Cümə, 26 Aprel

Rusiya-Ukrayna müharibəsində gözlənilməz gəlişmələr

image

Moskva niyə çıxılmaz duruma düşür; “Kreml açıq şəkildə məğlubiyyəti qəbul etməyəcəyi üçün üçüncü tərəflərin vasitəçiliyi ilə qarşı tərəfi danışıqlar masasına dəvət edə bilər”

Rusiya-Ukrayna müharibəsində yeni gəlişmələr var. Ukrayna ordusunun Xarkov vilayətinin önəmli məntəqələrini, Xerson istiqamətində hücumla digər bir sıra bölgələri azad etdiyi xəbərləri yayılıb. Sübut üçün görüntülər də bu xəbərlərə əlavə olunub.

Həmçinin Ukrayna ordusunun və könüllülərin güclü partizan hərəkatına başladıqları deyilir. Hazırda cəbhədə psixoloji və real üstünlük Ukrayna tərəfə keçmiş sayılır. Rusiya ordusu İzyum (Üzüm) şəhəri istiqamətində mühasirəyə düşməməsi üçün mövqelərini tələm-tələsik tərk edir. Rusiyanın iki aya zorla zəbt etdiyi ərazilər artıq iki günə Ukrayna ordusu tərəfindən geri qaytarılıb. Ümumilikdə, son 1 həftədə Ukrayna silahlı qüvvələri 2 min kvadrat kilometrlik ərazini ruslardan azad ediblər.

Bəs necə oldu ki, müharibə səhnəsində belə kəskin dönüş əldə edildi?

“New York Post” qəzeti bu hadisəni oxucularına “Ruslar qaçır, Ukrayna qoşunları şərqdə təəccüblü nailiyyətlər əldə edir” başlığı ilə təqdim edib.

Rusiya Müdafiə Nazirliyi müharibədəki son vəziyyətlə bağlı açıqlama verib.

İngiltərənin “Daily Mail” qəzetində yer alan xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qoşunların Xarkov bölgəsindən tamamilə geri çəkildiyini qəbul edib.

Nazirlik geri çəkilməyi “yenidən qruplaşma” kimi xarakterizə edib.

Rusiya MN-in bu açıqlaması ekspertlər tərəfindən “etiraf” kimi şərh edilib.

Bu arada Almaniya Ukraynaya lazım olan qədər silah verəcəyini açıqlayıb. Bu haqda Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlama verib: “Biz Ukraynanın və Ukrayna xalqının tərəfindəyik. Nə qədər ki, Ukrayna və Ukrayna xalqının bizə ehtiyacı var, biz onların yanında olacağıq. Biz Ukraynaya lazım olan qədər silah verəcəyik”.

Sentyabrın 11-də isə Rusiya Federasiyası və Fransa prezidentləri arasında telefon danışığı olub.

Vladimir Putin və Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyəti, Zaporojye AES-i və Qara dəniz limanları vasitəsilə taxıl tədarükü ilə bağlı məsələləri müzakirə ediblər.

Vladimir Putin həmçinin vurğulayıb ki, Ukrayna təhlükəsizlik qüvvələri Qərb ölkələrinin verdiyi silahlardan istifadə edərək, Donbas şəhərlərinin mülki infrastrukturunu kütləvi atəşə tutmağa davam edir və bunun nəticəsində mülki əhali əziyyət çəkir.

Qlobal ərzaq təhlükəsizliyi problemləri müzakirə edilərkən, Qara dəniz limanlarından ixrac olunan taxılın ilk növbədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına yönəldilməli olduğu mövqeyi təsdiqlənib. Rusiya prezidenti bildirib ki, Avropa Komissiyasının Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin Afrika, Yaxın Şərq və Latın Amerikası bazarlarına tədarükünə maneə yaratmaması son dərəcə vacibdir.

Sentyabrın 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, boyun qaçırmır: “Lakin Ukraynanın danışıqlardan çəkilməsi prosesi çətinləşdirir”.

Lavrov xatırladıb ki, Moskvanın mövqeyini Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşündə bildirib. “Prezident görüş iştirakçılarına müraciət edərək Ukraynanın tarixi barədə deyib ki, danışıqlardan imtina etmirik, lakin imtina edənlər başa düşməlidirlər ki, bu prosesi nə qədər gecikdirsələr, bizimlə danışıqlar aparmaq o qədər çətin olacaq”.

Bəzi ekspertlər yaranmış son durumu “Rusiya üçün gözlənilən çıxılmaz durumun başlanğıcı” kimi qiymətləndirirlər.

Doğrudanmı artıq Rusiyanın hərbi və iqtisadi çöküşü başlayır? Necə oldu ki, dünyanın 2-ci ordusu Ukraynada bunca zəif performans göstərdi?

Bütün bunlar nələrə gətirib çıxarda bilər - bu durum müharibəni uzadır, yoxsa sülhü yaxınlaşdırır?

 Kamran Məmmədli

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi ekspert Kamran Məmmədli Ukrayna cəbhəsində geridönüşün davam edəcəyini söylədi: “Ukrayna ordusunun əks-hücumu və Xarkov vilayətinin önəmli məntəqələrinin belə tez bir zamanda azad edilməsi bir çox ekspertlər tərəfindən gözlənilməz olsa da, düşünürəm ki, bu, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dönüş nöqtəsi ola bilər. Co Bayden tərəfindən Lend-Liz qanununun imzalanmasından, böyük miqdarda Qərb silahlarının Ukraynaya göndərilməsindən sonra vəziyyət artıq yay aylarından sonra yavaş-yavaş dəyişməyə başlamışdı. Amma son altı gündə baş verənlər vəziyyəti kökündən dəyişdi. Düşünürəm ki, indi bu müharibədə təşəbbüs ukraynalıların tərəfindədir. Ruslar artıq özlərinin istədiyi ərazilərdə deyil, onlara hücum edən Ukraynanın seçdiyi ərazilərdə döyüşəcək.

Eyni zamanda Rusiyanın Xarkovda çoxlu texnika və canlı qüvvələrinin itkisi o deməkdir ki, ruslar qısa və ortamüddətli perspektivdə hər hansı bir hücuma başlamaq imkanına malik deyil. Rusiyanın oradakı insan resursları getdikcə azalır. Kremlin yeganə çıxış yolu insanları orduya məcburi cəlb etməkdir və bu da səfərbərlikdən keçir. Buna isə Putin hazırda getməkdən ehtiyat edir. Çünki bu addım “antiterror əməliyyatı” iddiasından Rusiyanın total müharibəyə qoşulması anlamına gələr  və Rusiya ictimayyətində geniş panika yarada bilər. Hər bir halda Rusiya hazırkı durumda vəziyyəti dəyişdirə bilməsə, biz Ukraynanın yeni əraziləri azad etməsi xəbərlərini daha çox eşidəcəyik".

 

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva rusların itkilərinin ciddi olduğunu qeyd etdi:“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə artıq 7 aya yaxındır ki, davam edir. 7 ay ərzində Rusiya bir neçə dəfə özlərinin dili ilə ifadə etsək, geriçəkilmə taktikası icra edib. Rusiyanın itkiləri ilə bağlı statistik göstəricilər isə geriçəkilmənin heç də taktiki məqsəd daşımadığını göstərir. 127 tank, 4 594 zirehli döyüş maşını, 1 258 artilleriya sistemi, 310 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 241 təyyarə, 212 helikopter, 888 PUA, 214 qanadlı raket, 15 gəmi, 3 368 avtomobil texnikası və avtosistern, 111 xüsusi texnikanın itirilməsi artıq ciddi məğlubiyyətin olacağından xəbər verir. Qərb ilkin mərhələdə sanksiyaların bir ucunun özlərinə toxunacağı xofu ilə Kiyevə genişmiqyaslı yardımlar göstərməsə də, artıq Rusiyanın Avropanı qazla açıq şəkildə təhdid etməsi, bir çox ölkələrdə başlayan etiraz dalğası yardımların həcmində, hava hücumundan müdafiə imkanlarının artırılmasında dəyişikliyə gətirdi. Bu gün Ukrayna cidd-cəhdlə cənub sərhədlərini xilas etməyə çalışır və müəyyən qədər irəliləyişə də sahib olub. Moskva isə açıq şəkildə məğlubiyyəti qəbul etməyəcəyi üçün üçüncü tərəflərin vasitəçiliyi ilə qarşı tərəfi danışıqlar masasına dəvət edə bilər. Lakin danışıqlar aparılması üçün Zelenski 24 fevrala qədər olan sərhədin təmin olunmasında israrlıdır. Bu baxımdan müharibənin "taktiki geriçəkilmə" adı altında xeyli uzanacağı, ən azından sərt qışda Avropanın özünü necə aparacağını müşahidə etmək üçün yaz aylarınadək kiçikhəcmli müharibələrin baş verməsi ehtimalı güclüdür".
 

Oxu.az - Azad edilmiş Qostomelin son vəziyyəti - FOTO

 İdrak Camalbəyli

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli müharibənin qışa qədər bitmə ehtimalını önə çəkdi:“Rusiyanın Ukraynanı işğalının 200-ci günündə artıq Ukrayna ordusu böyük qüvvə ilə hücuma keçib. Uzun müddət idi ki, bu proseslər gedirdi. Yəni hücum hazırlığını nəzərdə tuturam. Ukrayna rəhbərliyi, eləcə də hərbi rəhbərlik dəfələrlə bəyan etmişdi ki, müharibə qışa qədər başa çatmalıdır. Xəbərdarlıq olunmuşdu. Rusların uzun müddətə işğal etdiyi əraziləri Ukrayna ordusu 1-2 günə tamamilə azad etdi. Hətta 2014-cü ildə işğal edilmiş ərazilərdən geri qaytarılanlar var. Geridönüş davam edəcək. Zelenski bəyan etmişdi ki, təkcə Xersondan deyil, digər yerlərdən də ruslar bizdən sürprizlər gözləsin. Deyilənlər özünü doğrultmaqdadır. Ordu tam qələbə əhval-ruhiyyəsindədir. Artıq Qərbdən verilən bir çox silahlar da çatıb və bunların sayəsində Ukrayna ordusu uğurlu əməliyyatlarını davam etdirir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33