Cümə, 26 Aprel

Lukaşenko Belarus Konstitusiyasını dəyişir - 81 yaşına qədər postunda qala biləcək

image

Belarusu idarə edən Aleksandr Lukaşenko ona avtoritar idarəçiliyini möhkəmləndirməyə və 2035-ci iləcən hakimiyyətdə qalmağa imkan verəcək Konstitusiya düzəlişləri layihəsini açıqlayıb. 67 yaşlı Lukaşenko düzəlişlərin 2022-ci ilin fevralında referenduma çıxarılacağını bildirib.

Layihə BelTA dövlət xəbər agentliyi və Prezidentin vebsaytında dərc olunub.

Xatırladaq ki, 2020-ci ilin mübahisəli prezident seçkisinin nəticələrinə etiraz edənlərə amansızlıqla divan tutulması yerli və beynəlxalq tənqidlərə səbəb olmuşdu. Onda Lukaşenko Konstitusiyanı dəyişdirməyi təklif elədi. O, seçkinin rəsmi qalibi elan olunsa da, müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını bildirir. Təklif olunan dəyişikliklərdə Lukaşenko üçün toxunulmazlıq nəzərdə tutulur. Bundan başqa hər biri beş il olmaqla iki dəfə prezident seçilmək məhdudiyyəti qoyulur. Məhdudiyyət ancaq gələcəyə aiddir deyə, Lukaşenkonun 81 yaşınadək hakimiyyətdə qalmasını təmin edə bilər.

Dəyişikliklər hazırda formal hesab olunan parlamenti daha da zəiflədir, Ümum-Belarus Xalq Məclisinin rolunu möhkəmləndirir. Loyalistlərdən ibarət bu periodik toplantının hazırda heç bir qanuni idarəedici statusu yoxdur. Amma dəyişikliklər qəbul olunarsa, bu məclis parlamentə paralel fəaliyyət göstərə bilər.

Təkliflərə görə, vəzifədə olan Prezident avtomatik olaraq 1200 yerlik məclisin üzvüdür və digər nümayəndələr tərəfindən seçilərsə, ona sədrlik edə bilər.

Avropa Siyasi Təhlil Mərkəzindən Tadeuş Gikzan deyib ki, Lukaşenko müəyyən məqamda Ümum-Belarus Xalq Məclisinin sədri seçiləcək.

Təkliflərə görə, son 20 ildə ölkəni müvəqqəti tərk etmiş istənilən şəxsin Prezident olması yasaqlanacaq. Bu təklifin müxalifətçiləri hədəfə aldığı aydındır, çünki onların çoxu siyasi təqiblərdən yayınmaq üçün ölkədən çıxmalı olub.

Lukaşenkonun opponentləri konstitusiyanı yenidən yazmaq cəhdini onun hakimiyyətdə qalmasını hədəfləyən biabırçı addım hesab edirlər.

“Rejimin konstitusiya layihəsi belaruslulara real seçim vermir. O, diktatorun hakimiyyətini təmin etməsinə, süni Ümum-Belarus Xalq Məclisi vasitəsilə vəziyyətə nəzarət etməsinə, təqibdən yayınmasına imkan verəcək. Böhranın yeganə həlli yeni prezident seçkisidir”, – müxalifət lideri Svetlana Tixanovskaya Twitter-də yazıb. Müxalifət ötənilki seçkini məhz onun udduğunu deyir.

ABŞ Dövlət Departamenti Lukaşenkonu müxalifət və vətəndaş cəmiyyəti ilə milli dialoq vasitəsilə siyasi həllə nail olmağa, yeni seçki keçirməyə, yüzlərlə siyasi məhbusu azad etməyə çağırıb.

Lukaşenko 1994-cü ildən Belarusu idarə edir. İndiyədək beynəlxalq müşahidəçilər ölkədə keçirilmiş heç bir seçkini azad və ədalətli hesab etməyib. Ötənilki seçkidən sonra onminlərlə belaruslu küçələrə çıxıb. Minlərlə etirazçı saxlanıb. Onlarla pis rəftar olunmasına, işgəncə verilməsinə dair məlumatlar var. Vyana insan haqları qrupu ölkədə 900-dən çox siyasi məhbus olduğunu bildirir. Qərb Lukaşenkonu prezident kimi tanımır, rejimə qarşı bir sıra sanksiyalar açıqlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33