Çərşənbə, 08 May

Müasir Almaniyada neofaşizm: Dəhşətli faktlar və rəqəmlər – Şok araşdırma

image

Avropada islamafobiya, türkfobiya, neonasizm, etnik qətllər, digər xalqlara qarşı zorakılıq və digər bu zəmində baş verən cinayətlərdən söz düşəndə yada ilk olaraq Almaniya düşür. Bu da təsadüfi deyil. Bəşəriyyəti yox olmaq təhlükəsi ilə üz-üzə qoyan, 50 milyondan artıq insanın ölümünə səbəb olan İkinci Dünya müharibəsi həmin dövrdə hansı alman dövlətinin mövcud olmasından asılı olmayaraq məhz bu ölkə tərəfindən başladılıb.

Əlbəttə, kimlərsə deyə bilər ki, o müharibəni başladan nasist Almaniyası idi, həmin dövrdə baş verənləri müasir Almaniya Federativ Respublikası ilə bağlamaq düzgün deyil və sair. Bu fikir ilk baxışda doğru təsir bağışlaya bilər. Amma dəhşətli və təəssüf doğuran hal ondan ibarətdir ki, Almaniya bu gün də neonasist düşüncələrlə yaşamaqdadır.

Müasir Almaniyada yaşanan neonasizmlə dair hazırladığı yazını təqdim edirik.

Müharibədən dərhal sonra...

İkinci Dünya müharibəsindən sonra denatsifikasiyanın (müharibədən sonrakı alman və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq elmini və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş kompleks tədbirlər toplusu) həyata keçirilməsinə baxmayaraq artıq 1945-ci ilin sonu və 1946-cı ilin əvvəllərində Qərbi Almaniyada iqtidara gəlmək və müharibədəki məğlubiyyətin qisasını almaq istəyən revanşist nasizm yönlü təşkilatlar yaranmağa başladı.

1946-cı ildə Almaniya Mühafizəkar Partiyasının əsası qoyulur. 1950-ci ildə bu partiya buraxılır, onun yerində Almaniya Reyxspartiyası, sonra isə Sosialist Reyxspartiya, Alman Sosial İttifaqı, Alman Azadlıq Partiyası kimi ultrasağ partiyalar yaradılır.

1970-ci illərdə sağ radikal baxışlara malik digər partiyalar meydana çıxmağa başlayır. Bu dövrdə Milliyyətçi Sosialist Fəaliyyət Cəbhəsi (1983-cü ildə qadağan edilib), Almaniya Xalq-Sosialist Hərəkatı/Əmək Partiyası (1982-ci ildə qadağan edilib) və Milli Cəbhə (1992-ci ildə qadağan edilib) daha aktiv idilər. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində neo-nasist partiyaların sayı daha da artır.

Ən uğurlu radikal sağçı partiya 2004-cü ildə Saksoniyada 9,2%, 2005-ci ildə bütün Almaniyada keçirilən seçkilərdə 1,6% səs qazanan Almaniya Milli Demokrat Partiyası idi. Əgər 2004-cü ildə bu partiyanın üzvlərinin sayı 5300 nəfər idisə, 2006-cı ildə üzvlərin sayı 7000 nəfərə çatır. Digər bir radikal partiya – Alman Xalq Birliyi isə 8,5 min nəfər üzvdən ibarət idi. 1 yanvar 2011-ci ildə Alman Xalq Birliyi Almaniya Milli Demokrat Partiyası ilə birləşir.

İdeologiya

Ultra sağçıların əsas ideyalarını etnik almanların hüquqlarını qorumaq və Almaniyanın islamlaşmasına qarşı hər cür mübarizə aparmaq təşkil edir: Afrika və Asiya ölkələrindən Almaniyaya miqrasiyanın məhdudlaşdırılmasından tutmuş onların tamamilə deportasiyası və bu ölkələrlə ticarətin azaldılmasınadək. Ultra sağçılar Almaniyanın Avropada ÜDM-in həcminə görə 3-cü yerə sahib olmasına baxmayaraq, alman iqtisadiyyatının bir çox müddəalarını tənqid edirlər. Onlar xüsusən də miqrantların işəgötürmə prinsipini (Leiharbeiter) qınayırlar, almanlar üçün əlverişsiz olan təqaüd yaşının artırılmasına və qaçqınların saxlanması üçün böyük vəsait ayrılmasına qarşıdırlar.

Xarici siyasət baxımından ultra sağçılar Almaniyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləmirlər. Onlar bu fikirdədirlər ki, Almaniya ABŞ-ın maraqlarının qorunması uğrunda mübarizə aparmamalıdır. Ultra sağçıların əsas tələblərindən biri də almanların Şərqi Avropadan qovulmasının soyqırımı kimi tanınması, eyni zamanda müsadirə edilmiş bütün əmlakın köçürülmüş almanlara və onların nəsillərinə dərhal qaytarılmasıdır. Ultra sağçılar Almaniyanın vacib strateji müttəfiqi kimi Rusiya ilə əlaqələrin daha da inkişaf etdirilməsini müdafiə edir və onu İsrail və ya Türkiyədən daha çox Avropa ölkəsi hesab edirlər.

Cinayətlər

Statistik məlumatlar göstərir ki, 1991-ci ildə Almaniyada irqi və ya milli nifrətdən qaynaqlanan 849, 1992-ci ildə isə 1488 cinayət hadisəsi qeydə alınıb. Bu cinayətlərin demək olar ki, hamısı Almaniyanın şərq hissəsində törədilib. 1992-ci ildən sonra bu cür cinayətlərin sayı qismən azalıb, lakin son illərdə neonasistlərin aktivliyi yenidən kəskin şəkildə artıb. Son 40 ildə ən azı 17 nəfər neonasistlərin qurbanı olub. Öldürmək və bədənə xəsarət yetirməklə yanaşı, neonasistlər xuliqanlıq da həyata keçirirlər – onlar 2008-ci ildə Löknitsedə Polşa vətəndaşlarına məxsus doqquz avtomobili svastika ilə boyayıblar.

Almaniyanın Konstitusiyanı Qoruma Federal Xidmətinin (alman əks-kəşfiyyatı) 2007-ci ilə olan məlumatına görə, sağ radikal və nasist tərəfdarı partiyaların 31 min üzvü var idi, bunlardan 10 min nəfər cinayət məsuliyyətinə cəlb olunub və cəmiyyət üçün təhlükəli sayılıb. 2011-ci ildə Almaniyada onların sayı 6 min nəfər az (25 min ekstremist) olub, bunlardan 5600 nəfəri neonasist kimi tanınır.

Məruzədə ayrıca 2010-cu ildə dini, irqi və ya etnik nifrətdən qaynaqlanan 15 905 cinayət hadisəsinin baş verdiyi, 2009-cu ildə bu cinayətlərin sayının 18 750 olduğu, ultra sağların 2010-cu ildə 762 vandalizm aktı törətdikləri, 2010-cu ildə 891 belə aktın qeydə alındığı bildirilir. Son illərdə ultra sağçıların fəaliyyəti ilə əlaqəli cinayətlərin sayında azalma meyli olsa da Konstitusiyanı Qoruma Federal Xidməti neonasistlərin sayının özlərini “müstəqil millətçilər” adlandıranların hesabına artdığını bildirir.

Qanun qadağan edir, amma...

Nasizm propaqandası Almaniya Cinayət Məcəlləsinin 86a bəndi ilə qadağandır: nasizm simvollarının yayılması üçün cərimə və ya üç ilə qədər həbs cəzası nəzərdə tutulur. Lakin müasir Almaniyada bu qanuna demək olar ki, əməl olunmur və dəfələrlə pozulur. Məsələn, 2003-cü ildə cinayətkar təşkilat kimi tanınan neonasist rok qrupu “Landser”in fəaliyyəti qadağan edilib. Bununla belə onun diskləri hələ də ABŞ və Avropa İttifaqı ölkələrində satılır, audiofaylları isə internetdən yüklənir. Neonasizmi təbliğ edən saytları bağlamaq mümkün olmur – bütün serverlər ultrasağ təşkilatlarla bağlı qanunların o qədər də güclü olmadığı ABŞ və Kanadada yerləşir.

Almaniyanın sabiq daxili işlər naziri Volfqanq Şoyble bir dəfə uşaqları və yeniyetmələri neonasist ruhunda tərbiyə edən, onları antisemitizm və irqçiliyə alışdıran “Doğma və sadiq alman gəncləri” Hərəkatının rəhbərləri ilə polemikaya girir. Şoyble hərəkatı pisləyir və onun liderlərini uşaq istismarı və düzgün olmayan tərbiyədə günahlandırır. Buna cavab olaraq təşkilat rəhbərləri naziri inandırmağa çalışırlar ki, onlar uşaqları yalnız ətraf aləmi, cəmiyyəti və doğma ölkələrini sevməyi öyrədirlər. İş o yerə gəlib çatır ki, Almaniya Milli Demokrat Partiyası da mübahisələrə müdaxilə edir.

Digər bir qalmaqal Amaniya Milli Demokrat Partiyasının lideri Udo Voyqtla bağlı baş verir. O, anası nigeriyalı, atası alman olan futbolçu Patrik Ovoyomeli təhqir edir. Voyqt 13 mart 2008-ci ildə həbs olunur, 2009-cu ildə məhkəmə onu 7 aylıq şərti həbs cəzası və 2000 avro cərimə cəzasına məhkum edir.

Nəhayət, oxşar hadisələr Bundesverdə (Almaniya Silahlı Qüvvələri) baş verir: ildə ən azı 50 dəfə əsgərlər nasist salamından (Heil Hitler! – Hitlerə salam olsun!) istifadə edirlər.

P.S. Əfsuslar olsun ki, Almaniyanın ictimai-siyasi elitası, siyasətçiləri, jurnalistləri insanlıq adına utanc olan bütün bu halları aradan qaldırmağa çalışmaq, onların bir daha baş verməsinə imkan verməmək əvəzinə əksər hallarda yeri gəldi gəlmədi Azərbaycanı qaralamağa, ona qarşı əsassız ittihamlar irəli sürməyə, iki ölkə arasında münasibətlərin inkişafına deyil, onun pisləşməsinə xidmət etməyə cəhdlər göstərirlər. Bu cəhdlər əbəsdir – Azərbaycanı tutduğu yoldan döndərməyə heç bir qüvvənin gücü yetməz. Bu işin sifarişçiləri və icraçıları əvvəlcə güzgüdə özlərinə baxsalar, daha yaxşı olar.

 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32