Cümə, 10 May

İran PUA-ları Ukraynadakı müharibənin gedişini dəyişə bilər? - ABŞ narahatdır...

image

İranın Rusiyaya minə yaxın PUA satmaq istəməsi ətrafında intriqa getdikcə qızışır. Məsələyə xüsusən də Ukraynanın əsas hərbi müttəfiqi ABŞ-dan sərt reaksiyalar gəlməkdədir.

“Son həftələr Rusiyanın rəsmi şəxsləri İranın pilotsuz təyyarələrinin Rusiyaya verilməsinə dair razılaşma çərçivəsində İranda təlimlər keçiblər”.

Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Vaşinqtonda gündəlik brifinq zamanı bildirib.

“Ötən ay Vaşinqton işarə edib ki, İranın Rusiyaya bir neçə yüz pilotsuz təyyarə verməyə hazırlaşması və pilotsuz döyüş təyyarələrinə baxış məqsədilə Rusiya rəsmilərinin İrana səfər etməsi barədə məlumatı var. Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiya rəsmi şəxsləri pilotsuz uçan aparatların verilməsinə dair saziş çərçivəsində İranda təlim keçiblər”, - Patel deyib.

“Biz İran tərəfindən pilotsuz uçan aparatların istifadəsi və yayılmasından son dərəcə narahatıq. Onlardan ABŞ qüvvələrinə, regiondakı tərəfdaşlarımıza və beynəlxalq nəqliyyat şirkətlərinə hücum etmək üçün istifadə edilib”, - Departament rəsmisi vurğulayıb və əlavə edib ki, Vaşinqton “pilotsuz uçan aparatları ilə bağlı materialların və texnologiyaların İrana tədarükünün qarşısının alınması, dayandırılması və aradan qaldırılması üçün sanksiyalar daxil olmaqla, bütün mövcud vasitələrdən” istifadə etməyə davam edəcək.

Bəs İran PUA-ları niyə ABŞ-da belə narahatlıq doğurur, bu dronlar Ukraynadakı müharibənin gedişini dəyişə, Rusiyanın əlini gücləndirə bilərmi?

Rəşad Bayramov: “Bu, yalnız Rusiyanın vasitəçilik missiyasının fiaskoya  uğraması halında mümkündür” - Azinforum.az İnformasiya Portalı

Rəşad Bayramov: “Əsas məsələ Ermənistanın PUA-larla təchiz olunmasının qarşısını almağa yönəlməlidir”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov məsələyə bu cür şərh verdi: “İranın Rusiyanı pilotsuz uçuş aparatları ilə təchiz etməsi ilə bağlı məsələ artıq bir müddətdir ki, müzakirə olunur və bu istiqamətdə müəyyən razılaşmaların olması da sirr deyil. Hətta müəyyən sayda PUA-ların artıq Rusiyaya verildiyi haqqında məlumatlar var. Belə ki, son bir neçə gündə Rusiya tərəfinin PUA-ların köməyi ilə Ukraynaya məxsus hərbi sursat və texnikanı vuraraq sıradan çıxarması ilə bağlı videogörüntülər də paylaşılır.

İranın pilotsuz təyyarələrinin Rusiyaya verilməsinə dair razılaşma çərçivəsində İranda təlimlər keçirilməsinə gəldikdə isə bunu təkcə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel demir, bu məlumatı SEPAH-ın Aerokosmik Qüvvələri  komandanının baş müşaviri, briqada generalı Əli Balali də təsdiqləyib. Onun verdiyi məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Kaşan aviabazasında Rusiya ilə birgə pilotsuz uçuş aparatları (PUA) təlimləri keçirir.

Əli Balali təlimlərdə Belarus və Ermənistan hərbçilərinin də iştirak etdiyini bildirib və qeyd edib ki, dörd ölkənin 70-dən çox hərbi qulluqçusu 12 gün ərzində hava kəşfiyyatı, hava dəstəyi və artilleriya atəşinin tənzimlənməsi, gecə kəşfiyyatı və fasiləsiz kəşfiyyat da daxil olmaqla beş mərhələdə təlimlər keçəcək. Söhbət təbii ki, İran istehsalı olan “Şahed-191" və ”Şahed-129" PUA-larından gedir. Məlumat üçün qeyd edim ki, adıçəkilən PUA-lar İsrailin “Hermes 450" və ABŞ-ın MQ-1 ”Predator" PUA-sı əsasında hazırlanıb. “Şahed 129" uçuş aparatının gövdəsinin uzunluğu 8 metr, qanadları arasındakı məsafə 16 metrdir. Döyüş yükü 400 kq-a qədərdir. Uçuş sürəti 150 km/saat, uçuş məsafəsi 1700 km təşkil edir. PUA-nın 24 saata qədər havada qaldığı bildirilir. PUA ”Sadid-1" tank əleyhinə idarəolunan raketləri və ya parçalanmış döyüş başlığına malik yüksək dəqiqlikli “Sadid-345" bombası ilə silahlana bilər. Amma bu, məsələnin rəsmi tərəfidir. Əslində bu PUA-nın nə dərəcədə effektli olması ilə bağlı dəqiq məlumatlar yoxdur. Çünki bu PUA-lar hələ genişmiqyaslı müharibədə istifadə olunmayıb. Odur ki, həmin PUA-ın Rusiya-Ukrayna müharibəsinə nə dərəcədə təsir göstərəcəyini indidən demək bir qədər çətindir. Amma hər halda, əgər Rusiya həmin PUA-lara bu qədər maraq göstərirsə, demək ki, həmin PUA-nın effektivliyinə də inanır.

Məsələ burasındadır ki, ABŞ-ın və eləcə də, Avropa İttifaqının Rusiyaya silah satılmamasına dair sanksiyaları var və təbii ki, müvafiq müqavilənin imzalanması və PUA-nın Rusiyaya ötürülməsi öz növbəsində İranı da bu sanksiyalara məruz qoyacaq. Amma açığını desək, mən İranın həmin sanksiyalardan çəkinərək geri addım atacağını düşünmürəm. Çünki İran artıq kifayət qədər sanksiyalarla üz-üzə qalıb və indiyə qədər keçən dövrdə də hər hansı sanksiyaların təsiri ilə geri addım atmayıb. Başqa sözlə desək, İran artıq bu və ya digər sanksiyalara öyrəncəlidir.

İkinci bir tərəfdən, İranın Rusiyaya PUA verməsi təkcə ticarət və qazanc əldə etmək məsələsi deyil. Məlumdur ki, İranın hazırkı aviasiya gücü Tehrana heç bir yüksək texnologiyalı düşmənlə döyüşmək şansı vermir. Odur ki, böyük ehtimalla, İran Rusiyaya pilotsuz təyyarələrini “Su-35" qırıcıları müqabilində verəcək. Çünki Rusiyanın qırıcı təyyarələri İrana mütləq lazımdır. ”Su-35"-lər İranın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirə bilir".

Politoloq ən təhlükəli məsələyə xüsusi diqqət ayırdı: “Ümumiyyətlə isə qeyd edim ki, İran PUA-Iarı ilə bağlı ən təhlükəli məsələ əslində Ukrayna məsələsi də deyil. Çünki Ukraynanın kifayət qədər müttəfiqi, onu ən qabaqcıl silahlarla təchiz edən ölkələr var. Başqa sözlə, Ukraynanın müttəfiqlərindən aldığı silah və texnika hesabına İran PUA-sı ilə başa çıxması mümkündür. Təhlükəli odur ki, qeyd olunan təlimlərdə Ermənistan tərəfi də iştirak edir və bu da yaxın zamanlarda Ermənistanla İran arasında da PUA-larla bağlı saziş imzalanacağı ehtimalını gücləndirir. Odur ki, Azərbaycan olaraq qarşımızda duran indi əsas məsələ Ermənistanın PUA-larla təchiz olunmasının qarşısını almağa yönəlməlidir”.

Ağdamda görüşərik- Kənan Novruzov yazır

Kənan Novruzov: “Bunun müharibənin inkişafına əsaslı təsir edəcəyini düşünmürəm”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bunu gözlənilən sayır:“Doğrudan da, son vaxtlar İranın Rusiyaya PUA satmasına dair məlumat yayılıb. Bu xəbərlərin həqiqiliyinə inanmaq olar. Tehranla Moskvanın münasibətləri məlumdur. Vaşinqtonun narahatlığı da başadüşüləndir. Çünki bu müharibədə ABŞ və İranın mövqeləri fərqlidir. Son zamanlar Ukrayna müharibədə müəyyən irəliləyiş əldə etməyə başlayıb. Xarkovdakı silsilə partlayışlar da bu baxımdan qiymətləndirilməlidir. İkinci bir tərəfdən, artıq Ukrayna rəsmiləri ABŞ-dan narazılıq etmirlər. Görünür, lazımi silahlar çatdırılır. Yəni deməyim odur ki, İranın Rusiyaya PUA verməsi nə qədər təbiidirsə, ABŞ-ın bu məsələyə səssiz qalmayacağı da bir o qədər gözləniləndir.

Əvvəllər də demişəm: proseslərin “rejissoru” ABŞ-dır. İran ABŞ-ın “ayağına dolanar”, planlarına mane olarsa, Tehrana qarşı sanksiyalar tətbiq edilə bilər. Hətta yaxın gələcəkdə “Taliban” “kartından” istifadə edilməsi də mümkündür. Yəni İran Rusiyanı dəstəkləyə bilər. Amma bunun müharibənin inkişafına əsaslı təsir edəcəyini düşünmürəm. Çünki Ağ Evin artıq konkret strategiyası var: Rusiya ilə də, Çinlə də, İranla da mübarizəyə hazırdır. Əks halda, bu qədər riskli addımlar atmazdı".

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25