Çərşənbə, 08 May

Baş nazir kimi Bakıya gələn Darbinyandan şok: “Azərbaycanlılar o vaxt deyirdilər ki...”

image

Ermənistanın keçmiş baş naziri, Erməni-Rus (Slavyan) Universitetinin rektoru Armen Darbinyan “Futures Studio” və jurnalist Mark Qriqoryanın “Gələcək haqqında danışaq” birgə layihəsinin qonağı olub.

 Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri, hazırda düşmüş olduğu vəziyyət və bu vəziyyətdən çıxış yolları, ölkəsinin gələcəyi ilə bağlı söhbətinin bəzi hissələrini təqdim edirik. Qeyd etməyi vacib bilirik ki, sabiq baş nazirin fikirləri qeyd olunan aspektləri əks etdirmək baxımından maraq kəsb edir.

Mənəvi böhran

Böhranların dirçəliş potensialına sahib olmasına dair nəzəriyyə mövcuddur. Ancaq böhranlar fərqlidir. Məsələn, əgər böhran mənəvi böhrandırsa, bədəni və ruhu diriltmək çox çətin olur. Hansı ki, bu gün ölkəmiz bu düşüşü yaşayır. Bu, mənəvi tənəzzül, ləyaqətin düşüşüdür və bu vəziyyətdə inkişaf üçün hər hansı potensial axtarmaq və ələlxüsus onu tapmaq çox çətindir.

Müharibənin gedişi

Bu müharibə yaşamaq üçün olan müharibə deyildi, çünki onu biz seçmədik. I Qarabağ müharibəsindən sonra o vaxt azərbaycanlılar geri dönəcəklərini deyirdilər.

Əgər biz artıq ləyaqətimizi bərpa etməyin bir yolunun olmadığını etiraf etsək, biz gələcək uğursuzluğumuzu proqramlaşdırmış olarıq.

Döyüş uduzula bilər, ancaq ləyaqət bahasına sülhə nail olmaq mümkün deyil. Davamlı sülh üçün çalışmalıyıq və bunun üçün yalnız bir çıxış yolumuz var – ləyaqətimizi bərpa etmək.

Bəli, biz bu döyüşə hazır deyildik və biz bunun günahlarının bütün ağrılarını və hisslərini yaşamalıyıq, amma biz güclənmə fürsətinin ləyaqətin bərpasında olduğunu da başa düşməliyik.

Nəsillərə cavab

Mənim tələbələrimin bir çoxu həlak oldu, bir çoxu yaralandı. Bir çoxu geri qayıtdı – amma bunun niyə baş verdiyi, niyə hazır olmadığımız və niyə məhz bu şəkildə başa çatdığını bir qədər təhrif edən fikirlərlə.

Bu nəsil cavab gözləyir və bu cavabı verməli olan dövlətdən bunu tələb edir.

Gələcəyi qurarkən, biz sözsüz ki, bu suallara cavab tələb etməliyik, amma biz eyni zamanda gələcəyə dair bir baxış yaratmalıyıq ki, bu daha vacibdir.

Əgər biz keçmişə qayıtmağa və detallarda eşələnməyə davam etsək, bizim gələcək barədə düşünmək və onu formalaşdırmaq işinə diqqətimizi cəmləşdirmək üçün kifayət qədər vaxtımız olmaya bilər.

Cəmiyyət öz gələcəyi üçün adətən kollektiv məsuliyyət daşıyır, lakin biz tarixən buna öyrəşməmişik.

Təhsil

Biz təhsili vacib hesab edirik, ancaq öz övladlarımızın fərdi uğur qazanmalarını təmin etmək üçün onların təhsil almalarına önəm veririk. Biz kollektiv uğur qazanmaq məqsədini heç vaxt qarşımıza qoymuruq.

Təhsil təkcə fərdi uğurlar üçün lazım deyil, biz savadlı bir cəmiyyətə sahib olmalıyıq.

Problem ondadır ki, bizim cəmiyyətimiz çox eqosentrikdir. Bizə elə gəlir ki, bizim problemlərimiz, ağrılarımız və kədərimiz kimin üçünsə maraqlanır. Heç bir miqdarda, heç bir dərəcədə. Üstəlik, biz öz problemlərimizlə kiminsə qapısını döydükdə, bizi itələyirlər.

Dünya üçün bizim uğur hekayəmizin tarixçəsi maraqlı olacaq. Əgər biz uğur əldə etsək, maraqlı olacağıq. Bizim inkişaf problemlərinə unikal yanaşma tərzimiz, unikal uğur modelimiz maraq doğuracaq, hamı gəlib yerində bunu necə etdiyimizi görmək istəyəcək.

Qazaxlar üçdilli cəmiyyət qurmaq qərarına gəldilər. Qanun hər bir qazaxın üç dili – qazax, rus və ingilis dillərini bilməsini nəzərdə tutur. Biz onlardan çox geri qalırıq, çünki biz birdilli cəmiyyətik. İrəliyə doğru hərəkət etmək üçün bizim cəmiyyətimiz mütləq ən azı dörddilli olmalıdır.

Biz, həmçinin, qanunu pozduğumuza, ona əməl etmədiyimizə, standartlar hazırlamadığımıza və onlara əməl etmədiyimizə, dələduzluq etdiyimizə görə son döyüşdə məğlub olduq.

Sovet ermənisi

Mən sovet ermənisini qalib erməni hesab edirəm, çünki sovet illərində bizim qələbələrimiz var idi – mədəniyyət və ləyaqət sahəsində. Sovet illərindən danışarkən, adətən bolşevikləri, repressiyaları və Stalini xatırlayırlar, ancaq yaradılan mədəni dəyərləri unudurlar.

Qarabağ uğrunda ilk döyüşdə də mən hesab edirəm ki, həm də sovet ermənisi olduğumuz üçün qalib gəldik.

Müstəqil Ermənistanda biz illər ərzində bu yığılanların heç birini inkişaf etdirmədik, qərbi Ermənistanın mədəni irsi isə demək olar ki, unuduldu.

Biz diasporu həyatımıza, dövlət quruculuğu proqramlarımıza cəlb etmək istəyirik, amma biz bunun üçün nə etdik? Biz çox böyük bir zamanı əldən verdik – 30 il, bu bizim sovet həyatımızın yarısıdır. Biz bir neçə nəsil itirmişik – dövlətin yaradıcılarını. Çox şeyə sıfırdan başlamaq lazımdır. Biz ən aşağı həddə endik. İndi bizim yalnız bir yolumuz var – yuxarı.

Suveren Ermənistan

Suveren Ermənistan Rusiyanın yaxşı müttəfiqi olacaq. Biz Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə qaldırmağı mütləq bacarmalıyıq. İndi dünyada situasiya ağırdır və bizə geosiyasi oyunlara girmək lazım deyil. Biz mövcud münasibətlərimizdən qarşılıqlı olaraq maksimum faydalanmağı mütləq bacarmalıyıq.

Qeyd: Armen Darbinyan 1965-ci ildə Ermənistanın SSR-in ikinci böyük şəhəri olan Leninakanda (hazırda Şirak vilayətinin inzibati mərkəzi olan Gümrü şəhəri) anadan olub. Erməni siyasi və dövlət xadimidir. Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professordur.

“Tranzit ölkələrin iqtisadiyyatı və siyasəti” kursunun müəllifi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iqtisadi islahatlar və beynəlxalq maliyyə sahəsində aparıcı mütəxəssisi, dövlət mükafatları kavaleridir.

1997-98-ci illərdə Ermənistanın Maliyyə və iqtisadiyyat naziri olub. Ermənistan Respublikasının dövlət xəzinə sisteminin yaradılması konsepsiyasının təşəbbüskarı və müəllifidir.

1998-1999-cu illərdə Ermənistanın Baş naziri olub. 1999-cu ilin iyunundan 2000-ci ilin fevralınadək Ermənistan Respublikasının iqtisadiyyat naziri vəzifəsini tutub.

2001-ci ildən Rus-Erməni (Slavyan) Dövlət Universitetinin rektorudur.

2005-ci ildən Rusiya Federasiyası Hesablama Palatasının Ekspert Şurasının, 2006-cı ildən isə “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyinin Ekspert Şurasının üzvüdür.

Armen Darbinyanın baş nazir olduğu dövrdə – 1998-ci il sentyabrın 7-8-də onun rəhbərlik etdiyi Ermənistanın yüksək çinli dövlət məmurlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər həmin tarixdə TRACECA (Transport Corridor Europe-Caucasus-Asia – Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramının Bakıda keçirilən Böyük İpək Yolunun bərpası ilə bağlı beynəlxalq konfransında iştirak etmək məqsədi daşıyıb. Konfrans baş tutub, Ermənistanın baş naziri bütün tədbirlərdə iştirak edib və müvafiq sənədləri imzalayıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32