Şənbə, 27 Aprel

İran İsrailin camışından da qorxur?

image

İki gündür Azərbaycan torpaqları uğrunda canını fəda etmiş şəhidin məzarı üstündə bir qrup qadının ölkəmiz, dövlətimiz əleyhinə etdikləri təxribatçı çıxışı düşünürəm. Təəssüf edirəm ki, bizim içimizdə bu qədər beyni yuylmuş, nəyinsə müqabilində eybəcər formada kampaniya aparan adamlar var. Onlar o qədər dar düşüncədədirlər ki, Azərbaycanın müstəqil bir ölkə olduğunu qəbul etmək istəmirlər və ölkəmizi mollalar tərəfindən təlqin olunduğu kimi İranın bir parçası görürlər.

Azərbaycan oğulları öz qanı, canı ilə xalqımızın illərdir tamarzı qaldığı böyük bir qalibiyyət əldə etdi. Bunu bütün dünya, hətta ermənilərin özləri belə qabul etdilər. İstəsələr də, istəməsələr də əlahəzrət faktla barışdılar. Amma dindaşımız olan İran bunu qəbul etmək istəmir, yeni konflikt ocağı yaratmağa çalışır. Cəmiyyətimizi vaxtında basdırdığı “minaların” hesabına qorxu altında saxlamaq istəyir.

Olsun. Bu qədim qonşumuzun klassik ənənəsidir. Yəni bu cür vəziyyətlə üzləşməyimiz birinci dəfə deyil. Biz bu coğrafiyada bərqərar olandan bəri üzlər görmüşük, üzsüzlər görmüşük...

Məni düşündürən öz vətəndaşlarımızın İranın vəkili kimi çıxış etməsidir. Dövlətçilik tərbiyəsini zamanında yaxşı əxz etməmiş bu 3-5 nəfər hüquqi məsələlər bir tərəfə qalsın, heç bir mənəvi dəyərləri gözləmədən şəhid məzarı üstündə İranın təbliğatı aparır.

Bəlkə də o məzarda yatan əsgərimiz İranın Ermənistana göndərdiyi yanacaqla işləyən tankdan açılan atəş, İran ərazisindən Qarabağa gətirilən silahlarla şəhid edilib. Həmin qadınların içərisində şəhidimizin yaxınlarının olub-olmamasından xəbərsizəm. Amma əgər varsa, lütfən, bunu da düşünsünlər. Düşünsünlər ki, bütün yolları bağlı olan Ermənistanın tankları yalnız İrandan gələn yanacaqla hərəkətə gətirilərək əsgərlərimizin üzərinə yeriyib. Bir az vicdanınız və düşüncəniz olsun! Özünüzü düşünməsəniz də, üzərində şou qurduğunuz o müqəddəs məzarın altında yatanları düşünün...

Bu mərhələdə həm bizim içərimizdə, həm də İranda vəziyyəti gərginləşdirməyə çalışan şəxslər göz qabağındadır. İstər siyasətçi olsun, istər politoloq, istərsə də din xadimi... Onların hər birinin bunda marağı var. Bu metamarfoz 1-2 gündə yaranmış deyil. Uzun illər ərzində İranın Azərbaycanda apardığı davamlı təbliğatın nəticəsində yetişdirilmiş kəsimdir. Onlar bizim üçün çoxmu təhlükəlidir? Düşünmürəm. Amma istənilən halda ortada arzuedilməz görüntü var. Bu görüntünün dəyişməsi üçün vətəndaş olaraq hər birimizin vəzifələrimiz və məsuliyyətimiz var. Bədəndəki yara sağalmayanda zamanla digər üzvlərə də müəyyən narahatlıq yarada bilir. Biz yaranı kəsib atmaq deyil, sağaltmağı seçən təbiblər olmağa çalışmalıyıq.

İndiki halda İranın narahat olduğu məqam isə lap lətifə kimidir. İsrail şirkətlərindən biri işğaldan azad olunmuş Zəngilan torpaqlarında camış ferması tikmək, bu təsərrüfatla məşğul olmaq niyyətini bildirib. Nədənsə, qonşularımız bu camışları tank, top, raket formasında görür. Camışfobiya bizim “incə qəlbli” dindaşlarımızın gecəsini gündüzə çevirib. İçlərində bir ağıllı çıxıb demir ki, bu camış o camışdan deyil. Qorxmayın! Bu camışlar süd verir, südündən qatıq, ayran düzəldilir. Bunlar isə insan sağlamlığı üçün faydalıdır, ömrü uzadır. Yoxsa, sizin İrandan Ermənistana keçən kimi üzərinə erməni nömrəsi vurulan internasional TIR-larınız kimi deyil. Sizin kimi qonşularımızın ayağının altını qazmırıq. Biz də lətifələri sevirik, amma onu heç vaxt ciddi qəbul etmirik, sadəcə gülürük. Lətifə gülmək üçündür. Özünüzü güldürməyin...

Bir məsələni də xatırladım: sizin və bizim toplumun mütləq əksəriyyətinin qəhrəmanlıq simvolu olan İmam Hüseyn zülmə qarşı baş qaldırmışdı. Amma Hüseyn aşiqləri olan sizlər 30 ildir bizim torpaqları işğal edən, bir milyon insanı köçkünə çevirən, minlərlə vətəndaşımızı qətlə yetirən ermənilərə süni nəfəs verirsiniz. Bu ədalətin yox, Yezidin cəbhəsində olmaqdan başqa bir şey deyil. Sən kimin dostusan, “dostum”?

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36