Şənbə, 27 Aprel

Qarabağ erməniləri ilə danışıqlar: masaya kimlə oturmalı, Bakını kim təmsil etməli?

image

Xankəndi ilə danışıqlarda Müdafiə Nazirliyinin nümayəndələri iştirak edir; siyasilər də danışıqlara qoşula bilər; Blinken Əliyevə zəngində etnik erməni sakinlərin hüquq və təhlükəsizliyinin müzakirəsini təqdir edib - fərqli proqnozlar

“Qarabağdakı ermənilər bizim vətəndaşlardır və onlarla təmasların nə vaxt olacağını Bakı özü müəyyənləşdirə bilər”. Prezident İlham Əliyev Praqada Xankəndi və ətraf bölgələrdə yaşayan ermənilərlə bağlı sualı belə cavablandırıb. “Biz qərar veririk onlarla necə, nə zaman əlaqə quracağıq, bu, bizim daxili işimizdir”, - deyə prezident vurğulayıb.

Dövlət başçısının dedikləri bu danışıqlarla bağlı hələ ki xeyli suallar olduğunu təsdiqləyir. Əvvəla, ermənilər bizim torpaqlarda məskunlaşsalar da, de-yure Azərbaycanın ümumvətəndaşlıq pasportlarını daşımırlar, bundan 30 ildir boyun qaçırırlar - ya öz xəyali “dövlət”lərinin heç bir gömrük sərhədinin tanımadığı qondarma “pasportu”, ya da Ermənistan vətəndaşlığını daşıyırlar. Bu danışıqlar masasının qurulması üçün ən vacib məsələdir. Biz nə Ermənistan, nə qondarma “artsax”ın deyil, Azərbaycanın pasportunu daşıyan erməni vətəndaşı ilə danışıqlara oturmalıyıq. Bu, Bakının dəyişməz şərtidir, dövlət başçısı da “bizim vətəndaşlardır” ifadəsini ona görə tez-tez işlədir ki, erməni dəstəkçisi olan dövlətlərdə bu yöndə heç bir illüziya olmasın.

Sadəcə, Qarabağ ermənilərini başından etmək istəyən Paşinyan bu danışıqların alınmasında səmimidirsə, ilk növbədə bütün qanunsuz silahlı dəstələri çıxarmalıdır. Azərbaycandakı ermənilərlə Ermənistanın bütün rəsmi və qeyri-rəsmi iqtisadi bağlılıqlarını kəsdiklərini elan etməlidir. Bu, Qarabağ ermənilərinə Ermənistanın dövlət büdcəsindən pul ayırmaqdan imtina etməklə başlamalıdır, bütün qeyri-qanuni iqtisadi-siyasi strukturlar Xankəndi ilə qarşılıqlı olaraq ləğv edilməlidir. Ermənistanla iqtisadi əlaqələr sonra qurula bilər, amma bu əlaqələrin dairəsi istinasız Azərbaycanın nəzarəti və razılığı altında mümkündür.

Fərid Şəfiyev: “Qarabağdakı ermənilərlə bağlı məsələ Azərbaycanın daxili  məsələsidir”

 Fərid Şəfiyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev də yerli mediaya müsahibəsində bildirib ki, Azərbaycanın “Qarabağın müstəqilliyi” və sair bu kimi radikal ideyaları davam etdirən ermənilərlə masaya oturmayacağı birmənalıdır:“Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının əleyhinə çıxan bu tip radikal şəxslər sonda ya Azərbaycanın ərazisini tərk etməli olacaqlar, ya da müəyyən hüquqi proseslər çərçivəsində onların taleyi həbslə yekunlaşacaq”.

Şəfiyev deyib ki, Azərbaycan konstitusiyasında etnik azlıqların hüquqlarının tam siyahısı verilib:“Məsələn, dillərini inkişaf etdirmək hüququ. Təbii ki, milli kimliyin, mədəniyyətin inkişafı üçün bir çox digər imkanlar da nəzərdə tutulur. Teatrların, məktəblərin yaradılması və s. Təbii ki, bu məsələ gündəmdədir, lakin biz buna Azərbaycan Respublikasının daxili işi kimi baxacağıq. Bu dialoq isə əlbəttə ki, lazımdır”. O, Avropa təcrübəsini də yada salıb: “Məsələn, macar azlığının kompakt yaşadığı Slovakiya. Onların ərazi muxtariyyəti yoxdur və bu heç bir etiraza səbəb olmur. Orada və bir sıra Avropa ölkələrində milli azlıqların heç bir ərazi statusu yoxdur”.

Belə anlaşılır ki, Bakının danışıqlarda müəyyən təklifləri artıq hazırdır və Xankəndindəki ermənilərə ən yaxşı halda “milli-mədəni muxtariyyət” verilə bilər. Bəs Qarabağ erməniləri ilə danışıqlar baş tutarsa, onları Bakıya çağırmaq daha məntiqlidir, yoxsa Xankəndinə getmək də olar? Bu danışıqlarda Azərbaycanı kimlər təmsil edə bilər? Danışıqlar üçün Azərbaycanın ilkin şərtləri nə olmalıdır?

Qabil Hüseynli: “Minsk Qrupunun davranışı ermənilərin çörəyinə yağ sürtməyə  bənzəyir” » Reyting.az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin bildirdiyinə görə, Prezident Qarabağ erməniləri ilə qeyri-formal danışıqların olduğunu göstərdi: “Bu müəyyən protokol qaydalarından, mətbuatın xidmətindən istifadə edilməyən görüşlərdir. Bu danışıqlarda daha çox Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib. Ola bilsin ki, bundan sonra siyasilər də danışıqlara qoşulsun. Ancaq Qarabağ erməniləri ilə bağlı müzakirələr həm də Rusiya ilə aparılır. Azərbaycan sülhməramlı qüvvələrin neytrallaşdırılmasını nəzərdə tutur. Bakı rus hərbçilərin təmas olmadan birbaşa separatçılarla qeyri-formal danışıqları davam etdirmək istəyir, bu istiqamətdə səylər göstərir. Prezident daha əvvəl də demişdi ki, ermənilər tikinti-quruculuq işlərində iştirak edirdilər və rus hərbçilərinin arada dayanmasına ehtiyac olmadı. Bu da bir mesaj idi. Hesab edirəm ki, Qarabağ ermənilərinin inteqrasiyası prosesi gedir, amma bir günün işi deyil. Bu mövzuda həm ölkə prezidentinin bəyanatı, həm də Ermənistan baş nazirinin Praqa görüşünə getməzdən əvvəl "Sülh müqaviləsini Qarabağsız bağlamaq lazım gələcək" fikri göstərir ki, Ermənistan Qarabağla bağlı siyasi və mənəvi məsuliyyəti üzərindən götürür. Bundan sonra Qarabağın separatçı hissəsi ilə təmaslar, ona göstərilən dəstək Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiriləcək. Azərbaycan isə xüsusilə, dinc mülki əhalinin indiki həyat şəraiti ilə müqayisədə daha yüksək yaşam şərtlərinə təminat verməklə paralel bu qeyri-formal danışıqları sürətlə davam etdirəcək. Azərbaycan tezliklə orada əhalinin siyahıya alınması prosesinə başlayacaq. Onsuz da Qarabağda maksimum 18-20 min erməni əhalisi yaşayır. Onların siyahıya alınması prosesi keçirildikdən sonra bu insanlara Azərbaycan pasportu verilməsinin perspektivləri nəzərdən keçiriləcək. Sözsüz ki, oradakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi, onların Azərbaycan vətəndaşlığına qəbul edilmələri, orada olan 5-10 separatçının ərazilərdən qovulub çıxarılması, Rusiya sülhməramlıları ilə danışıqlar aparılması və gələcəkdə onların ölkədən çıxarılması ilə bağlı məsələlər Azərbaycan hakimiyyət orqanlarının üzərinə düşəcək. Onlar da mərhələ-mərhələ öz həllini tapmalı olacaq".

 

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, ABŞ dövlət katibi Blinken Əliyevə zəngində Qarabağdakı etnik erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib: “Bu, Bakının Xankəndidəki ermənilərlə qeyri-formal əlaqələrin davam etdirilməsi mövqeyinin dəstəklənməsidir, hərçənd "ermənilərlə qeyri-formal əlaqələr"ə müəyyən aydınlıq gətirməyə ehtiyac var, xüsusilə Nikol Paşinyanın “Bakı və Xankəndi arasında əlaqələr qurulmalıdır” açıqlaması fonunda. Əliyevin dediyi “qeyri-formal əlaqələr”lə Paşinyanın dediyi “Bakı-Xankəndi formatı” arasında fərq nədir? Birincisi, hər iki tərəfin bir-birinə “yaxın görünə biləcək” mövqeyi siyasi xarakter daşıyır: İrəvana masadan çıxarılan Qarabağ məsələsində “mübarizə apardığını” əsaslandıracaq və daxili auditoriyanın ağzına atacaq “yem” lazımdır; Bakıya Qarabağ məsələsinin daxili işi olduğu faktının bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilməsi, sülh müqaviləsində bu məsələnin ümumiyyətlə gündəmə gəlməməsi lazımdır".

Ekspertin fikrincə, ikincisi, söhbət “qeyri-formal” əlaqələrdən gedir: “Yəni müzakirə mövzusu siyasi yox, ictimai-humanitar məsələlərdir və bunu siyasətçilər yox, ölkənin daxili sabitliyini təmin edən güc strukturları - Daxili İşlər Nazirliyi, yaxud Dövlət Təhlükəsizlik Xidməti apara bilər. Prezidentin açıqlaması da təsdiq edir ki, indiyə qədər "qeyri-formal əlaqələr" müəyyən qədər qurulub, bunun fonunda erməni mənbələrin təmasların Azərbaycanın güc strukturları tərəfindən həyata keçirildiyinə dair məlumatları yada düşür. Bunun əksi - təmasların siyasi səviyyədə qurulması müzakirə mövzusu ola bilməz. Xankəndidə bayrağımızın dalğalanmasının iki yolu var: hərbi əməliyyatla bölgəni təmizləmək, amma Rusiya sülhməramlılarının bölgədə olması bu imkanı azaldır. Bunun baş verməsi Azərbaycana qarşı “soyqırım” ittihamlarını və bu ittihamların rəsmiləşməsi risklərini aktuallaşdırır. Antiterror əməliyyatı ilə separatçıları və qalıqları təmizlənsə belə, erməni əhalini vətəndaşlığı qəbul etməyə sövq etmək güc yolu ilə çətin görünür. Belə bir addım Ermənistanın “Qarabağ münaqişəsi”nin başlanması səbəbi kimi göstərdikləri “etnik münaqişə” ssenarisinin yenidən təkrarlanmasına gətirib çıxara bilər. Və nəhayət, istədiyimiz “birgəyaşayış planı” baş tutmaya, bölgədə maraqlı tərəflərin əlinə “əsas” verə bilər. Bu, həm də rus qüvvələrin bölgədə daha uzunmüddətli qalması perspektivini gücləndirər. Erməni əhali ilə təmaslar qurmalı, birgəyayışın bünövrəsini formalaşdırmalıyıq. Azərbaycanın hədəfi budur və Qarabağda erməni əhalisinin ən azı müəyyən hissəsinin vətəndaşlığımızı qəbul etməsi, yaxud buna isti münasibəti vəziyyəti dəyişdirə bilər. Bu, Azərbaycana imkan verə bilər ki, zərurət yaranarsa, öz vətəndaşlarının müdafiəsi məqsədilə separatçı-terrorçulara qarşı əməliyyatlar da həyata keçirsin. Çətin və ağrılı prosesdir, lakin öncə erməni əhalisi ilə separatçı-terrorçuları bir-birindən ayırmağa nail olmalıyıq".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36