Cümə, 26 Aprel

“Paşinyan inanıb ki...” - Erməni qoşunları geri çəkilir

image

“Hadisələr göstərir ki, Bakı daha çox üstünlüyü üçtərəfli formata verir. Çünki bu formatda daha konkret məsələlər həll olunur. Eyni zamanda, bu format icra orqanlarının rəhbərləri ilə işləyir. Konkret məsələlərə gəldikdə, bura sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi, kommunikasiyaların açılması və sair amillər daxildir. Minsk qrupunda isə bu məsələlər müzakirə olunmur”.

Politoloq İlqar Vəlizadə ilə müsahibəni təqdim edirik:

- Keçmiş spiker Ararat Mirzoyan Ermənistanın xarici işlər naziri təyin olundu. Baş nazir Nikol Paşinyanın bu qərarını necə qiymətləndirirsiniz? Maraqlıdır ki, Mirzoyan Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı kimi tanınır.

- Regiondakı mövcud reallıq məyyən addımların atılmasını diktə edir. Ermənistanın daxili və xarici siyasətində verilən yeni qərarlar da bununla bağlıdır. Paşinyanın bu qərarını da “praqmatik addım” adlandırmaq olar. Digər yandan, indiki şəraitdə bütün məsələləri dialoq yoluyla həll etmək daha səmərəli görünür, nəinki güc vasitəsilə. Onu da nəzərə almaq lazımdır ki, 44 günlük müharibədən sonra Ermənistanın gücü də qalmayıb.

Keçmiş xarici işlər naziri Ara Ayvazyan nə reallığı dərk edirdi, nə də peşəkar keyfiyyətlər baxımdan normal mütəxəssis sayıla bilərdi. Əlbəttə, indiki şəraitdə regionu daha yaxından tanıyan, reallığı olduğu kimi dərk etməyə çalışan insanlar Ermənistanın siyasi rəhbərliyi üçün daha əlverişlidir, nəinki yalnız problemlər yaratmaqla məşğul olan şəxslər.

- Paşinyanın özü də Türkiyə ilə münasibətlərin qaydasına salınmasına hazır olduğunu dedi. Mövcud situasiya imkan verirmi ki, ikitərəfi əlaqələri bərpa olunsun? Məsələn, Ankaranın buna münasibəti nə ola bilər?

- Ankaranın bu təklifə münasibəti müsbət ola bilər. Ümumiyyətlə, Türkiyənin rəsmiləri dəfələrlə bəyan ediblər ki, hansısa xoşməramlı niyyət kim tərəfindən gəlir-gəlsin, Ankara bu müsbət təşəbbüsləri dəstəkləyəcək. Türkiyə üçün bu məsələdə əsas amil budur ki, öz mövqeyini Azərbaycanla uyğunlaşdıra bilsin.

Azərbaycanın mövqeyi də budur ki, biz Ermənistanla münasibətlərin kompleks şəkildə normallaşmasının tərəfdarıyıq, dialoq aparmağa üstünlük veririk və bu dialoq konstruktiv əsaslarla qurulmalıdır. Yəni bundan əvvəl bütün tərəfləri razı salan gündəm müəyyənləşdirilməlidir. Addımlar da bu gündəmə əsaslanaraq atılmalıdır. Təbii ki, konstruktivlik olsa, o zaman münasibətləri addım-addım normallaşdırmaq mümkün olar.

- Paşinyan Azərbaycanla sərhəddəki silahlı qüvvələrin bir hissəsinin çıxarılacağını, yerinə sərhədçilərin yerləşdiriləcəyini də bildirdi. Onun bu addımını sülh müqaviləzinin imzalanması yönündə verilmiş qərar hesab etmək olarmı?

- Hesab etmək olar. Bu onu göstərir ki, hər halda Paşinyan mövcud reallığı olduğu kimi dərk etməyə çalışır. Bilirsiniz ki, Ermənistanın keçmiş siyasi rəhbərləri daha çox erməni təbliğatına uyğun, reallıqdan kənar addımlar atırdılar, vəziyyəti mürəkkəbləşdirmək niyyətində idilər. Paşinyan isə görür ki, bu dəst-xətt heç bir səmərə vermir. Təbii ki, Paşinyan bir müddət köhnə dəst-xətti davam etdirmək istədi. Bu xəttin əsas hədəfi bu idi ki, Ermənistan digər oyunçuları bölgəyə dəvət etməklə onların əlləri ilə burada müəyyən işlər görsün.

İndiki reallıq və hadisələrin ahəngi göstərir ki, bu praktika mümkün deyil. Bu gün heç bir dövlət, hətta Rusiya belə Ermənistanın əvəzinə çıxış edə bilməz və onlar bu niyyətdə də deyillər. Gərək Ermənistan öz problemlərini özü həll etsin. Ermənistan rəhbərliyi də anlayır ki, indiki situasiyada “hücum taktikası” heç bir nəticə verməyəcək. Buna görə də, Paşinyan bu reallığı qəbul edərək, sərhəddə sərhədçiləri yerləşdirmək qərarına gəlib.

Sərhədçinin funksiyası sərhədi qorumaqdır. Eyni zamanda onlar sərhədlərin demarkasiyasında rol oynayırlar. Silahlı qüvvələrin funksiyaları isə sərhədlərin mühafizəsi proseduruna uyğun gəlmir. Paşinyan da başa düşür ki, sərhəd infrastrukturunu gücləndirmək lazımdır. Paşinyanın başqa variantı qalmır, çünki Azərbaycan tərəfi də bunu edir.

- Bir müddətlik fasilədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli işçi qrupunun fəaliyyəti bərpa olundu. İki ay əvvəl bu formatdan imtina edən İrəvan niyə yenidən masaya qayıtdı: bu, həm də Rusiyanın qərarı idimi?

- Birmənalı olaraq, bu, həm də Moskvanın istəyidir. Eyni zamanda, Azərbaycanın da istəyi budur. Çünki mövcud məsələləri həll etmək üçün ən yaxşı format bu ola bilər. Paşinyan bu aralarda cəhd göstərirdi ki, Minsk qrupunu canlandırsın. Bunun üçün cəhdlər etdi, müxtəlif təşəbbüs və təkliflər irəli sürdü. Amma görünən budur ki, Minsk qrupu öz hayındadır. Bu formatdan yalnız Fransa müəyyən canfəşanlıq edir. Fransanın da regionda heç bir resursu yoxdur, buna görə də təkbaşına heç nə edə bilməz. ABŞ-ın başı Yaxın Şərq və Əfqanıstana qarışıb, Minsk qrupu onun üçün o qədər də önəmli deyil.

Paşinyanın bu cəhdləri Rusiyanın qıcığına səbəb olurdu. Çünki Rusiya bu üçtərəfli formatda aparıcı – moderator rolunu oynayır. Minsk qrupunda isə üç iştirakçıdan biri idi. Buna görə də, Rusiya üçtərəfli formatın işləməsində maraqlıdır, nəinki işləsin, konkret nəticələr versin. Rusiya bununla digər oyunçulara da göstərir ki, onun moderatorluğu ilə bu bölgədə proseslər gedir, konkret və müsbət nəticələr var.

Ermənistanın bu formatada imtina etməsi, əslində, Rusiyaya bir mesaj idi. Yəqin Rusiya Paşinyanı inandırıb ki, seçkiqabağı və seçkidən sonrakı oyunlar başa çatıb, artıq bu oyunları aparmaq əbəsdir. Paşinyan seçkidən əvvəl və bundan sonrakı dövrdə tez-tez Minsk qrupu ilə bağlı açıqlamalar verirdi. İndi Rusiya onu başa saldı ki, artıq vaxt yoxdur, konkret məsələlərin həlli ilə məşğul olmaq lazımdır. Nəticədə Ermənistanı bu formata qoşulmağa məcbur etdi.

- Bəs Bakının seçimi hansı format ola bilər?

- Hadisələr göstərir ki, Bakı daha çox üstünlüyü üçtərəfli formata verir. Çünki bu formatda konkret məsələlər həll olunur. Eyni zamanda, bu format icra orqanlarının rəhbərləri ilə işləyir. Konkret məsələlərə gəldikdə, bura sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi, kommunikasiyaların açılması və sair amillər daxildir. Minsk qrupunda isə bu məsələlər müzakirə olunmur. Bu format daha çox tezislər və hansısa prinsipləri müzakirə edirdi. Həmin məsələlər haqda 30 il danışmışıq, müzakirələr aparmışıq. Yekunda heç bir nəticə əldə edə bilmədik. Yeni üçtərəfli formatda isə daha konkret nəticələr əldə edə bilərik.

Əgər Minsk qrupu danışmaq istəyirsə, gəlsin, danışsın. Yenə də bu söhbətlər əsnasında heç bir qərar qəbul olunmayacaq. Bu bəllidir. Əgər konkret nəticə yoxdursa, ümumi məsələlərdən danışılırsa, söz xatirnə söz deyilirsə, Minsk qrupu kimə lazımdır? Azərbaycana lazım deyil.

Yeri gəlmişkən, prezident İlham Əliyev həm “CNN Türk”-ə müsahibəsində, həm də Kəlbəcər və Laçın rayonlarına səfərlərində önəmli açıqlamalar verdi. Bu açıqlamalar göstərdi ki, Azərbaycanın bu bölgə ilə bağlı konkret planları var. Bura təkcə Qarabağ yox, Zəngəzur və ətraf bölgələr də daxildir. Üçtərəfli format bu planının həyata keçirilməsində rol oynaya bilər.

Minsk qrupu Azərbaycanın bu proqramının reallaşmasına nə kimi töhfə verə bilər? Bu yöndə heç bir rol oynaya bilməz. Minsk qrupu işlək format kimi öz funksiyalarını yerinə yetirə bilmədi. (yenisabah.az)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33