Cümə, 10 May

Qarabağda nə baş verir? - ABŞ-dan Azərbaycan və Ermənistana zəng

image

Bazar ertəsi Qarabağda vəziyyətin “gərginləşdiyi” barədə xəbərlər yayılıb. Qarabağda, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki erməni hərbçilər Azərbaycan silahlı qüvvələrinin "təmas xəttini keçdiyini", bir erməni hərbçisinin yaralandığını iddia edirlər.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun “atəş açmadığını” bildirib. 

Avqustun 1-də separatçı “Dağlıq Qarabağ Respublikası ordusu” iddia edib ki, Azərbaycan ordusu səhər saatlarında “Artsax”ın (ermənilər Qarabağı belə adlandırırlar) şimal və şimal-qərb sərhəd zonasının bir sıra bölmələrində "təmas xəttini keçməyə cəhd göstərib və bu cəhdlərin qarşısı alınıb, hər hansı toqquşma qeydə alınmayıb”.  Erməni silahlıları "bir hərbçinin yaralandığını və hazırda vəziyyətinin kafi" olduğunu iddia edib.

Onlar bu barədə Rusiya sülhməramlılarını məlumatlandırdıqlarını bildiriblər.  

Separatçı “DQR”in “xarici işlər naziri” Davit Babayan “həyacanlanmağa ehtiyac olmadığını” deyib.  

ArmenPress-in məlumatına görə, Davit Babayan Facebook səhifəsində yazıb ki, “hər şey silahlı qüvvələrinin nəzarəti altında”dır.  

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində hər hansı insidentin baş verdiyini təkzib edib. 

Qurum bildirib ki, Azərbaycan Ordusu bölmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi “Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətindəguya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır”. 

Ermənistan Müdafiə Nazirliyi isə Sünik və Qeqarkunik bölgələrindəki sərhəd hissələrində gərgin vəziyyətlə bağlı mətbuatda və sosial şəbəkələrdə dərc olunan xəbərləri təkzib edib.  

Bir müddətdir ki, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağı iddia olunur. Hərbi ekspert Ədalət Verdiyev yerli mediaya verdiyi açıqlamalarında bunun “anti-terror” əməliyyatı ola biləcəyinə işarə edib. 

Bundan əvvəl Prezident İlham Əliyev 10 noyabr üçtərəfıi razılaşmanı xatırladaraq Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə erməni silahlılarının hələ də çıxarılmamasından narazılığını bildirmişdi.  

Ermənistan bəyan edib ki, öz qoşunlarını Qarabağdan çıxaracaq və bu proses sentyabra qədər başa çatacaq. Ermənistan onu da bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi" onlar üçün "ərazi məsələsi deyil, hüquqi məsələ"dir.

İyulun 30-da müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində nazirliyin yüksək rütbəli işçiləri və ordu komandanlığı ilə geniş tərkibli xidməti müşavirə keçirib. 

Nazir Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edib və “qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib”, - Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda bildirib. 

Bazar günü Azərbaycan MN yaydığı açıqlamasında bildirib ki, sosial mediada “Vətən müharibəsi və təlimlər zamanı” Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər “yeni məlumat kimi” paylaşılır və bundan çəkinməyə çağırıb.

Qurum bildirib ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir. 

Qarabağda “gərginlik” yaşanması ilə bağlı məlumatların yayıldığı bir vaxtda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.  

Azərbaycan XİN-in məlumatına görə, nazir Ceyhun Bayramov erməni silahlı birləşmələrinin “Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun qəbuledilməzliyini” bildirib. 

Ermənistan XİN-in yaydığı xəbərdə deyilir ki, telefon danışığı zamanı tərəflər  regionda “mövcud təhlükəsizlik mühiti ilə bağlı fikir mübadiləsi aparıblar” və “erməni əsirlərinin və digər məhbusların təcili azad edilməsinin vacibliyini vurğulayıblar”. 

Azərbaycan ölkədə hər hansı əsir olmadığını, həbsdəki erməni hərbçilərinin müharibənin bitməsindən sonra ölkəyə daxil olduğunu və onların antiterror əməliyyatı zamanı saxlanıb məhkəmədə mühakimə edildiyini deyir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25