Cümə, 10 May

Arvadı ilə musiqiyə qulaq asan gənc onlara söz atan həmyaşıdına dəhşət yaşatdı — Şok təfərrüat

image

Bakıda xuliqanlıq niyyəti ilə qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Rəhman İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əldə etdiyimiz məlumata görə, Rəhman İsmayılov 2019-cu il oktyabrın 11-də, saat 21.50-də bibisinə məxsus evin giriş qapısının qarşısında əmisi oğlu, bibisi gəlini və qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu şəxslə birgə küçədə dayanaraq mobil telefonuna qoşulan səsgücləndirici ilə musiqiyə qulaq asarkən həmin ünvanın yaxınlığında yaşayan və evi istiqamətində piyada addımlayan 1995-ci il təvəllüdlü Cəlal Marifzadə ona axşam vaxtı qonşuların sıx yaşadığı ərazidə yüksək səslə musiqiyə qulaq asmasının düzgün olmamasını irad tutub.

Rəhman isə öz məhlələrinin qarşısında dayandığını bildirib. Cəlal evinə gedib və qayıtmaqla onunla görüşəcəyini deyəndən sonra sonuncu uzaqlaşan kimi bibisinin evindən götürdüyü mətbəx bıçağını şalvarının sağ cibində gizlədib.

Daha sonra Cəlalın yaşadığı evdən gəlməsini gözləyib. Saat 22.05-də Cəlalın küçəyə çıxdığını görəndə ona yaxınlaşıb, qohumlarının yanında ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək özündə olan bıçaqla çoxsaylı zərbə vurub. Cəlal aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Rəhman İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rəhman İsmayılovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman İsmayılov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, bibisinin qonşusu Cəlal sataşqan, mədəniyyətsiz və davakar biri kimi tanıdığından sonuncu ilə heç bir dostluq və ya düşmənçilik münasibətləri olmayıb: “2019-cu il oktyabrın 11-də saat 21 radələrində bibimin evinin qarşısında arvadım, əmim oğlu Emil və bibimin gəlini ilə dayanmaqla söhbət edərək mobil telefona qoşulan kiçik ölçülü səsgücləndirici vasitəsilə musiqiyə qulaq asarkən küçədə 7-8 metr kənardan keçən Cəlal buna görə uca səslə mənə irad tutdu, ünvanıma nalayiq sözlər işlətdi.

Öz evimizin qabağında dayandığımızı bildirsəm də, Cəlal məni yanına çağırdı, kobud şəkildə “Nə deyirsən sən? Gözlə burda, 2 dəqiqəyə gəlirəm” deməklə öz evinə tərəf yollandı. Sonuncunun yaxşı niyyətlə uzaqlaşmadığını, sözü olsaydı, yerində deyə biləcəyini fikirləşdim. Geri qayıtdıqda Emil təmkinli olmağımı xahiş etdi. Mən də nə üçün heç bir reaksiya vermədiyini soruşanda, Emil Cəlalın normal biri olmadığını söylədi”.

Rəhman İsmayılov bildirib ki, arvadına yemək hazırlayaraq kirayə yaşadıqları evə gedəcəklərini tapşırıb: “Cəlalın hücum edəcəyindən ehtiyat etdim, mətbəxdən bıçaq götürməklə həyətə çıxdım. Cəlalın uca səslə məni yanına çağırdığını eşidərək yaxınlaşıb ailə üzvlərimin yanında söyməsinin doğru olmadığını bildirdim. Lakin Cəlal “zor eləmişəm, belə yaxşı oğlansansa, yoldaşının yanında musiqiyə qulaq asmazdın. Sən bilirsən mən kiməm? Mən bu məhlənin vəziyyətinə baxıram, - deyə cavab verdi. Cəlalın şalvarının kəmərinə taxılmış bir ədəd açılıb-qatlanan bıçaq gördükdə, sonuncunun məni vuracağından əmin oldum.

Cəlalla bibimin evi istiqamətində hərəkət edəndə Aytəkinlə Emil bizə yaxınlaşdılar, Aytəkin Cəlala “Niyə belə xuliqanlıq edirsiz? Gərək yenə polisə zəng edim?” deyə bildirdikdə, Cəlal söyüş söyməklə əlləri ilə şübhəli hərəkət etməyə başladı. Cəlalın bıçağı çıxartmaq istədiyini düşündüm. Cibimdən mətbəx bıçağını götürərək əvvəlcə sonuncunun qarın nahiyəsindən, Cəlal söyməyə və əli ilə şübhəli hərəkət etməyə davam etdiyindən isə sonuncunun çiyin, kürək nahiyəsindən də vurdum. Cəlal qaçmaqla oradan öz evi istiqamətində uzaqlaşdı”.

Rəhman İsmayılovun ifadəsinə görə, kirayə yaşadığı evə çataraq bıçağı masanın üzərinə qoyduqdan sonra Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə könüllü gedərək təslim olub: “Cəlalın aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyini sonradan öyrəndim. Yüksək səslə musiqiyə qulaq asmamaqla Cəlal mənə söyüş söydükdə sonuncuya musiqinin səsinin çox zəif olduğunu bildirdim. Cəlalı xuliqanlıq niyyəti ilə nəinki öldürmək, hətta vurmaq məqsədim olmayıb. Özümü qorumaq üçün ona bıçaqla zərbələr endirmişəm. Yetirdiyim xəsarətlərin Cəlalın ölümü ilə nəticələyəcəyi ağlıma belə gəlməyib. Əməlimdən həddindən artıq peşmanam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi, atası Kamran Marifzadə bildirib ki, Cəlal oktyabrın 11-də saat saat 21 radələrində marketdən kontur almaqdan ötrü evdən çıxdıqdan təqribən 10 dəqiqə sonra gəlib və təsbehini götürərək yenidən mənzili tərk edib: “5 dəqiqə ötmüş isə oğlum qarın və kürək nahiyəsindən yaralanmış halda qayıtmaqla “dədə, məni vurdular” sözlərini dedi. Digər oğluma təcili tibbi yardıma zəng etməsini tapşıraraq çölə çıxanda qardaşım oğlunu gördüm. O, Cəlalı küçədə Rəhman vuraraq qaçdığını söylədi. Evə daxil olduqda Cəlalın yerdə huşsuz vəziyyətdə uzandığını gördüm. Təcili tibbi yardım gecikdiyindən oğlumu qonşuların köməyi ilə taksiyə uzandıraraq xəstəxanaya apardıq. Cəlal oktyabrın 12-də, gecə saat 02 radələrində əməliyyatda olarkən vəfat etdi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25