Cümə, 26 Aprel

Paşinyanın parlament seçkilərinə həvəslə getməsinin ŞOK SƏBƏBLƏRİ - ŞƏRH

image

Ermənistan parlamenti martın 24-də ölkədəki hərbi vəziyyəti ləğv etdi. Bununla da növbədənkənar parlament seçkilərinə yaşıl işıq yandırıldı. Nəzərə alaq ki, Ermənistan müxalifəti bunun üçün dörd ay mübarizə apardı. Lakin onların mübarizəsi nəticəsiz qaldı. Çünki Ermənistan parlamentinin tam əksəriyyəti Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının üzvü idi. Ona görə də onlar müxalifətin qətiyyətlə tələb etdiyi zamanlarda ölkədəki hərbi vəziyyəti ləğv etmədilər. Çünki ölkə qanunvericiliyinə görə, hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsi yolverilməzdir. Seçkilərin keçirilməsi üçün hərbi vəziyyət ləğv olunmalıdır. Üstəlik hərbi vəziyyət müddətində parlamentdə Baş nazirin istefası səsverməyə qoyula bilməz.

Beləcə, Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyası müxalifətlə 4 ay siçan-pişik oyunu oynadı. Bu müddətdə bir dəfə də olsun parlamentdə yetərsay olmadı. Ötən dövr ərzində müxalifətin bəzi Paşinyanpərəst deputatları da öz tərəfinə çəkmək cəhdləri də uğursuz oldu. Cəmi-cümlətani bir neçə deputat “Mənim addımım” fraksiyasından imtina etdi. Əksəriyyət isə Nikola sadiq qaldı. Bununla da müxalifətin Paşinyanı hüquqi yolla devirmək cəhdləri fiaskoya uğradı. Müxalifət küçə yürüşləri və mitinqlərlə də Paşinyanı istefaya məcbur edə bilmədi. Baş nazir özü istəmədiyi müddətdə isə onun məcbur etmək mexanizmi qanunvericilikdə çox qəlizdir.

Belə ki, Ermənistan Konstitusiyasına görə, parlament istənilən zaman hökumətin istefasını qoya bilər. Amma bunun üçün gərək deputatların 51 faizi bu qərarı dəstəkləyə. İndiki halda erməni müxalifətinin parlamentdə nəinki 51 faiz heç 40 faiz dəstəkçisi yoxdur. Məsələnin ən qəliz tərəfi isə odur ki, parlament çoxluğu hökumətə etimadsızlıq göstərsə, onda parlament özünü buraxmalıdır. Və ən tezi 3 ay müddətində parlament seçkiləri keçirilə bilər. Bu üç aylıq müddətdə isə hökuməti yenə də əvvəlki heyət təmsil etməlidir. Hələ onu demirəm ki, 86 deputatın heç biri mandatını itirmək istəmir. Çünki onu yenidən qazanacağına qəti ümidləri yoxdur.

Bu və digər səbəblərə görə müxalifət nə Paşinyanı taxtdan sala bildi, nə də ki, erkən parlament seçkiləri tələbini reallaşdıra bildi. Dörd ay atılıb düşdükdən sonra müxalifət hər mənada tükəndi. Bunu görən Paşinyan özü növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Paşinyanın qərarından sonra parlament də yekdilliklə bir araya gəldi. Və 118 deputatın səsverməsi ilə martın 24-də ölkədəki hərbi vəziyyət ləğv olundu. Yəqin ki, yaxın vaxtlarda növbəti sürpirizlərin şahidi olacağıq.

Bütün bunlarsa onu göstərir ki, Nikol Paşinyan Moskva ilə münasibətlərini sahmana salıb. Kremlə artıq Nikola ilə işləmək istəyir. Amma pərdəarxası siyasi oyunlara hüquqi don geyindirmək üçün hökmən növbədənkənar seçkilərə gediləcək. Bununla da Paşinyan həm müxalifətin ağzını, həm də Qərbin gözünü yumacaq.Ümumilkdə isə Nikol Paşinyanın hakimiyyətdə qalması çoxlarına, daha çox da Rusiyaya sərf edir.

Birincisi, ona görə ki, Nikol Paşinyan daha realist və praqmatikdir.

İkincisi, Nikol Paşinyan Moskvanın istənilən təklifinə qeyd-şərtsiz boyun əyir. Bu da təsadüfi deyil. Hazırda Moskva Ermənistanın Baş nazirinin həyat qarantıdır. Putin Paşinyanın üzərindən əlini çəksə, erməni faşistləri nəinki Nikolun özünü, eləcə də ailəsini və yaxın çevrəsini dar ağacından asar.

Üçüncüsü, Paşinyan Qərbin adamıdır. Belə birisi ilə işləmək Moskva üçün də maraqlıdır. Çünki Paşinyan hakimiyyətdə qaldıqca, Qərbin və oradakı erməni diasporunun Ermənistana təzyiqləri daha az olacaq. Çünki Qərb hansısa rusiyapərəst siyasətçinin hakimiyyətə gəlməsini heç istəmir və Paşinyana “bəlkə də qaytardılar” ümidi ilə yanaşır.

Dördüncüsü, Paşinyan İkinci Qarabağ müharibəsində uduzsa da, ölkə iqtisadiyyatını daha dərin böhrana çəksə də, daxili auditoriyada müəyyən nüfuz sahibidir. Ən azı ona görə ki, Paşinyan ölkəsində söz azadlığı yarada bilib. İndi heç kəs hər hansı fikrini ifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmur. Bu da korrupsiyanın səviyyəsini aşağı salıb.

Ən başlıcası, elektorat Nikol Paşinyanın indiki vaxtda alternativini görmür. Bu gün Ermənistanda siyasi hakimiyyətə iddialı olanların hamısının keçmişi Paşinyanla müqayisədə daha qaranlıq və çirklidir. Ona görə də sadə erməni xalqı bu gün heç bir iddiaçını dəstəkləmir. Əslinə baxsan, bütün qazanlar İrəvanda qaynayır. Regionlarda hər kəs məhdud sosial qayğıları ilə məşğuldur.

Əslinə baxsan, Nikol Paşinyanın hakimiyyətdə qalması bir çox səbəblərdən Azərbaycana da sərf edir.

Əvvəla, ona görə ki, Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış ordunun komandanıdır. Və bu komandan Azərbaycan Ordusunun “əlinin suyunu” dadıb. Belə bir zəif bəndlə Bakı istədiyi cür rəftar edə bilir. İndiki halda Paşinyan hakimiyyətinin Bakıdan umduğu yeganə şey qədim Azərbaycan torpaqlarına iddiaların durdurulması və Qarabağdakı azsaylı ermənilərin həyat sığortasıdır.

İkincisi, Nikol Paşinyan Qaregin Njde ideoloji taununa yoluxmayan tək-tük erməni siyasətçilərindən biridir. O, digər erməni siyasətçilərindən fərqli olaraq reallıq hissini hələ tam itirməyib.

Üçüncüsü, Nikol Paşinyan iradəcə zəif adamdır. Belə birisi ilə işləmək bütün hallarda rahatdır.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33