Bazar ertəsi, 29 Aprel

Üç günə bitməyən müharibə - Rusiya və Ukrayna bir-birindən nə istəyir?

image

“Rusiyanın fevralın 24-də Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adlandırdığı elan edilməmiş müharibəsi - “üç günlük ildırımsürətli əməliyyat”ı ilə bitmədikdə, tərəflər fevralın 28-də danışıqlar masasına oturdular”.

Xəbər verilir ki, bunu Türkiyənin “Hürriyyət” qəzetinin siyasi təhlilçisi Nerdun Hacıoğlu deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında davam edən danışıqlarla yanaşı, Ukraynanın bir çox şəhər və qəsəbələri rus ordusu tərəfindən dağıdılmaqda davam edir:

“Rusiya və Ukrayna arasında danışıqlar ötən həftədən videokonfrans formatında aparılır. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın danışıqlarda məntiqi zəminə gəldiyini deyib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə “Razılığa gəlmək üçün ümid işığı var” deyib. Yəni tərəflərdən müsbət mesajlar var. Xülasə, danışıqlarda hər iki tərəfin tələbləri var.

Rusiyanın tələbləri

1. Ukrayna öz konstitusiyasına heç vaxt NATO üzvü olmayacağına və hərbi baxımdan bloklara qoşulmayan ölkə olaraq qalacağına dair bənd əlavə etməlidir.

2. Ukrayna 2014-cü ildə birtərəfli qaydada ayrılmağa qərar verən Donbas bölgəsindəki separatçı Luqansk və Donetsk respublikalarının müstəqilliyini tanımalıdır.

3. Rusiyanın 2014-cü ildə hərbi güc tətbiq edərək Ukraynadan ilhaq etdiyi Krım “Rusiya ərazisi” kimi tanınmalıdır.

4. Ukraynada etnik rusların hüquqlarını pozan bütün qanunlar ləğv edilməlidir.

5. Rus dili ölkədə ikinci rəsmi dil kimi qəbul olunmalıdır.

6. Ukrayna Rusiyanı təhdid edən silahları öz ərazisində saxlamamalı və üçüncü ölkələrlə ikitərəfli razılaşmalar yolu ilə hücum silahlarını yerləşdirməməlidir.

Ukraynanın tələbləri

1. Rusiya danışıqlarda ilkin şərtlər diktə etməməlidir. Danışıqlar beynəlxalq hüquq çərçivəsində iki suveren və müstəqil dövlət kimi aparılmalıdır.

2. Danışıqlarda konsensus əldə olunacağı təqdirdə, Rusiya fevralın 24-də başladığı hücumu dayandırmalıdır.

3. Hərbi qüvvələrini Ukrayna ərazilərindən çıxarmalıdır.

4. Ukrayna NATO üzvlüyündən imtina edərsə, üçüncü ölkələr Ukraynaya təhlükəsizlik qarantı olmalıdır. Qarant dövlətlərdən ən azı birinin nüvə silahı olmalıdır.

5. Ukraynanın ərazi bütövlüyü Rusiya ilə müzakirə edilə bilməz.

6. NATO üzvlüyündən imtina edərsə, Ukraynanın Avstriya və ya İsveç kimi öz silahlı qüvvələrinə sahib olmaq hüququ olmalıdır”.

Hacıoğlu baş verənlərin digər səbəblərinə də diqqət çəkib:

“Rusiya Ukraynanın NATO-ya üzv olmamasını istəyir. 1991-ci ildə SSRİ-nin parçalanmasını nəzərdə tutan müqavilələr bağlandıqdan sonra müstəqillik qazanan Ukrayna heç bir hərbi ittifaqa qoşulmayacağını öz konstitusiyasına daxil etmişdi. Həmin maddə 2014-cü ildə “Maydan” inqilabından sonra yeni qərbyönlü hökumət tərəfindən ləğv edilib və NATO-ya üzvlük hədəfi konstitusiyaya əlavə olunub.

Eyni zamanda, Rusiya “Donbas xalqını soyqırımından xilas etmək üçün müdaxilə etdiyini” iddia edir. 2014-cü ildə Luqansk və Donetskdəki separatçılar “müstəqillik” elan etdikdən sonra bölgədə qarşıdurmalar baş verdi. 2015-ci ildən BMT Təhlükəsizlik Şurası Donbasda sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif edir. Ən azı 10 dəfə BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılan qanun layihəsinə Rusiya tərəfindən veto qoyulub.

Rusiya Ukraynada “neo-nasist hökumət”in hakimiyyətdə olduğunu iddia edir. Habelə Rusiya deyir ki, Krım sakinləri “öz qərarları” və ya “referendum”la Rusiyaya birləşib. Amma bu “referendum”dan əvvəl on minlərlə qeyri-hərbi formalı rus əsgəri yarımadanı işğal etmişdi. Yəni “referendum” silahların nişangahı altında keçirilib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39