Şənbə, 18 May

London və Moskva “Taliban”la işləməyə hazırdır, bəs Bakı? 

image

Böyük Britaniya və Rusiya Əfqanıstanda taliblərlə əməkdaşlığı zəruri sayır; Elman Nəsirov: “Heç bir terror qruplaşması ilə əməkdaşlıq edə bilmərik, hətta ”Taliban" iqtidara gəlsə..."

Əfqanıstanda on illərlə sürən münaqişədən sonra Prezident Əşrəf Qəni hakimiyyəti “Taliban”la bir yerdə işləməlidir".

Xəbər verilir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Nazirin sözlərinə görə, hakimiyyətə gələcəyi təqdirdə “Taliban”la əməkdaşlıq etməyə hazırdırlar. Uolles deyib ki, hakimiyyətdən asılı olmayaraq Britaniya hökuməti onlarla beynəlxalq hüquq normaları yerinə yetiriləcəyi şərti daxilində əməkdaşlıq edəcək. Nazirin sözlərinə görə, onlar insan hüquqlarını pozarlarsa krallıq istənilən əlaqəsinə yenidən baxacaq. O, ölkəsinin “Taliban”la perspektivdə əlaqəsinin ziddiyyətli olacağını etiraf edib. Bununla belə, o, Əfqanıstan Prezidenti Əşrəf Qəni və “Taliban”ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.

Moskva da taliblərlə zərurət ucbatından əlaqə qurur, onlara regiondakı vəziyyətlə bağlı mövqeyini çatdırır. Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov belə deyib. Onun sözlərinə görə, Moskva bir neçə il əvvəl ABŞ qoşunlarının çıxarılması fonunda Əfqanıstanda vəziyyətin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. O, Rusiyanın “Taliban”la 7 il əvvəl əlaqə qurmağa başladığını bildirib.

https://azadsoz.com/M0/1/2021/07/images/20210715_124936_1626338976_dffbc606bf.jpg

Bu arada “Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhədində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib. Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır. Göründüyü kimi, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra “Taliban” qruplaşması ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir. Bunu qabaqcadan görən London və Moskva artıq “Taliban”la əməkdaşlığın zərurətindən danışırlar.

Bu zaman Əfqanıstan ətrafında yaranmış yeni vəziyyətdə Azərbaycan hansı mövqeni tutacaq? Dövlət bu sahədə siyasətini dəqiqləşdiribmi? “Taliban”ın dirçəlməsi və Əfqanıstanda nəzarəti ələ alması digər terror təşkilatlarını yenidən dirçəldə bilərmi? Azərbaycanın indiyə qədər “Taliban”la heç bir təması olmayıb. Bu baxımdan onların hakimiyyəti götürməsi münasibətlərin qurulmasında müəyyən çətinliklər yarada bilər. Nəzərə alaq ki, Əfqanıstan Azərbaycanla dostluq əlaqələri olan ölkədir.

https://azadsoz.com/M0/1/2021/07/images/20210715_124950_1626338990_8c598d3cea.jpg

Elman Nəsirov

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov bildirdi ki, “Taliban” beynəlxalq birlik tərəfindən terror təşkilatı kimi tanınıb. Onun sözlərinə görə, ABŞ 11 sentyabr hadisələrindən sonra Əfqanıstanda “Taliban” rejiminə qarşı müharibə aparıb. Deputat hesab edir ki, terrorçu ilə heç bir dialoqa getmək olmaz:

“ABŞ qüvvələrinin bölgəni tərk etməsi ilə sinxron olaraq taliblərin Əfqanıstanda əraziləri zəbt etməsi bu təşkilatın siyasi hakimiyyətə gəlməsi deməkdir. Amma nəzərə almaq lazımdır ki, dünyada 500 terror təşkiları var və ”Taliban"ın siyasi hakimiyyəti ələ alması həmin qruplaşmalara da stimul rolu oynaya bilər. Yəni həmin terror qrupları həvəslənə bilərlər ki, hakimiyyətə gəlmək mümkündür. Bu isə istənilən halda qəbuledilməzdir".

E.Nəsirov qeyd etdi ki, Azərbaycan beynəlxalq  terrorizmi hamıdan yaxşı bilən dövlətdir: “Biz erməni terrorundan əziyyət çəkən xalqıq. Eyni zamanda 2001-ci ildən antiterror koalisiyasına qatılmışıq. Azərbaycanın silahlı kontigenti Türkiyə silahlı qüvvələrinin tərkibində Əfqanıstanda antiterror əməliyyatlarında iştirak edir. Ona görə heç bir terror qruplaşması ilə əməkdaşlıq edə bilmərik. Hətta ”Taliban" Əfqanıstanda iqtidarı ələ alarsa, beynəlxalq birlik buna mane olmazsa, bu vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrini təhlükəsizlik baxımdan bölgədən çıxarmalıdır".

https://azadsoz.com/M0/1/2021/07/images/20210715_124930_1626338970_3ea55384a8.jpg

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, rəsmi Bakı gözləmə mövqeyindədir. Onun fikrincə, dünya birliyinin Əfqanıstan siyasətinə uyğun davranış sərgilənəcək. Ekspert hesab edir ki, “Taliban” ölkənin bir sıra ərazilərinə nəzarət edə bilər, lakin siyasi hakimiyyəti götürməsinə imkan verilməyəcək: “Beynəlxalq koalisiya Əşrəf Qani iqtidarını qorumağa çalışacaq. Türkiyənin və Pakistanın da bu yöndə dəstəyi mümkündür. Baxmayaraq ki, Pakistanda müəyyən dairələrin ”Taliban"la əlaqələri var. Ancaq Əfqanıstanda İslamabadla Ankara arasında koordinasiyalı hərəkət olmalıdır. Heç bir halda terror qruplaşmasının siyasi hakimiyyətə gəlməsinə dünya göz yuma bilməz.

Bu, həm dünya üçün təhdiddir, həm presedent yaratmaqdır, həm də Əfqanıstanı, Orta Asiyanı uçuruma sürükləməkdir".

Analitikin sözlərinə görə, “Taliban” Türkiyəni istəmir: ““Taliban” NATO qoşunlarının geri çəkilməsindən sonra Kabilin əsas hava limanını idarə etmək və qorumaq üçün Türkiyənin Əfqanıstanda qüvvələrini saxlamaq planlarına qarşı çıxır. Hətta xəbərdarlıq edib. Amma belə görünür ki, Əfqanıstan koalision hökuməti yaradıla bilər. Bu yolla müəyyən stabillik əldə etmək mümkündür”.

Qeyd edək ki, “Taliban” bəyanat yayıb: “Əgər Türkiyə rəsmiləri qərarlarını yenidən nəzərdən keçirməsə və ölkəmizin işğalını davam etdirsə, onda İslam Əmirliyi ... onlara qarşı çıxacaq”.

Bu vəziyyətdə silahlı qrup nəticələrə görə məsuliyyətin müdaxilə edənlərin çiyinlərinə düşəcəyini əlavə edib.

Xatırladaq ki, Əfqanıstanı 1996-2001-ci illərdə dəmir yumruqla idarə edən “Taliban” 20 ildir Kabildə Qərbin dəstəklədiyi hökuməti devirmək və İslami idarəçiliyi bərpa etmək üçün mübarizə aparır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41