Çərşənbə axşamı, 07 May

Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsində tükürpədən ifadələr

image

“Burada özlərini məzlum göstərmələrinə baxmayın, Şuşa həbsxanasında cəllad idilər”

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ nüharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Lüdvik Mkrtıçoviç Mkrtçyan və Alyoşa Aramaisoviç Xosrovyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Erməni yaraqlıların vəkillərinin vəsatəti təmin olundu

Yasamal Rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə iyunun 9-da keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək müvəkkillərinin  şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında oturmasını xahiş ediblər. Vəsatət təmin olunub və təqsirləndirilən şəxslər vəkillərinin yanında əyləşib.

Əsir əsgərin üstünə şaxtalı havada soyuq su töküb, qarın altında basdırıb

Bundan sonra prokuror ittihamı elan edib. İttihamda göstərilib ki, Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb. O,  bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Qubadlı rayon ərazisində yaralı vəziyyətdə olan Həbib Muxtar oğlu Kazımovu əsir götürərək baş və bədən nahiyəsinə ağır zərbələr yetirərək işgəncə verib. Bundan başqa, Lüdviq Mkrtçyan 1994-cü ildə Kəlbəcər rayonu  Murovdağ istiqamətində yaralı halda əsir düşən Elman Rəhman oğlu Hacıyevi Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orda ona işgəncə verib, qondarma rejimin sabiq müdafiə nazirinin evinin tikintisində ağır işlərə cəlb edib, ac saxlayaraq ona avtomat qundağı ilə zərbələr vurub. Bundan başqa, təqsirləndirilən şəxs bir qrup erməni ilə cinayət əlaqəsinə girərək 1993-cü ildə Ağdamda əsgər Famil Heydərəli oğlu Əliyevi əsir götürüləndən sonra Şuşa həbsxanasına aparıb, daha sonra orada ona ağır işgəncələr verib.

Lüdviq Mkrtçyan həmin vaxt Şuşa həbsxanasında dəmir və taxta parçalarla ilə yaralı əsgərə xəsarətlər yetirərək ac-susuz saxlayıb. Bundan başqa, təqsirləndirilən şəxs 1994-cü ildə Ağdamda əsir düşən əsgər Cavid Alı oğlu Hüseyni Şuşa həbsxanasında saxlanıldığı 1 il müddətində işgəncə verib. Onu şaxtalı havada, qarın altında basdırmaqla işgəncələr verib, üzərinə soyuq su töküb, baş və göz nayihəsinə ağır zərbələr vurub, işgəncə verib. Nəticədə Cavid Hüseynin hər iki gözü görmə qabiliyyətini itirib. Lüdviq Mkrtçyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Kamil İdris oğlu Babayevi Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə mütəmadi vuraraq xəsarətlər yetirib, ac-susuz saxlayıb, müxtəlif üsullarla işgəncələr verib. 

O, digər təqsirləndirilən Alyoşa Xosrovyanla birlikdə əsgər Yaşar Abduləli oğlu Abduləliyevə də işgəncə verməkdə təqsirləndirilir. Kəlbəcərdə, Ömər aşırımında əsir düşən əsgəri rayondakı evlərdən birində qanunsuz olaraq saxlayaraq onu müxtəlif vaxtlarda və müxtəlif alətlərə döyüb, xəsarətlər yetirib. Lüdvik Mkrtçyan erməni qruplaşması ilə birləşərək 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Zahid Həsənovu qanunsuz saxlayaraq əsirlikdə olduğu müddətdə ağır xəsarətlər yetirib, qışda üstünə soyuq su töküb, döyüb, ac saxlayıb.

Onun bədənində siqaret söndürüb, ağır işgəncə verib

Təqsirləndirilən şəxs 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən döyüşlərdə yaralanan əsgər  Rauf Şəmsəddin oğlu Qafarovu əsir götürüb, 1 il müddətində mütəmadi olaraq yumruq və təpiklə döyüb. Onun bədənində siqaret söndürüb, ağır işgəncə verib.

Elşən İslamova Ermənsitan vətəndaşlığını qəbul etmək təklif olunub

Lüdviq Mkrtçyan 1998-1999-cu illərdə əsirlikdə olan Elşən Sabir oğlu İslamova da işgəncələr verib. Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak etdiyi zaman Elşən İslamova Ermənsitan vətəndaşlığını qəbul etmək təklif olunub, lakin o, bundan imtina etdiyi üçün ağır işgəncələrə məruz qoyub.

Nəfəs alması çətinləşənə qədər başını suda saxlayıb boğmağa cəhd edib

Azərbaycanlılara işgəncə verən Lüdviq Mktrtıçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Qərib Rövşən oğlu Vəliyevə qarşı da amansız davranıb. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə döyüb, əsiri  yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər başını suda saxlayıb boğmağa cəhd edib.

Əsgəri qətlə yetirdiyi gün o, Azərbaycan Ordusu tərəfindən əsir götürülüb

Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayında olan döyüşlər zamanı da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib. 2020-ci ildə başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub.  2020-ci ilin 15 oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Firavan Xanbala oğlu Əsgərovu qətlə yetirib. Həmin gün o, Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

Yaralı əsgər Cavid Hüseyni şaxtalı havada qarın altında, xlorlu soyuq suda saxlayıb

İttiham aktına görə, digər təqsirləndirilən Alyoşa Xosrovyan qabaqcadan əlbir olan bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq silahlar əldə edib.

O, Birinci Qarabağ müharibəsində  Dağlıq Qarabağ bölgəsində yaşayan bir qrup erməni silahlı birləşməsinin üzvləri ilə birləşərək 1993-cü ildə Qubadlı rayonunun  Əliquluuşağı kəndində baş nayihəsindən yaralanan Həbib Kazımovu 1 il müddətində avtomat silahın qundağı, ağır dəmir parçaları ilə döyərək, ac-susuz saxlayaraq işgəncə verib.

O, Lüdviq Mkrtçyan digərləri ilə birlikdə 1994-cü ildə əsir düşən Famil Heydərəli oğlu Əliyevə Şuşa həbsxanasında saxlanarkən ağır xəsarətlər yetirib. Ac-susuz saxlayıb. Xosrovyan, Mkrtçyan və digərləri Ağdam rayonunun Güllücə kəndində 1994-cü ildə əsir düşən yaralı əsgər Cavid Alı oğlu Hüseynlə Şuşa həbsxanasında 1 il amansız davranıb, şaxtalı havada qarın altında xlorlu soyuq suda saxlayıb.

Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaraları basaraq işgəncələr verib

1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində əsir düşən əsgər Kamil İdris oğlu Babayevlə qəddar davranan Alyoşa Xosrovyan ona mütəmadi olaraq avtomat və dəmir parçaları ilə xəsarətlər yetirib.

Bundan başqa, o, 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qarın nahiyəsindən yaralanan əsgər Zahid Əsgər oğlu Həsənova hər gün işgəncələr verib, baş nahiyəsinə dəmir və ağac parçaları ilə xəsarətlər yetirib, ac saxlayıb.

Ağdam rayonunun Güllücə kəndində çiyin nayihəsindən yaralanaraq əsir düşən Zaur Vahid oğlu Rzayev də Xosrovyanın işgəncələrinə məruz qalıb. Əsir əsgər Ağbulaq kəndindəki evlərdən birində saxlanılarkən ağır işlərə cəlb edib. Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaraları basaraq işgəncələr verib. Xosrovyan  ötən il oktyabrın 3-də Cəbrayıl şəhərinin yaxınlığında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılaraq əsir götürülüb.

Prokuror ittiham aktını alan edəndən sonra təqsirləndirilənlər özlərini qismən təqsirli biliblər. Onlar yalnız özlərini Azərbaycan torpaqlarına qanunsuz keçməkdə günahkar biliblər və digər ittihamları qəbul etməyiblər. Lüdvik Mkrtçyan əsir və girovlara işgəncə vermədiyini bildirib.

Prokuror bildirib ki, ibtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri ilə ittiham təsdiqlənib.

Zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə uyğun gəlib.

Mkrtçyanla Xosrovyan susmağa üstünlük verdi

Daha sonra prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib. Bildiriblər ki, zərərçəkmiş şəxslər dindiriləndən sonra ifadə verəcəklər.

Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm

Prosesdə ifadə verən zərərçəkmiş Qərib Vəliyev bildirib ki, Lüdvik Mkrtçyan ona amansız işgəncələr verib: “1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər. Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O, Azərbaycan dilini bildiyi üçün tərcüməçi kimi işləyirdi. Sual verib məni döyürdü. Sinəmə təpiklə vururdu, işgəncələr verirdi. Kabinetdə mənə 3 şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Yaxın gəlib dizi ilə vurub yerə yıxdı, başıma torba keçirdi və mənə amansız işgəncələr verməyə başladı. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətində müalicə olunmuşam”.

“Birinci dəfə üzləşmədə salam verdim, məni tanıdı”

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaq zamanı Lüdvik Mkrtçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim, məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.

 “Məni orada dəmir parçası ilə döyüb qarın altında basdırdılar”

 Bundan sonra iş üzrə digər zərərçəkən Cavid Hüseyn dindirilib. Əsirlikdə verilən işgəncələrdən sonra Cavid Hüseyn görmə qabiliyyətini ititrib. O, sərbəst ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərin ikisi də Azərbaycan dilini bilir: “Məhkəmədə özlərini məzlum göstərmələrinə baxmayın, Şuşa həbsxanasında cəllad idilər bunlar. 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki, bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndinə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orada dəmir boru ilə başımıza vururdular. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar”.

“Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı”

Zərərçəkən bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Şuşa həbsxanasına gələn zaman onun durumunu görməsin deyə onu qalada gizlədiblər: “Komitə əməkdaşları vəziyyətimi görməsin deyə məni qalaya atdılar. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir, yoxsa sizin? Mən cavab verdim ki, Qarabağ bizimdir. Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi gəldi bizə baş çəkməyə. Yenə də məni bu vəziyyətdə görməmələri üçün karsa saldılar”.

“Uşaq bağçalarından uşaqları gətirib bizi onlara göstərib deyirdilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir”

Zərərçəkən deyib ki, onlara qarşı qeyri-insani rəftar bununla da bitməyib: “Biz Şuşa həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirib bizi onlara göstərib deyirdilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin, sizi öldürərlər. Onlar uşaqları nasist kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər. Həbsxanaya ermənilər qızlar gətirirdi. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər”.

Əlindəki döymə Mkrtçyanın əvəzindən “danışır”

Zərərçəkən proses boyu başını aşağı dikən Lüdvik Mkrtıçoviç Mkrtçyanın əlinin üstündə “LMN” yazısı olduğunu bildirdi, dedi ki, bu, onun əlinə baxış zamanı da təsdiqlənib.

Bundan sonra proses iyunun 16-na qədər təxirə salındı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24