Çərşənbə, 08 May

Kafe-restoranlarda quraşdırılan “qaz bombaları”: Məsuliyyəti kim daşıyır?

image

“Bu gün Bakı şəhərində əsasən köhnə 5 və 9 mərtəbəli binaların birinci mərtəbələri, kafe, dönərxana, çay evləri, gecə klublarında qaz balonlarından istifadə edirlər ki, bu da birbaşa potensial təhlükə riski deməkdir”.

Bunu Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakıda gecə klubunda baş verən partlayışla bağlı məsələni belə şərh edərkən deyib.

“Ümumiyyətlə zirzəmilər, ictimai iaşə müəssisələri, insanların sıx toplaşdığı yerlərdə qaz təchizatı ilə bağlı qaz balonlarından istifadə olunması, yanğın təhlükəsziliyi ilə bağlı qaydalara görə qadağandır. Bu qadağa insanların belə dəhşətli hadisələrdən qorunması üçündür. Zirzəmilərdə fəaliyyət göstərən mağazalar, binaların birinci mərtəbələri, anbarlarda qaz təchizatı ilə bağlı qaydalara ciddi riayət olunmalıdır ki, dəhşətli faciələr baş verməsin. Təsəvvür edin, 10 kvadratlıq otaqda qaz balonunun partlaması, 100 minlərlə ton zərbə qüvvəsi deməkdir ki, burada hadisənin dəhşətini təsəvvür etmək mümkündür. Ona görə də qaz təchizatı ilə bağlı təhlükəsizlik qaydaları ciddiyə alınmalıdır”.

Ekspert işəgötürən tərəflərin təhlükəsizlik təminatı məsələsinə də diqqət çəkib:

“İnsanların həyat və sağlamlığını təhlükəyə atmaq yolverilməzdir. Eyni zamanda, işəgötürən tərəf işçilərin təhlükəsizliyi ilə bağlı təminat verməlidir. Əks halda, işçinin işdən imtina etməsində heç bir qanunauyğunsuzluq yoxdur. Təbii ki, qapalı məkanlarda fişənglərdən, hansısa partlayıcı vasitələrdən istifadə olunursa, bunun özü belə yolverilməzdir. Çünki qapalı məkanlarda açıq alovdan istifadə yanğın təhlükəsi yarada bilər. Bunun istifadəsi üçün xüsusi qaydalar var”.

E. Nurəliyev bildirib ki, içəridə belə dəhşətli hadisə baş veribsə, bu qaz sızması ehtimalı olub, əks halda yanğınla nəticələnə bilərdi:

“Qaz sızması varsa, içəridə olan hava kütləsinin 4-5%-i kifayətdir ki, bu cür dəhşətli partlayış baş versin. İlkin müdaxilə olmazsa, hadisənin miqyası böyüyə və daha da genişmiqyaslı yanğına səbəb ola bilər. Ona görə də ilk olaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Belə yerlərdə FHN daim yoxlamalar aparmalı və yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar verməlidir.

Onlardan da açıqlama almaq lazımdır ki, reydlər aparıb, yoxlamalar ediblərmi? Bu nöqsanlar olubmu, olubsa nə səviyyədə olub? Bu gün Bakı şəhərində əsasən köhnə 5-9 mərtəbəli binaların birinci mərtəbələri, kafe, dönərxana, çay evlərində qaz balonlarından istifadə edirlər ki, bunlar birbaşa potensial təhlükə riski deməkdir.

Ümumiyyətlə aidiyyatı qurumlar, əsasən FHN tərəfindən müəyyən maarifləndirmə işləri aparılmalı və reydlər keçirilməlidir. Lakin nə qədər ki, binaların zirzəmilərində fəaliyyət göstərən kafelərdə, dönərxanalarda, gecə klublarında bu cür qaz təchizatı olarsa, təbii ki ,o qədər böyük təhlükə riski var”.

Ekspert qeyd edib ki, bu cür obyektlərin zirzəmilərdə yox, məhz işıqlı yerlərdə olması təhlükə riskinin nisbətən az olması deməkdir:

“Alternativ kimi bu cür obyektlərin yerini dəyişmək olar. Məcburdumu binanın zirzəmisində hansısa bir obyektin, klubun olması?

Yaxşı olar ki, normal, işıqlı yerlərdə olsunlar. Həmçinin padvalda, zirzəmidə, havasız yerdə bişirilən yemeyin hansı keyfiyyəti ola bilər? İnsanlar orada bir-iki saat istirahət edirlərsə, havasızlıqdan o istirahət necə xoş keçə bilər? Ona görə də yerlər düzgün seçilərsə, təbii ki, bu cür təhlükə riskləri olmaz, həmin qaz balonlarının istifadəsinə də ehtiyac qalmaz. Doğru yerdə bunları qaydalara uyğun tənzimləmək olar”.

Xatırladaq ki, bu gün saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.

Baş Prokurorluğun məlumatına əsasən, hadisə zamanı 1 nəfər gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova həyatını itirib.

“37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib”, - qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56