Cümə, 26 Aprel

Zəngəzur dəhlizinin inşası başlandı:Ermənistanın razılığına ehtiyac duyulmadı

image

Cənubi Qafqazın gələcək taleyindən məsul olan iki Türk lideri regionu yenidən dizayn edirlər; Ermənistanın özgə torpaqlarını işğal etmək planının olmadığını deyən baş nazir Nikol Paşinyanın Cənubi Qafqazda sülh dövrünün başlandığını vurğulaması isə sadəcə, aciz durumdakı rəsmi İrəvanın çarəsizliyini göstərir...

Azərbaycan və Ermənistan arasındakı fərqlər zaman keçdikcə, daha qabarıq şəkildə ortaya çıxmağa başlayıb. Vaxtilə Ermənistan özünü Cənubi Qafqazda qalib ölkə və regionun hərbi jandarmı kimi aparmağa çalışırdı. Və onun bu davranışlarında xarici himayədarların verdiyi dəstəyin də önəmli rolu var idi.

Ancaq ötən ilin sentyabrında başlayan II Qarabağ müharibəsinin məlum nəticələri hər şeyi əks istiqamətdə dəyişdi. Azərbaycan ordusu öz tarixi hərbi zəfəri ilə 30 illik tarixi sildi, bir kənara atdı. Əvəzindəsə, 44 günlük savaşdan sonra yeni dövr başlandı, yeni tarixi mərhələnin əsasını qoydu.

İndi daha “kaprizləri” ilə bütün dünyanı bezdirən Ermənistan yoxdur. Hətta rəsmi İrəvan ara-sıra yenə də əvvəlki davranışlarını təkrarlamağa çalışsa da, heç kim Ermənistanın “kaprizlər”inə əhəmiyyət vermir. Əhəmiyyət veriləndə də Ermənistan sərt zərbə alır və dərhal da durmalı olduğu yeri xatırlayır.

Hazırda Cənubi Qafqazın şəriksiz lider dövləti statusu öz iqtisadi gücü və hərbi qüdrəti ilə Azərbaycana məxsusdur. Azərbaycan bu regionu həm yenidən düzənləyir, həm də bölgənin tarixini yenidən yazır. Hətta Ermənistanın “yeni tarix”ini də rəsmi İrəvana məhəl qoymadan məhz Azərbaycan müəyyən edir.

cqafff-unnamed.jpg (26 KB)

Ona görə də, bu iki dövlət arasında olduqca böyük fərqlər ortaya çıxmağa başlayıb. Ermənistan parlamentində bu ölkənin gələcək sərhədlərinin kim tərəfindən müəyyən ediləcəyi müzakirə olunur. Yəni, rəsmi İrəvan hətta Ermənistan adlı uydurma dövlətin coğrafi cizgilərini belə, hələ də dəqiq bilmir.

Çünki həmin coğrafi sərhəd cizgilərini rəsmi İrəvandan soruşmadan çəkirlər. Yəni, Ermənistanın bu prosesdə iştirakı sadəcə, formal xarakter daşıyır. Erməni toplumunun müqavimət gücü isə Ermənistan daxilində heç bir önəm daşımayan mübahisələrdən uzağa getmir.

Azərbaycan isə Cənubi Qafqazın geopolitik düzənini yenidən qurur. Rəsmi Bakı hazırda regional proseslərin iştirakçılarını müəyyən edir, onlara Azərbaycanın maraqları çərçivəsində icra edə biləcəkləri rollar ayirir. Bununla da rəsmi Bakı regionun şəriksiz dominant ölkəsi olduğunu hər kəsə qəbul etdirir.

Maraqlıdır ki, Ermənistanın daxili siyasi-iqtisadi böhranla çarpışdığı bir dönəmdə rəsmi Bakı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük quruculuq prosesinə start verib. Hətta bütün dünyanın təəccüblə izləməsinə baxmayaraq, 44 günlük savaşın sona çatmasından heç bir il keçməmiş Füzulidə beynəlxalq hava limanını işə salmağa nail olub. Üstəlik, bu prosesdən bütün dünyaya yeni mesajlar vermək üçün yararlanmaq imkanlarını da əldən buraxmayıb.

Təbii ki, beynəlxalq müşahidəçilər Füzuli Beynəlxalq Hava Limanının Azərbaycanın strateji müttəfiqi Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirtməsini dünyaya mesaj kimi dəyərləndirirlər. Əsas qənaət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə bu addımla bütün dünyaya vahid beynəlxalq strategiya ilə ortaq hədəflərə yürüdüklərini biruzə verirlər. Və bu strateji müttəfiqliyin qarşısıalınmaz olduğunu sezdirirlər.

Digər tərəfdən, Qarabağ bölgəsinin simvolik açarlarının iki Türk dövlətinin liderinə – Azırbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayiib Ərdoğana təqdim olunması da simvolik xarakter daşıyır. Əslində, bu, o deməkdir ki, yalnız Qarabağ bölgəsinin deyil, ümumiyyətlə, Cənubi Qafqaz regionunun gələcək taleyi bu iki Türk liderdən asılıdır. Və bu reallıqla həm rəsmi İrəvan, həm də Ermənistanın 44 günlük savaş dönəmində baş verənləri çaşqınlıqla izləməkdən başqa heç nəyə gücü çatmayan beynəlxalq himayədarları da hesablaşmaq məcburiyyətində qalacaqlar.

Artıq bunun məhz belə olduğu elə indidən müşahidə olunmağa başlayıb. Məsələ ondadır ki, Azərbaycan və Türkiyə prezidentləri daha bir önəmli layihənin əsasını qoydular. Onlar Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd marşrutunun təməlini atdılar. Əlbəttə, Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdən məlumatsız bəzi müşahidəçilər bəlkə də bunu infrastruktur layihəsi kimi də qəbul edə bilər. Ancaq məlumatlı müşahidəçilərin bu layihənin artıq Zəngəzur dəhlizinin əsasının qoyulması olduğunu anladıqları qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, Ermənistanın razılığını gözləməyə belə, ehtiyac duyulmur. Çünki rəsmi İrəvan hazırda nəyəsə razılıq verəcək və ya müqavimət göstərəcək durumda deyil. İndi rəsmi İrəvanın qarşısında duran əsas məsələ Ermənistanın bir dövlət kimi öz mövcudluğunu qoruya bilməsidir. Bu məsələnin həlli isə Ermənistanın məhz Azərbaycan və Türkiyə ilə qarşılıqlı münasibətlərindən birbaşa asılıdır.

Məsələ ondadır ki, məhz Azərbaycan və Türkiyə ilə normal iqtisadi-ticari münasibətlər Ermənistanı “böhran quyusu”ndan çıxara bilər. Əks halda, iqtisadiyyatı çökmüş, ordusu darmadağın edilmiş Ermənistan həmin “quyunun dibi”ndə itib-batmaq taleyinə məhkumdur. Ermənistanın əsas hərbi müttəfiqi Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu gizlətmədiyi üçün rəsmi İrəvanın baş verənləri sakitcə müşahidə etməkdən başqa yolu qalmayıb.

Ermənistanın özgə torpaqlarını işğal etmək planının olmadığını deyən baş nazir Nikol Paşinyanın Cənubi Qafqazda sülh dövrünün başlandığını vurğulaması da bunu təsdiqləyir. Çünki erməni baş nazirin bu açıqlaması sadəcə, aciz durumda olan Ermənistanın çarəsizliyindən xəbər verir.

Məsələ ondadır ki, Ermənistanın özgə torpaqlarını işğal etmək planının olmadığına heç kim inanmaz. Ən azından ona görə ki, ötən ilin sentyabrında məhz rəsmi İrəvan Azərbaycana qarşı “yeni savaş, yeni torpaqlar” şüarı altında müharibəyə başlamışdı.

Ancaq ordusu həmin savaşda cəmisi 44 gün ərzində darmadağın edildiyindən erməni baş nazir belə açıqlama vermək məcburiyyətində qalıb. Yəni, həmişə gözü qonşu ölkələrin ərazilərində olan Ermənistanın indi özgə torpaqlarını işğal etmək planı deyil, məhz bunun üçün vacib olan ordusu və iqtisadiyyatı yoxdur.

Bütün bunlardan da anlaşılır ki, Ermənistanın mövqeyi artıq heç kəsi maraqlandırmır. Azərbaycan, Türkiyə və Rusiyanın maraqları Zəngəzur dəhlizinin açılması üzərində birləşir. Deməli, iki Türk lideri tərəfindən artıq təməli atılan Zəngəzur dəhlizinin yaxın vaxtlarda açıqlaması qaçılmaz olacaq. Və Ermənistan istəsə belə, buna müqavimət göstərmək imkanına sahib deyil.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33