Bazar, 19 May

Qonaq getdiyi yerdə qız qaçıran gəncə 4 il həbs cəzası verildi - “Elə ilk anda aşiq oldum”

image

Daşkəsən qonaq getdiyi yerdə evlənmək məqsədi ilə qız qaçıran 28 yaşlı oğlan bir neçə dəqiqə sonra polis tərəfindən saxlanılıb. O, aşiq olduğunu desə də, qız onu tanımadığını bildirib. Məhkəmə qız qaçıran gəncə 4 il həbs cəzası verib.

Məlumat verilir ki, hadisə bu ilin aprel ayında Daşkəsən rayonunda baş verib.

Belə ki, Gədəbəy rayon sakini Mürsəl Hüseynov (şərti) qohumları İlqar Ağasıyev (şərti) və onun oğlu Yusif Ağasıyev (şərti) əvvəlcədən əlbir olaraq Daşkəsən rayon sakini Aydan Məmmədovanı (şərti) qaçırmağı panlayıb.

Onlar Aydanı izləyib və işdən çıxdığı vaxtı öyrənərək aprelin 20-də saat 18:10 radələrində zorakılıq tətbiq edərək onu qaçırıblar. Mürsəl və Yusif Aydanın əl və ayaqlarında tutaraq zorla İlqarın idarə etdiyi “Vaz 21011” markalı avtomobilə salıblar. Aydan müqavimət göstərməyə çalışsa da, maşından çıxa bilməyib.

Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Aydan Məmmədova bildirib ki, onu qaçıran şəxsləri tanımayıb:

“Mən işdən çıxıb piyada evə gedirdim. Yolumun üstündə duran maşından orta yaşlı şəxs başını çıxararaq məndən poçtun işləyib-işləmədiyini soruşdu. Mən də artıq iş vaxtının bitdiyini dedim. Bu zaman arxa hissədən yaxınlaşan gənc oğlan mənim ağzımdan tutaraq maşına salmağa çalışdı. Mən onun əlindən çıxmaq istəyəndə isə həmin orta yaşlı kişi də maşından çıxıb ona kömək etdi.

Onlar birlikdə mənim əl və ayağımdan tutub maşına saldılar. Avtomobilin içində bir qadın və azyaşlı uşaq da var idi. Mən qışqırıb müqavimət göstərirdim. Amma maşın həmin yerdən uzaqlaşmışdı. Maşında olan qadın onların etdiyi hərəkətin düzgün olmadığını və məni buraxmalı olduqlarını desə də, onlar öz işlərinə davam etdilər. Bundan sonra yolda maşını polislər saxladı və mənim qaçırıldığımı bildilər”.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Mürsəl Hüseynov bildirib ki, Aydanı sevdiyi üçün onunla evlənmək məqsədi ilə qaçırıb:

“Hadisədən bir gün öncə bacımgilə qonaq gəlmişdim. Həyətdə olarkən qonşuluqdakı Aydanı gördüm. Elə ilk gördüyüm anda da aşiq oldum. Gəlib bacıma dedim ki, o qızla evlənmək istəyirəm. Bacım elçi göndərməli olduğumu desə də, mən onu qaçırmaq qərarını verdim. Bundan sonra planımı bacımın ərinə və oğluna da dedim. Daha sonra Aydanı izləyib onun işdən gələn vaxtını öyrəndim və planımı həyata keçirməyə başladım”.

Mürsəllə əlbir olaraq hadisəni törətməkdə təqsirli bilinən İlqar və oğlu Yusif də onun sözlərini təsdiqləyiblər. Onlar bildiriblər ki. Mürsəl Aydanla evlənmək fikrinin olduğunu deyəndə onlar qızı tərif ediblər. Onun ağıllı qız olduğunu bildiriblər.

Mürsəlin bacısı məhkəmə iclasında ifadə verərkən bildirib ki, hadisə zamanı o da maşında olub və hadisənin törədilməsinə mane olmaq istəyib:

“Aydanın maşına zorla salındığını görəndə anladım ki, qızın qardaşıma qarşı könlü yoxdur. Onu zorla qaçırırlar. Buna görə də, dedim ki, bu düzgün deyil və qızı buraxsınlar. Amma onlar mənim sözlərimə əhəmiyyət vermədilər”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Aydanın qaçırılmasını iş yoldaşı görüb və dərhal bu barədə polisə məlumat verib. M.Hüseynov avtomobillə bir qədər irəlilədikdən sonra yolda qurulan postda saxlanılıb və Aydan onlardan xilas edilib.

Mürsəl Hüseynov 2018-ci il oğurluğa görə məhkum olunub, 2019-cu ildə isə məhkəmə qərarını icra etmədiyi üçün barəsində cinayət işi başlanılıbmış.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Mürsəl Hüseynov 4 il, bacısının oğlu Yusif Ağasıyev 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

M.Hüseynovun bacısının əri İlqar Ağasıyevə isə 4 il müddətinə elektron qolbaq taxmaqla azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41