bağlı uzlaşma siyasətini həyata keçirirlər. Bu uzlaşma siyasəti ilə bağlı apardıqları müzakirələrdə hətta bəzi məqamlarla əlaqəli ciddi nəticələr də əldə ediblər. Təbii ki, bunlarla yanaşı bəzi hallarda da ciddi konfliktlərin yaranmasına gətirib çıxaran insidentlər də baş verib”.

Politoloqun sözlərinə görə, hər bir halda dövlət başçıları səviyyəsində bu məsələlərin həll olunması və vəziyyətin gərginləşməyə doğru getməsinin qarşısının alınması, normal vəziyyətə gətirilməsi ilə bağlı ciddi siyasətin də şahidi oluruq: “Türkiyə ilə Rusiya dövlətləri arasında Yaxın və Orta Şərqdə eyni zamanda Şimali Afrikada bəzi mövzularla bağlı uzun illər ərzində ciddi müzakirələrin getməsi göz önündədir. Məsələn Suriya, İraq məsələsində hətta  İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasətin bu iki dövlət arasında müzakirəsinin, əsrlər boyu ciddi şəkildə rəqabət apardıqları, bir-biriləri ilə razılığa gələ bilmədikləri Cənubi Qafqaz mövzusu ilə bağlı da artıq masa ətrafında müzakirələrin aparılması da normal şəkildə bu məsələlərə münasibətin ortaya qoyulması ilə bağlı siyasətin də şahidiyik. Bu mövzularla əlaqəli artıq uzlaşma siyasətinin həyata keçirilməsi təbii ki, dünya dövlətlərində, beynəlxalq hüququn digər subyektlərində də Rusiya ilə Türkiyə arasında bir sıra mövzuların müzakirə yolu ilə nəticəyə gətirib çıxarılması inam, əminlik yaradır.
Bunlardan biri də 24 fevraldan başlayaraq dünyanın diqqət mərkəzində olan, insanları, beynəlxalq aləmi ciddi şəkildə sarsıdan Ukraynada başlanan müharibə ilə bağlıdır. Ukrayna münaqişəsi ilə əlaqədar olaraq Qərb dövlətlərinin müttəfiqi, NATO-nun əsas  aparıcı üzvlərindən olsa da Türkiyənin fərqli mövqe tutması və eyni zamanda həm Rusiya, həm də Ukrayna ilə münasibətlərin qorunub saxlanılması siyasətini ortaya qoyması bir daha sübut etdi ki, Türkiyə ciddi yanaşma tərzi ortaya qoyan dövlətlərdən daha doğru mövqe tutub”.

Xəyal Bəşirov bildirdi ki, bu məsələdə Türkiyənin baş verən proseslərə töhfəsi həmin dövlətlərə daha çox nəticəlidir:

“Bunu Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının aparılması, atəşkəs rejiminin əldə edilməsi istiqamətindəki danışıqlarla bağlı çıxarılan nəticələr baxımından, daha sonra bu gün Ukrayna münaqişəsinə görə dünyanın üz-üzə qaldığı problem olan taxıl böhranının həlli istiqamətində qazanılan uğurlar yekun nəticədə Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasına ciddi təsir göstərəcəyini düşünürəm.

Türkiyə prezidentinin Rusiya prezidenti ilə bir sıra ciddi mövzularda, o cümlədən də Azərbaycan dövlətinə və Azərbaycan xalqına ciddi narazılıq doğuran Cənubi Qafqaz mövzusu ilə bağlı məsələlərin müzakirəsində ciddi nəticələrin əldə ediləcəyini düşünürəm. Biz nə qədər ki, Cənubi Qafqazda sülh sazişinin imzalanmasına , keçmiş münaqişə ilə bağlı bəzi problemlərin həllinə nail olmamışıq məhz bu məsələlərlə bağlı Türkiyə və Rusiya rəsmilərinin rolu daha çox və əhəmiyyətli olacaq”.

Ekspertin fikirlərinə əsasən Azərbaycan dövlətinin maraqlarından çıxış edən Türkiyənin bu məsələdə Azərbaycanın yanında olması siyasi və diplomatik müstəvidə dəstək verməsi Azərbaycan dövlətçiliyinə və xalqın maraqlarına xidmət edir:

“Ümumilikdə regionda sülhün təhlükəsizliyi və sabitliyinin əldə edilməsi və dayanıqlı inkişafın təmin edilməsi baxımından Türkiyə ciddi rol oynaya bilər.
Azərbaycana qarşı Ermənistan təxribatlarının qarşısının alınması yalnız Azərbaycan və Ermənistan arasında mövcud olan keçmiş münaqişə ilə bağlı hələ də qalmaqda olan bəzi problemlərin həllini tapması, sülhməramlıların  olduğu ərazilərdə qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin reallaşdırlması, son olaraq sülh sazişinin imzalanması ilə bağlı əsas məsələlərdə ciddi rol oynaya bilər. Həm Rusiya, həm də Türkiyə maraqlı tərəf kimi görünür. Bu maraqdan irəli gələn danışıqların aparılması müsbət nəticələrin əldə ediləcəyindən xəbər verir. Hər iki ölkədə olan maraq sülh sazişinin imzalanmasına qədər bitməyəcək. Ona görə ki, dünyada baş verən qlobal-siyasi proseslər bizim regiona da ciddi şəkildə təsir göstərir. Cənubi Qafqaz regionunda təkcə Azərbaycan dövləti, xalqı deyil, o cümlədən, dünya maraqlı olmalıdır ki, sülh şəraiti mövcud olsun. Əks təqdirdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi bir neçə dövlətin istəyi ilə reallaşa bilməz. Ona görə də həqiqətən də dünya dövlətləri bu məsələlərdə özlərinin də vurğuladığı kimi sülhün təmin olunmasını istəyirsə, o halda Azərbaycanın ortaya qoyduğu yeni reallığın şərtlərinə həssas yanaşılsa hesab edirəm ki, sülhün əldə olunmasına nail olunacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33