Cümə, 26 Aprel

ŞOK: Torpaqlarımızı talayan erməni “sərmayəçilər” Azərbaycandan təzminat istəyir

image

“Beynəlxalq məhkəmə çəkişmələri üzrə ixtisaslaşmış ”Global Arbitration Review" (GAR) portalı bir qrup erməni özəl sərmayəçinin Azərbaycana qarşı iddia qaldırması barədə məlumat yayıb. İddia obyekti isə vaxtilə ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz tikilmiş kiçik su elektrik stansiyalarıdır.

Əldə edilən məlumata görə, həmin SES-lərə sərmayə qoyan erməni sərmayədarları Beynəlxalq Enerji Xartiyası haqda Müqaviləni guya onlara həmin obyektlərə sahiblənmək üçün bəzi hüquqlara zəmanət verən sənəd kimi göstərirlər. Onlar Azərbaycana qarşı yüz milyonlarla dollarlıq (!!) iddia irəli sürüblər (Haqqin.az).

Bu, ikinci Qarabağ müharibəsindən sonra investorlarla dövlət arasında ilk məhkəmə çəkişməsidir. İddia 19 erməni investorun adından Nyu-Yorkdakı məşhur “Willkie Farr & Gallagher” hüquq firmasının köməyi ilə qaldırılıb. Azərbaycandan təzminat tələb edən erməni investorların hüquq məsləhətçiləri qrupuna isə keçmiş ədliyyə naziri David Arutyunyanın rəhbərlik etdiyi, İrəvanda yerləşən “Davit & Partners” hüquq firması və müstəqil hüquqşünas Norayr Babacanyan daxildir. Qarşı tərəfə (Azərbaycan) “düşünmək” üçün 3 ay vaxt verilib, bundan sonra iddia beynəlxalq arbitraja təqdim olunacaq.

Amerika firmasının yaydığı press-relizdə deyilir ki, iddia 2020-ci ilin payızında Azərbaycana qaytarılan ərazilərdə qalan 18 kiçik su elektrik stansiyasına “yatırılan” investisiyalarla bağlıdır. Qeyd olunur ki, həmin SES-lər Kəlbəcər, Laçın və Ağdərə rayonlarında yerləşir. II Qarabağ müharibəsinə qədər ermənilər bu ərazilərdə qeyri-qanuni təsərrüfat fəaliyyəti ilə məşğul olub, alternativ və bərpa olunan enerji mənbələrinin istismarına sərmayə qoyublar. Nəticədə Azərbaycanın işğal olunmuş torpaqlarında elektrik enerjisi istehsalı artıb, onun bir hissəsi Ermənistana “ixrac edilib”.

Qlobal Arbitraj İcmalı qeyd edir ki, adı çəkilən SES hazırda “Azərenerji”nin balansındadır.

Doğrudan da həyasızlıqda bunlara çatan millət olmaz. Burda deyiblər, “qara məni basmamış mən qaranı basım”. 30 il qonşu ölkənin ərazisini işğal altında saxlayıb sərvətlərini talayasan, ekologiyasını məhv edəsən, etnik təmizləmə aparasan, kənd və şəhərləri yerlə-yeksan edəsən, sonra da oradan qovulandan sonra qanunsuz tikilən hansısa SES-lərə görə Azərbaycandan utanmazcasına təzminat tələb edəsən!

Bəli, biz 44 günlük savaşda silahlı erməni işğalçılarını - erməni ordusunu cəzalandırdıq. Ancaq silahsız erməni işğalçılarının - torpaqlarımızı on illərlə qanunsuz istismar edib talamış əcnəbilər, “biznesmen” ermənilər əfsus ki, hələ də cəzasız qalır və hətta daha da azğınlaşır, özlərini Azərbaycana qarşı təzminat tələbi irəli sürəcək qədər cəsarətli hiss edirlər. Demək, Ermənistana qarşı təzminat davamızı tezləşdiməliyik. Həm də necə bir təzminat!

“Ermənistan Azərbaycan ərazilərinə dəymiş ziyana görə Azərbaycana 1 trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir”.

Bunu srağagün Bakıda “Mədəni sərvətlərin qorunmasında YUNESKO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsi aspektləri” mövzusunda keçirilmiş Beynəlxalq Elmi Konfransda Atatürk Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Kərəm Karabulut deyib. Eyni zamanda o qeyd edib ki, Ağdamda görünən dağıntılardan sonra “hətta bu məbləğ də yetərli görünmür”.

Məntiqlə heç bir məhkəmə ermənilərin absurd iddiasını təmin edə bilməz. Əks halda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü şübhə altına almalı olacaq.

AMİP sədrinin müavini, politoloq Elşən Mustafayev bildirdi ki, ermənilərin Azərbaycan dövlətinə qarşı təzminat davası açmasına cəhd göstərməsinə onların xislətlərinə görə təəccüblənmir. Onun sözlərinə görə, bu məsələyə baxılacağı halda işi icraata götürəcək məhkəmənin əməlinə dərhal qiymət vermək lazımdır: “Əslində bu şəkildə verilən şikayətlərə dövlətlər tərəfindən tanınan xüsusi məhkəmələrdə baxılır.

Yoxsa hətta ABŞ məhkəmələrinin belə bu mövzuda baxıb qərar verəcəyi işlərin heç bir hüquqi məcburiyyəti yoxdur. Digər məsələ isə Azərbaycanın iki ildən artıqdır azad olunmuş ərazilərində baş vermiş vandalizmə, bütün sahələr üzrə həyata keçirdilmiş dağıntılara, ekoloji fəlakətlər yaratdığına görə Ermənistana qarşı beynəlxalq məhkəmələrə müraciət edilməsini gecikdirəndə qarşı tərəfdən hər şey gözləmək olar. O səbəbdən Azərbaycan olaraq haqlı məhkəmə davamızın zamanının çoxdan çatdığını demək lazımdır.

Əslində Ermənistan tərəfi yaxşı bilir ki, onların belə müraciətlərinin heç bir nəticəsi olmayacaq və Azərbaycana təsir edəcək hər hansı qərar qəbul edilməsi mümkün deyil. Amma məsələni bu şəkildə ictimailəşdirməklə sözün əsl mənasında törətdiklərinə görə gec-tez məhkəmə qarşısında duracaqlarını bildiklərindən qabaqdangəlmişlik etməyə çalışırlar. Dünyada görünməyən və səviyyəsinə görə pik həddə olan həyasızlıq buna deyirlər.

Hesab edirəm ki, bütün dünyanın, o cümlədən BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarda etdiyi cinayətlərə görə cavab verməli olan bir dövlətin iş adamlarının 30 il müddətində əraziləri işğal altında qalıb talan olunan dövləti məhkəməyə verilməsi məsələsini biz özümüz ictimailəşdirməliyik. Bununla da bir daha dünya ictimaiyyətinə ərazilərimizdə hansı vəhşiliklərin törədilməsini çatdırmalıyıq. Eyni zamanda, başqa dövlətlərin məhkəmələrinin belə məsələlərlə bağlı şikayətlərə baxmasına hüquqlarının olmamasını əsas gətirərək onlarla bağlı dövlət səviyyəsində mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır".

Hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, əgər məhkəmə şikayəti qəbul etsə, bu Azərbaycana qarşı ədalətsiz qərar ola bilər: “Bütün dünya qəbul edir ki, Qarabağ işğal altında olmuş ərazidir. Münaqişəli bölgədə investisiya yatırmaqla sahibkar özünü riskə atmış olur. Bunun məsuliyyəti ya özünün, ya da dövlətin üzərinə düşür. Buna görə də məhkəmənin bu iddianı tanıyacağına inanmıram. Ermənilərin ətraf mühit, ekologiya, dövlət əmlakına vurduğu zərər həddən artıqdır. Hələ ki, fərdi əmlaklara dəymiş zərər hesablanmayıb. Çünki bunu vətəndaşlar fərdi qaydada tələb etməlidirlər, Avropa Məhkəməsində iddialar irəli sürməlidirlər. Zamanı nəzərə almaq lazımdır. Xatırladım ki, 2009-cu ildə Ermənistana qarşı məcburi köçkünlərin adından şikayətlər vermişdik. İcraata götürüldü, təxminən 5 ilə qədər kommunikasiyası gedirdi, lakin birdən-birə proses dayandırıldı.

Avropa Məhkəməsi şikayət üçün gec olduğunu bildirdi. Bu bir bəhanə idi. Halbuki bizimlə eyni dövrdə verilmiş şikayətə -”Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərar çıxarmışdı. Ona görə də hesab edirəm ki, məhkəmə bizim şikayətimizdən yayındı. Növbəti belə halın yaranmaması üçün çevik davranmaq lazımdır. Qarabağ iki ildir azad olunub. Ona görə də bütün əmlakları qeydə alıb, aktlaşdırıb, video, foto çəkilişlər aparıb kütləvi surətdə şikayətlər göndərmək lazımdır. Bunu hökumətin köməyi olmadan etmək mümkün deyil. Eyni zamanda, hüquqi dəstək lazımdır. Düşünürəm ki, bu dəstəyi göstərmək üçün dövlət proqramı olmalıdır. Vəkillər mobilizə olunmalıdır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33