Cümə, 01 Mart

Paşinyan güllələnə bilər – Rusiyanın “B planı” haqda sensasion məlumatlar yayıldı

image

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov maraqlı müsahibə verib. E.Məmmədyarov müsahibədə bir çox məqamlara toxunub. Sabiq nazirin fikirləri içində diqqət çəkən məqamlardan biri də 1999-cu ilin oktyabr ayında Ermənistan parlamentindəki gülləbaran hadisəsini yada salmasıdır.

Sitat: “Xatırlayırsınızsa, 1999-cu ildə Ermənistanın parlament rəhbərliyini güllələmişdilər. Orada 6-7 nəfər güllələnmişdi ki, onlar arasında baş nazir, keçmiş müdafiə naziri də var idi. Ağlıma nədənsə həmin hadisənin təkrar ola biləcəyi gəlir, amma ümid edək ki, eyni hal bu dəfə təkrarlanmaz. Ona görə də Paşinyan bu məsələni bir yolla həll etməlidir”.

E.Məmmədyarov sıradan bir ekspert deyil. Uzun illər Azərbaycanın xarici işlər naziri vəzifəsini daşıyıb. Danışıqlar prosesində bilavasitə iştirak edib. Bu missiyanı Prezidentdən sonra aparan əsas dövlət adamı olub. Onun dediyi hər söz, söylədiyi hər cümlə önəmlidir, arxasında informasiya dayanır. Ona görə də sabiq nazirin Nikol Paşinyanın və ya komandasından yüksək vəzifəli şəxslərin sui-qəsdə məruz qala biləcəyi haqda dedikləri boşuna bir söz sayıla bilməz.

1999-cu ildə Ermənistan siyasi hakimiyyətinin bir neçə üzvünün güllələnməsi Qarabağ məsələsi ətrafında danışıqları pozmağa hesablanmışdı. Həmin ərəfədə İstanbulda ATƏT-in zirvə toplantısı keçiriləcəkdi. O vaxtkı prezidentlər Robert Köçəryanla Heydər Əliyev Qərbin təşkil etdiyi formatda görüşüb, bəzi məsələlər ətrafında razılığa gələ bilərdilər. Bununla bağlı ilkin razılaşmanın əldə edildiyi haqda əvvəldən məlumatlar dolaşırdı. Rusiya isə bu prosesdən kənarda saxlanılırdı. Hələ də belə iddia olunur ki, 1999-cu ilin oktyabr ayında Ermənistan parlamentində baş verən qətliam Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə törədilib. Xatırladaq ki, hadisə zamanı Ermənistan parlamentinin spikeri Karen Dəmirçiyan, baş nazir Vazqen Sarkisyan və digər yüksək rütbəli şəxslər öldürülmüşdü.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinin əsas aparıcı qüvvəsi Qərbdir. Xarici işlər nazirlərinin Vaşintqon müzakirəsi, ardınca liderlərin Brüssel görüşü sülhün yaxın zamanlarda əldə ediləcəyinə dair ümidləri artırır.

Nikol Paşinyan bu günlərdə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdi. Paşinyan sülh müqaviləsinin imzalanmasını hamıdan çox istəyir. Sadəcə, Rusiyaya bağlı qüvvələrin erməni ictimai rəyini manipulyasiya etdiyini əsas gətirərək, riskə getməkdən çəkinir. Haqsız sayılmaz. Elmar Məmmədyarovun məlum açıqlaması da vəziyyətin Paşinyan üçün ürəkaçan olmadığını deməyə əsas verir. Üstəlik Nikol Paşinyan və komandası Rusiyanın iradəsinə zidd olaraq hakimiyyəti götürüblər.

2018-ci ilin may ayında Ermənistanda baş verən proseslər Moskvanın ssenarisindən kənar idi. Putin və hakimiyyəti bunun qarşısını ala bilmədilər. Ermənistanda inqilab o qədər sürətli və gözlənilməz olmuşdu ki, Rusiya müdaxilə etməyə imkan tapa bilməmişdi.

Paşinyanın hakimiyyətə gəlməsi Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmağa hesablanıb. Üstəlik Qarabağ məsələsində Rusiyanın mövqeyi nəzərə alınmamağa başlayıb. Onun rəyi ilə hesablaşan yoxdur. Məsələ Qərb masasında müzakirə edilir və güman ki, sülh müqaviləsinin imzalanması da Qərb paytaxtlarından birində baş tutacaq. Ona görə də Rusiya vəziyyəti dəyişmək üçün hər an müdaxilə edə bilər. Əsas hədəf Paşinyandır. Onu aradan götürməklə status-kvonu dəyişmiş olar. Bəs bu realdırmı? Rusiya Ermənistanda bu miqyasda terror edə bilərmi? Etsə, nələr olar?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, o zaman Ermənistanda törədilən terrorun arxasında birbaşa Rusiya dayanır:“Bəli, 1999-cu ildə Ermənistan parlamentinin spikerini, onun müavini və bir neçə deputatı güllələmişdilər. Bu terraktı Rusiyanın törətməsi heç kimdə şübhə doğurmur. Düzdür, terroru icra edənlər Uzunyan soyadında ata-oğul idi. Amma fikrimcə, eyni hal bu gün təkrarlana bilməz. Lakin Rusiyadan Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına rəsmi olmasa da, müxtəlif politoloq və media vasitəsi ilə təhdidlər səsləndirilir. Düşünürəm ki, bu addımı atmaq asan olmayacaq. Çünki Qərb Paşinyanın qorunması işinə xüsusi diqqət yetirməyə başlayıb. Paşinyan Avropadan mülkü müşahidəçi gətirib ki, onun da ən az 500 nəfəri xüsusi xidmət orqanlarının nümayəndələridir və bilavasitə Paşinyanın qorunması funksiyasını yerinə yetirirlər.

Bundan əlavə, Amerika səfirliyinin işçilərinin sayı 2500 nəfərdir ki, bunun da 500-dən çoxu İrəvanda, xüsusilə baş nazirin ətrafında hər hansı bir hadisənin baş verməməsi üçün müəyyən səylər göstərirlər. Ona görə də, Paşinyana bu gün sui-qəsd etmək o qədər də asan iş deyil. Amma olacağını istisna da etmirəm”.Politoloq deyib ki, sülh müqaviləsi imzalanana qədər N.Paşinyan ciddi sürətdə qorunacaq, ona qarşı diqqət 2-3 qat artırılacaq və onun aradan götürülməsi kimi yayılan məlumatlar öz hədəfinə çatmayacaq:

“Lakin elə bir terror aktı təkrarlanarsa, Nikol Paşinyanın komandasında kiməsə nəsə etsələr, bir şey dəyişməz, amma baş nazirin özünə qəsd etsələr, birbaşa sülhyaratma prosesi pozulacaq. Bu isə Rusiyanın ürəyindən keçən əsas məsələdir. Bu baxımdan da dünya Paşinyanı ona görə qorumağa çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və bundan sonra elə hərəkətlərə əl atılsın ki, bu, Rusiyanın bölgədəki təsirinin zəiflədilməsinə, sonda isə yox edilməsinə aparıb çıxarsın. Düşünürəm ki, Rusiya bu yolla çökəcək.

Hər halda Rusiya faktoru ciddiyyətini saxlayır və onu saya salmamaq, nəzərdən qaçırmaq mümkün deyil. Amma əmin də deyiləm ki, Rusiya 1999-cu ildə olduğu kimi, Ermənistanla ürəyi istədiyi kimi hərəkət edə bilsin, istədiyi məsələlərə onları təhrik etsin və s”.

Q.Hüseynli deyib ki, N.Paşinyan Rusiyada səfərdə olan zaman yemək yemir:

“Məncə, Paşinyan Moskvada olan zaman da onun yeməklərinə xüsusi nəzarət olunur. Adam yeyib-içmir, səfirliyin verdiyi qidalarla qidalanır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda dördotaqlı ev yandı

  • 29.02.2024 - 09:22
image

Salyanda körpə vəfat etdi

  • 28.02.2024 - 11:16
image

Sədərəkdə yanğın oldu

  • 27.02.2024 - 16:32