Şənbə, 27 Aprel

Ermənilər Bakıya “bilet alıb” - xalq sülhü seçdi, bəs Paşinyan ölkəsini toparlaya biləcəkmi?...

image

Son seçkilərdə Ermənistan əhalisi sülhə və əməkdaşlığa, özlərinin dediyi kimi, gələcəyə səs verdilər. Onlar Azərbaycan və Türkiyə rəhbərlərinin ən müxtəlif tribunalardan, xüsusilə də Şuşadan verdikləri mesajları düzgün oxudular və dünyada bir ilkə imza atdılar.

Siyasət şöbəsi yazır ki, bu zamana qədər müharibədə məğlub olmuş dövlət və ordu rəhbərliyi vəzifələrini eyni anda daşıyan hansısa bir lider öz xalqı tərəfindən təkrar başa gətirilməmişdi. Savaşlarda qalib gəlmiş bir liderin seçilməməsi faktı var idi (məsələn, Fransanın milli lideri Şarl de Qoll), lakin öz xalqına və ordusuna biabırçı bir məğlubiyyət yaşatmış liderin böyük səs çoxluğu ilə yenidən həmin millətin başına gətirilməsi seçki sistemi ilə idarə olunan dünya ölkələri arasında ilk dəfə baş verirdi. Bu, Paşinyanın qabiliyyətinə görə baş vermədi.  Erməni xalqı buna məcbur qaldı. Ermənilər iki pisdən nisbətən yaxşısını seçdi.

Onun belə bir ‘’təkliflə’’ - seçimsizliklə  üz-üzə qalmağı Azərbaycan dövlətinin fəaliyyəti, Ordumuzun əzmi nəticəsində mümkün oldu. Heç zaman dayanmayan Qarabağ müharibəsinin ikinci, 44 günlük fraqmentinə görə olmadı bu nəticə. Həm də 2016-cı ilin Aprel döyüşlərinin burada mühüm rolu var.

Son 4 ildə Azərbaycan regiondakı proseslərdə və savaş meydanında hər şeyi diqtə etməyə başlamışdı, Aprel döyüşlərində Ordumuzun göstərdiyi şücaət erməni mifini və Ermənistandakı müharibə partiyasını sındırdı, iqtidardan və xalqının gözündən saldı, status-kvonu dəyişdirdi, erməniləri alternativsizliyə -  ya da Paşinyan kimi bir küçə siyasətçisini başına gətirməyə vadar qoydu.

Onun rəhbərliyi altında siyasət aparan və 2020-ci ildə  Azərbaycanla savaşa girən Ermənistanın düşdüyü durum isə iyun ayının 20-nə təsadüf edən seçkilərlə dediyimiz sonluqla nəticələndi. Azərbaycan cəmi 4 il ərzində Ermənistanı öz yazdığı ssenarini oynamağa vadar qoydu, düşmən ölkədə əsas amil olan monolitliyi dağıtdı,  Robert Köçəryan və Serj Sərkisyanın timsalında müharibə partiyasını bitirdi, məhv etdi, bir zamanlar ermənilərin gözündə qəhrəman olanları yerlə yeksan duruma düşürtdü.

Və dediyimiz nəticə -  ordunun və hökumətin başında dayanıb öz ölkəsini biabırçı məğlubiyyətə gətirib çıxardan bir lider öz xalqına yeganə seçki variantı kimi, alternativsizlik kimi təqdim olundu. Açıq deyək, proseslərin istədiyimiz ssenari üzrə getməsi və 10 noyabr üçlü anlaşmasının problemsiz davam etməsi üçün Nikol Paşinyanın seçilməsi və davam etməsi lazım idi. Azərbaycan o nəticəni yüksək səviyyədə aldı və yoluna davam edir.

Əminliklə deyə bilərik ki, hətta Robert Köçəryan da seçilsəydi, onun da Azərbaycanın diqtəsi ilə hərəkət edəcəyi qaçılmaz idi. Lakin zaman itiriləcəkdi, sabotaj təşəbbüsləri çoxalacaqdı. Necə ki, hətta indinin özündə həmin qüvvələr -  seçilməyən, azlıqda qalan müharibə partiyası, Ermənistanda ‘’Qarabağ klanı’’ adlandırılan mafiya təxribat və sabotajlarından qalmır. Son günlər Tovuzda, Kəlbəcərdə və digər sərhəd bölgələrində baş verən provokasiyalar dediklərimizin bariz sübutudur. Bu cür təxribatlar daha da arta bilər. Lakin  bizim qatar artıq yola düşüb və bütün erməni xalqı onun hərəkəti istiqamətinə - Bakıya, Ankaraya ‘’biletini’’ alıb. Paşinyana səs verməklə...

Bu gün-sabah Zəngəzur dəhlizi açılacaq, kommunikasiyalar işə düşəcək və obrazlı dediyimiz ‘’qatar’’ metaforası gerçəkdən hərəkət edən, işğaldan azad edilən torpaqlarımızı bir xab (HUB) halına gətirən qaynar proseslərin, hətta çoxlu qatarların  simvoluna çevriləcək. Bütün bunların baş verdiyi an ermənilər və Ermənistan prosesdən hansı məsafədə olacaq?

Azərbaycan Prezidenti özünün son çıxışında da -  Silahlı Qüvvələr günündəkı nitqində  də Ermənistana və erməni xalqına çıxış yolu göstərdi. Həyat, çörək, nicat yolu təklif etdi.

Bundan əvvəlki mesaj, danlaq və təklifləri kimi, Prezident Əliyevin son mesajları da Ermənistan rəhbərliyi və xalqına hərəkət istiqaməti olacaqmı? Regionda Azərbaycan, Türkiyə və Ermənistanın üçlü formatda əməkdaşlığına yaxın zamanlarda start vermək mümkün görünürmü?

Bəs Rusiya amili, bu üçlü formatın işləməsinə hansı bucaq altından baxacaq? Ən əsas suallardan da biri -  Nikol Paşinyan xalqından səs ala bildi: daxili düşmənlərinin təxribatlarını, sabotajlarını dayandıra biləcəkmi?

Ordu ilə arasında ciddi problemlər var -  lakin o, Ermənistana bağlı silahlı tör-töküntüləri Qarabağ ərazilərindən - Xankəndindən, Ağdərədən, Xocalı və Xocavənddən çıxartmalıdır. Bunu bacaracaqmı?  Paşinyan öz xalqını sülh müqaviləsinə hazırlamağın öhdəsindən gələ biləcəkmi? 

https://azadsoz.com/M0/1/2021/06/images/20210630_114039_1625038839_2fe5e5e3e4.jpg

Fazil Mustafa: “Ermənistandan kənarda olan dairələr prosesi idarə etdiyini göstərmək üçün təxribatlarla məşğuldur, amma payızda sülh müqaviləsi mümkündür”

Deputat Fazil Mustafanın bildirdiyinə görə, bu təxribatları edənlər ermənilərdən daha çox sülhü istəməyən qüvvələrdir: “Ermənistandan kənarda olan dairələr prosesi idarə etdiyini göstərmək üçün sabotajla, belə təxribatlarla məşğuldur. Ermənistanda hakimiyyət boşluğu həll edilib qurtaranda, hökumət qurulanda konkret proses başlanacaq. Erməniləri inandırmalıyıq ki, Zəngəzur dəhlizi açılmasa, onun alternativi olan Laçın dəhlizinin bağlanması gündəmə gələ bilər”.

F.Mustafa hesab edir ki, əslində ermənilər sülhə hazır olduğu üçün seçkidə Paşinyana səs verdi: “Əks halda, Köçəryana etimad göstərərdilər. Ermənilərin sülhə hazırlaşmasından daha çox hökumətin möhkəmlənməsi prosedurunu gözləyirlər. Azərbaycan da bunu gözləyir. Ona görə provokativ addımlar əsas verir ki, sərhədləri daha da möhkəmləndirək, yəni biz də yatmayacağıq. Sadəcə, əleyhimizə olan proses kimi qiymətləndirmirəm. Payızda sülh müqaviləsi imzalanması mümkündür. Biz çalışmalıyıq ki, sülh müqaviləsinin bağlanması ya müharibənin başladığı, ya da bitdiyi günə düşsün”.

https://azadsoz.com/M0/1/2021/06/images/20210630_114045_1625038845_b67da4ad62.jpg

Xəyal Bəşirov: “Üçtərəfli bəyanatda olan bəndlər yerinə yetirildikdən sonra sülh müqaviləsi imzalana bilər, Paşinyan bunu yaxşı bilir”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov qeyd etdi ki, Ermənistanın hərbi kapitulyasiyaya məcbur olması bütün dünyaya bəllidir və bu ölkənin adından Paşinyan məğlubiyyət sənədini imzaladı: “Lakin tarixdə nadir hallardan biri baş verdi, məğlub ali baş komandan təkrar seçkidə qalib gəldi. Onun cinayətkar klan üzərində qələbəsi təkcə özünün siyasi iradəsi, ölkə daxilində dəstək alması hesabına baş vermədi, həm də Azərbaycanın və dövlətin başçısının apardığı uğurlu siyasi-diplomatik nəticəsində mümkün oldu. Prezident müharibə dönəmində və sonrakı proseslərdə də Paşinyana rəqib olan qüvvələrin mahiyyətini ortaya qoydu. Həmin güclərin region dövlətlərinə deyil, habelə erməni cəmiyyətinə vurduğu ziyanlarla bağlı fikirlərini ortaya qoydu”.

Politoloq hesab edir ki, seçkidən sonra üçtərəfli bəyanatın yerinə yetirilməyən bəndləri icra olunmalıdır və Paşinyanı da narahat edən məqamlar bundan ibarətdir: “Çünki onun hakimiyyətdə qalmasını təmin edən əsas məsələ budur. Bu, sülh müqaviləsi deyil, bəyanatdır. Bu bəyanatda olan bəndlər yerinə yetirildikdən sonra sülh müqaviləsi imzalana bilər. Paşinyan bunu yaxşı bilir. Ona görə hakimiyyətini sığortalamaq, revanşist qüvvələrdən xilas olmaq üçün bu razılaşmanı icra etməlidir”.

X.Bəşirovun zənnincə, Paşinyan anlayır ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına nail olmalıdır: “Həmin cinayətkar, təxribatçı güclərin zərərsizləşdirilməsi ilə sərhədlərin dəqiqləşdirilməsi prosesi aparıla, Dağlıq Qarabağdakı silahlı dəstələr çıxarıla, Qazağın 7, Naxçıvanın Kərki kəndi işğaldan azad oluna bilər. Hazırda Kəlbəcər və Tovuzun atəşə tutulması üçtərəfi bəyanatı pozmaqdır, bu təxribatlar Paşinyanın adına yazılır. Ona görə təcili addımlar atılmalıdır. Nəzarətdən çıxmış qüvvələrin münasibətləri gərginləşdirməyə yönəlik bu addımlarına cavab olaraq tədbir görülməlidir”.

https://azadsoz.com/M0/1/2021/06/images/20210630_114123_1625038883_be4e7b05b8.jpg

Elxan Şahinoğlu: “Hər üç ermənidən ikisi Paşinyana ona görə mandat verdi ki, bu problemləri bitirsin”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu “hər üç ermənidən ikisi Paşinyana ona görə mandat verdi ki, bu problemləri bitirsin” qənaətindədir. Politoloqun sözlərinə görə, ermənilərin ona səs verməsi məhz Azərbaycan və Türkiyə ilə münasibətləri yaxılaşdırmağa şans tanıması idi: “Ermənilər uşaqlarının Qarabağda ölməsini istəmir. Paşinyan bunu edəcəkmi, hökuməti necə quracaq, müdafiə və xarici işlər nazirləri kimləri təyin edəcək... Bax, bu məsələlər mühümdür. Elə bir xarici işlər naziri olmalıdır ki, prosesi pozmasın. Biz gördük ki, keçmiş nazir Ara Ayvazyan Paşinyanla eyni mövqeni bölüşmürdü, mina xəritələrinin  verilməsinin əleyhinə çıxırdı və sonda istefaya getdi”.

E.Şahinoğlunun fikrincə, Paşinyan özü mina xəritələrini verməyə hazır olduğunu deməklə müəyyən ümidlər yaradıb: “Amma orduda baş verənlər bizi düşündürməlidir. Paşinyanın Kəlbəcər və Tovuz təxribatlarında marağı yoxdur. O zaman bu, Moskvanın təlimatıdır, yoxsa Köçəryana yaxın ordu güclərinin işidir, bilmirik. Ancaq bu da Paşinyanın problemidir. Ona görə hökuməti qurub təmizləmələr aparmalıdır, əks halda, gərginlik qalacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36