Bazar ertəsi, 29 Aprel

Taksi fəaliyyəti ilə bağlı qərar qüvvəyə mindi, nə dəyişdi - ekspert rəyi 

image

Yanvarın 1-dən taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq olunacağı bildirilirdi. Belə ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. 

Qanuna əsasən, taksi sifarişi operatorları tərəfindən “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulmasına, yəni "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına; hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə; “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün tələb olunan sənədlərin daşıyıcılarda olmasına nəzarət edilməməsinə, icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Bəzi iddialara görə, yanvarın 1-dən, qərar qüvvəyə minəndən sonra həm taksilərin sayı azalacaq, həm də taksi şirkətlərində qiymətlər artacaqdı.  

Qanuna edilmiş yeni dəyişikliyə görə şirkətlər hamısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yaratdığı mərkəzi sistemdə qeydiyyatdan keçməlidirlər. Onların qeydiyyatı təsdiqləndikdən sonra əməkdaşlıq etdikləri hər bir sürücü haqqında məlumatları mərkəzi bazaya yerləşdirməlidirlər. Bu baza onun üçün lazımdır ki, burada sürücülərin iş və istirahət rejiminə nəzarət olunsun, təcrübə, sertifikat, tibbi arayış məsələləri və nəqliyyat vasitəsi texniki tələblərə cavab verirmi kimi sualların cavabı oradan tapılsın.

Əvvəldə qeyd etdiyimiz kimi, bu fəaliyyəti qanun üzərindən qurmayanlar 40 manatdan 40 min manata qədər cərimə oluna bilərlər. 

Artıq yanvarın ilk ongülüyüdür, gözlənilən dəyişikliklər baş verdimi? Nə kimi yeniliklər var?

Elməddin Muradlı - Turkic World

Elməddin Muradlı  

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı dedi ki, dəyişikliklərlə bağlı hər hansı addım atılmayıb: “Çünki sənədlər, icra mexanizmi tam hazır deyil. Aidiyyəti qurum hələlik heç bir addım atmadığına görə heç bir dəyişiklik yoxdur. Düzdür, ötən ildən çağırışlar oldu, xeyli sürücü bu çağırışlara qoşulub, gedib təhsillərini artırıblar. Sürücü təlim mərkəzində təlimlər keçiblər, imtahan verib sertifikatlarını alıblar. Bundan sonrakı mərhələdə qalır onların fərqlənmə nişanı alması, taksi buraxılış vərəqəsi və sürücülük üçün buraxılış kartı əldə etməsi. Vaxtlı-vaxtında tibbi müayinədən keçməlidirlər, avtomobili təmiz saxlamalıdırlar. Ola bilsin, növbəti mərhələdə onların avtomobillərinin texniki vəziyyətinə də baxılacaq və taksiyə cəlb olunan avtomobillərə il məhdudiyyəti qoyulacaq. Bu məsələyə bu il toxunulacaq. Nə vaxt reallaşacağı da bu il bilinəcək. Amma o da gündəmdədir ki, köhnə avtomobillərlə taksi xidməti olmaz. Amma hazırda kartın və digər sənədlərin qaydaları tam müəyyənləşmədiyinə görə, bunu da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) verməlidir, yəni hazırda taksi sürücüləri ilə bağlı hər hansı problem yoxdur. Köhnə qaydada öz işlərini görə bilərlər. 

Ümid edirik ki, bu sənədlər vacib bir dəyişikliyə gətirib çıxarsın. Effekti olmayacaqsa, bu qədər dəyişikliyə nə ehtiyac var idi. Bunun tətbiqi ona görə zəruridir ki, insanlar artıq taksi sürücülərindən beziblər, qorxurlar, narahatdırlar. İçində pedofili var, oğrusu, cinayətkarı, qadınlara qarşı nalayiq hərəkət edən insanı var. Bunlar hamısı sıradan çıxmalıdır. Narkotik aludəsi, sərxoş vəziyyətdə, sənədsiz sükan arxasında əyləşənlər var. Düzdür, AYNA onları tənbeh edib, cəlb edir ki, onlar nəzarətdən kənarda qalmasınlar. Amma bu sahə elədir ki, yenə də nəzarətsiz qalma ehtimalları var. Bəziləri var, hətta, qaziyəm, özümü yandıracam deyə bəhanələr gətirir. Bunların da qarşısı hansısa formada alınacaq. Qayda hamı üçündür, heç kəs də kənarda qalmamalıdır. Bununla belə, xeyli nizam-intizamlı taksi sürücüsü də var. Artıq imtahan da verib, sənədlərini də alıb. Digər qaydalar da tətbiq olunandan sonra onlar qaydalar üzrə hərəkət edəcəklər".  

Ekspert əlavə edib ki, hələ taksilərin sayında azalma yoxdur, qiymətlər də artmayıb: “Səbəb də yoxdur, qiyməti nəyə əsasən qaldırsınlar?!” 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55