Cümə, 26 Aprel

Paşinyanın atdığı “daş”ı İrəvanın bütün “ağıllıları” çıxara bilmir

image

Keçmiş baş nazir Qrant Baqratyan və ABŞ dövlət katibinin keçmiş müşaviri Pol Qoblın yeni açıqlamaları...

Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycanın Konstitusiyasına uyğun həll olunmalıdır” sözlərinin Ermənistanda  müzakirəsi hər ötən gün daha da qızışır. Paşinyana ittihamlar çoxdur, amma onun reallığı dilə gətirdiyini etiraf edənlər də var. Keçmiş baş nazir Qrant Baqratyanın dedikləri daha çox diqqət çəkir. Sabiq baş nazir deyib ki, bir müddətdən sonra Bakı Azərbaycan qanunlarının bütün Qarabağda tətbiqini tələb edəcək:

“Bəli, rus hərbçiləri orada qalacaq. Azərbaycan qanunvericiliyinin tətbiqindən sonra qaçqınların qayıdışına başlanılacaq, azərbaycanlılar Qarabağa qayıdacaqlar. Beləcə, problem ermənilər üçün daha da pisləşəcək”. Baqratyan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını da istisna etməyib: “Türkiyə və Azərbaycan Qarabağ məsələsini qısa müddətdə həll etmək istəyir. Bu, Rusiyanın diqqətinin hazırda daha çox Ukraynaya yönəlməsi ilə bağlıdır”. Keçmiş baş nazir onu da xatırladıb ki, Rusiyada Ermənistanın Rusiyaya xəyanət etməsi  rəyi formalaşıb: “Ermənistana qarşı təkcə Dövlət Dumasının bəzi deputatları deyil, o cümlədən XİN, hətta prezident Putinin mətbuat katibi Peskov da mənfi fikirdədir”.

ABŞ dövlət katibinin keçmiş müşaviri Pol Qobl isə Paşinyanın son açıqlamalarını sülh sazişinə doğru addım hesab edir: “Bununla Paşinyan göstərir ki, o öz yolu ilə gedə bilər. Amma bu asan olmayacaq. Rəsmi Moskva münaqişənin davam etməsində və öz hərbçilərini Qarabağda saxlamaqda maraqlıdır. Amma bu, sıçrayış ola bilər və ümid edirəm ki, Bakı fürsətdən istifadə edib, Paşinyanla anlaşacaq. Bu, həm Qarabağ ermənilərini, həm də Moskvanı çətin vəziyyətə salacaq”.

Oxu.az - Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?!”

Çingiz Qənizadə 

Qeyd olunan iddialara Azərbaycanda siyasi analitiklərin münasibətinə gəlincə, Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, Paşinyanın reallığı ehtiva edən həmin açıqlamalardan sonra Ermənistandakı revanşist qüvvələrin və onların xarici dəstəkçilərinin hücuma keçəcəyi aydın məsələ idi: “Paşinyan şübhəsiz özü də bilirdi ki, belə bir açıqlama ilə çıxış etməsinə hansı reaksiyalar olacaq. Bununla belə, o reallıqları dilə gətirdi və məsələnin həlli yolunu necə gördüyünü erməni xalqına izah etdi. İndi revanşist qüvvələr və onlara dəstək verən xaricdəki ermənilər Paşinyanı devirməyin yollarını axtarırlar. Paşinyan Brüssel görüşündən sonra belə də danışmalı idi. Çünki Brüsseldə keçirilən görüşlərdən və qəbul edilən bəyanatdan sonra Ermənistan baş nazirində tam əminlik yaranıb ki, güvəndiyi Qərb də Azərbaycanın haqlı mövqedə olduğunu, məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qəbul edir. Ona görə də Paşinyan artıq həm öz partiyadaşlarını, həm də xalqını başa salır ki, Avropa İttifaqı da Azərbaycanın haqlı mövqeyinin yanındadır.

Bu məsələlərlə bağlı həm Ermənistanın sabiq baş naziri Qrant Baqdasaryanın, həm də ABŞ dövlət katibinin keçmiş müşaviri Pol Qoblın fikirlərində həqiqətlər görürəm. Pol Qoblın fikirləri daha önəmlidir. Çünki bu şəxs ciddi şəxsdir. Mən də hesab edirəm ki, doğrudan da Rusiya sülhməramlılarının daimi qalmasına çalışacaq. Amma eyni zamanda Rusiya həm də maraqlı görünür ki, Zəngəzur dəhlizi açılsın, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçsin, nəticədə sülh sazişi imzalansın.

Belə hesab edirəm ki, Moskvanın başı təkcə Ukraynaya deyil, hazırda həm də dünyanın böyük hissəsi ilə gərginliyə qarışıb və Rusiya çox çətin durumla üz-üzədir. Belə bir durumda Azərbaycanla və Türkiyə ilə münasibətlərin soyuqlaşması qətiyyən Rusiyanın marağında ola bilməz".

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Paşinyan əslində qeyri-adi və Ermənistan qanunlarına zidd hansısa fikir səsləndirməyib. Azərbaycan dövlətinin öz ərazilərini işğaldan azad etməsi və sərhədlərinin toxunulmazlığı çərçivəsinə aid olan bir ərazidə baş verən proseslərdən danışıb: “Paşinyan bilir ki, Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən də qəbul olunan ərazidir. Ona görə də reallığı dilə gətirib. Paşinyan da fərqindədir ki, beynəlxalq hüququn və Azərbaycan Konstitusiyanın tələbinə görə bu ərazidə Azərbaycan qanunları işləməlidir. Ermənistan rəhbərinin o cür fikirləri səsləndirməsi baş verən proseslərdə reallığı görməsi, reallıqla üz-üzə qalması ilə bağlıdır. Onun həmin mövqeyinə Ermənistanda və erməni diasporu içərisində əsassız və sərt reaksiyaların olacağı gözlənilən idi. Xüsusilə Ermənistandakı müharibə tərəfdarı olan cinayətkar Qarabağ klanının üzvlərinin Paşinyanın bu mövqeyini topa tutacağı bəlli idi. Onları maraqlandıran istənilən bəhanə ilə Paşinyanı devirib hakimiyyətə gəlmək və yenidən erməni xalqını qanlı müharibəyə cəlb etməkdir. Ancaq Ermənistan xalqının əksəriyyəti Qarabağ klanına, onların hər hansı bəyanatlarına inanmır. Paşinyan  da bu reallıqları görür və ona görə çəkinmədən əsl reallığı dilə gətirir. Paşinyan o bəyanatı verməklə əslində xalqına doğru yolun nədən ibarət olduğunu göstərməyə çalışır. Erməni baş nazir heç bir Qarabağ klanı və diasporadan çəkinmədən ortaya qoyduğu mövqenin üzərində qalıb məsələnin o şəkildə həlli istiqamətində hərəkət etməlidir. Paşinyan bu cür mesajlar verməklə öz xalqını sanki gələcəkdə Azərbaycanla imzalanacaq sülh sazişinə hazırlamaq prosesini həyata keçirir. Şübhəsiz ki, bu işdə ona həm daxildən, həm xaricdən təzyiqlər olacaq. Rusiyadakı güclü erməni diasporası və onlara bağlı qüvvələr bütün gücləri ilə çalışırlar ki, Rusiya hakimiyyətini Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşadırmağın zəruriliyinə inandırsınlar. Ancaq Kremlin mövqeyinə təsir edə bilmirlər. Prosesi pozmaq istəyən qüvvələrin bütün cəhdlərinə rəğmən proses 2022-ci ildə böyük ehtimalla sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi ilə başa çata bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33