Bazar ertəsi, 29 Aprel

Laçın dəhlizi bağlanır? - “Geri gəlsələr, onları Xaçatryanın taleyi gözləyir” 

image

“Məncə, “Laçın” sərhəd-keçid məntəqəsinin digər sərhəd qapılarımız kimi bağlanması təklifini Azərbaycanda mövzu qıtlığından əziyyət çəkən müxalifət irəli sürə bilər. İnanmıram ki, normal düşüncəsi olan və radikal mövqedə olmayan müxalifət belə bir şey fikirləşsin”.

Bu sözləri açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Müsahibimiz 2020-ci ilin mart bəri bağlı olan Azərbaycanın digər dövlət sərhədləri kimi, “Laçın” sərhəd-keçid məntəqəsinin də bağlanması ilə bağlı sosial şəbəkələrdə ortaya çıxan təkliflərə münasibət bildirib.

Qeyd edək ki, bəzi şəxslər digər sərhəd qapıları kimi “Laçın” sərhəd-keçid məntəqəsinin də koronavirus pandemiyası ilə əlaqədar bağlanması haqqında fikirlər irəli sürsə də, digər bir kəsim Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtmaması üçün dövlətin bu yola getməsini vacib hesab etdiyini bildirib.

Öz növbəsində, C. Nuriyev söyləyib ki, Azərbaycan sərhədlərini ona görə bağlamayıb ki, onun sərhəd problemi var, yox, Azərbaycan pandemiya ilə bağlı bunu bağlamışdı:

“İndi sərhədlər 2024-cü ilin yanvarın 2-nə qədər bağlanıb ki, bundan sonra açılmaq ehtimalı çox yüksəkdir. Bu müddət ərzində də Azərbaycan həm müharibəyə hazırlaşdı, həm də 3 il ərzində 30 illik işğala son qoydu. Eləcə də 3 il ərzində dövlət terrorçuların ölkəyə quru yolu ilə gəlməsinin qarşısını aldı. Bunun həm hərbi-siyasi, həm də tibbi əhəmiyyəti mövcud idi”.

Sabiq deputat söyləyib ki, “Laçın” sərhəd-keçid məntəqəsinin digərləri kimi bağlanmasını irəli sürmək daha çox Avropaya lazımdır və erməni dəyirmanına su tökmək bir şeydir:

“Onsuz da bilirik ki, Qarabağa artıq erməni gələsi deyil, çünki onların bir hissəsi Ermənistandan üçüncü ölkəyə köç ediblər. Onlar hansı üzlə geri qayıdacaqlar? Çünki əksəriyyəti əliyalın azərbaycanlıları qanına qəltan edənlərdir. Yəni ailə başçılarıdır və bilirlər ki, geri gəlsələr, onları Vaqif Xaçatryan və digərlərinin taleyi gözləyir”.

Müsahibimiz əmindir ki, bu gün Qarabağdan gedənlərin arasında əli azərbaycanlıların qanına batmış 3-4 min erməni döyüşçüləri var ki, bunlar da geri gələsi deyil:

“Ona görə də “Laçın” sərhəd-keçid məntəqəsinin bağlanılması məsələsini gündəmə gətirmək bir az təhlükəlidir. Həm də ki, bu, Azərbaycan dövlətinin maraqlarına ziddir. Çünki dövlət nə vaxt istəsə, onu qapatmaq onun üçün bir şey deyil. Onsuz da gəlib-gedən yoxdur. Əgər gün ərzində 1-2 nəfər gəlib keçirsə, niyə biz sərhədi bağlayaraq dünyaya şərait yaradaq?”

“Onsuz da bizi etnik təmizləmədə ittiham edirlər, lakin Qarabağ ermənilərinin çoxu könüllü çıxıb gediblər. İndi biz sərhədi bağlasaq, görün nə ola bilər? Bu fikirlər Fransa tərəfindən ötürülən fikirlərdir və təəssüf ki, bunu bizimkilər də tirajlayır. Bu gün Fransa başda olmaq bəzi avropalı rəsmilərə sərhədin bağlanması lazımdır ki, hüquqi müstəvidə Azərbaycanı ittiham etsinlər. Çünki Azərbaycan belə bir qərarı qəbul etsə, başlayacaqlar ki, “biz etnik təmizləmə var deyəndə kimsə inanmırdı. Baxın, Azərbaycan yolu bağlayıb və geri qayıtmaq istəyənlərə imkan vermir”, – deyə o, əlavə edib.

Mütəxəssis onu da bildirib ki, ümumiyyətlə, bu ideyanı gündəmə gətirməyin özü çox təhlükəli və xətalı bir fikirdir: 

“Burada bir dövlətin strateji maraqları mövcuddur, bir də ümumi maraqlar. Biz bu gün ölkənin strateji maraqlarının təminatı ilə maraqlanmalıyıq. Çünki ölkəyə qarşı olan təhdidlər hələlik qurtarmayıb, yəni ölkənin milli təhlükəsizliyinə xarici təhdidlər var. Əgər biz sərhədlərimizin hamısı açsaq, xarici təhdidlərdən sığortalana bilməyəcəyik”.

“Mən istəyərəm ki, Azərbaycan daxildəki siyasi sabitliyi tam bərpa edən qədər sərhədləri açmasın və yəqin ki, elə də olacaq. Bu tendensiyalar Azərbaycan Milli Təhlükəsizlik Konsepiyasında belə var ki, ölkə öz təhlükəsizliyini qorumalıdır. Azərbaycan Milli Təhlükəsizlik Konsepiyasında dövlət 3 səviyyədə öz təhlükəsizliyini təmin etməlidir: şəxsiyyət, cəmiyyət və dövlət səviyyəsində. Bəli, dövlət səviyyəsində təhlükəsizliyi təmin edə bilirik, cəmiyyət və şəxsiyyət səviyyəsində isə hələlik müəyyən problemlərimiz var. Bu, o deməkdir ki, biz bu dəqiqə sərhədləri açaq və ermənilərin tapşırığı ilə müəyyən adamlar gəlib Bakıda terror törətsin, bunu fikirləşmək lazımdır”, – təkliflərini verib.

“Bu tendensiyaları fikirləşənlər ağıllı adamlardır, dövlətin yaxşı və savadlı strateqləri, analitikləri var ki, bunu fikirləşirlər. Ona görə də inanmıram ki, yaxın zamanlarda o biri sərhədlər açılsın, yaxud “Laçın” sərhəd-keçid məntəqəsi qapadılsın. Proseslər indiki kimi davam edəcək və heç nə dəyişməyəcək”, – fikirlərini tamamlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55