Çərşənbə, 22 May

Lev Spivak: “Üçüncü dünya müharibəsi hələlik təxirə salınır” - MÜSAHİBƏ

image

Aprelin 14-nə keçən gecə İran İsrailə hücum etdi. Bu, İsrail tərəfinin Suriyanın paytaxtı Dəməşqdə yerləşən İranın konsulluq binasını atəşə tutmasına cavab idi. Xatırladaq ki, həmin hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli hərbçiləri öldürülüblər. Öz növbəsində İran İslam Respublikasının (İİR) hakimiyyət orqanları cavab tədbiri həyata keçirəcəklərinə söz vermişdilər. Cavab tədbiri gurultulu olsa da, effektiv olmadı. Amma ən önəmlisi odur ki, ilk dəfə olaraq birbaşa İran ərazisindən İsrailə pilotsuz təyyarələr, qanadlı və ballistik raketlər atıldı.

Tehran artıq hücuma məruz qalmayacağı təqdirdə yeni əməliyyata başlamayacağına söz verib. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian türkiyəli həmkarı Hakan Fidana da deyib. ABŞ Prezidenti Co Bayden isə İsrailin Baş naziri Benyamin Netanyahudan İrana zərbə ilə cavab verməməyi xahiş edib. Dünən isə İsraildə hərbi kabinetin iclası keçirilib və nəticədə məlum olub ki, İsrail hakimiyyəti İrandan gələn təhlükəyə qarşı regional koalisiya yaratmağa hazırlaşır.

İsrailli analitik, “Azİs” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Lev Spivak regionda baş verən son vəziyyəti şərh edib.

- Fələstinin radikal HƏMAS hərəkatının hücumundan və İsrailin bu qruplaşma ilə müharibəyə başlamasından altı ay sonra İran hərbi əməliyyatlara birbaşa müdaxilə edərək öz ərazisindən İsrailə atəş açdı. Lakin artıq xəbər verildiyi kimi, İİR-in raket və dron hücumu nəticə vermədi, demək olar ki, bütün atılan raketlər və pilotsuz təyyarələr vuruldu.

- Doğrudan da, hərbçilərimiz nəticədən çox razıdırlar. İranın atdığı mərmilərin yalnız kiçik bir hissəsi Negevə düşüb, ora isə səhralıq ərazidir və səması xüsusi olaraq qorunmur. Çox vacibdir ki, ABŞ, Böyük Britaniya, Fransa, həmçinin hava qüvvələri və hava hücumundan müdafiəsi ilə İranın raket və pilotsuz təyyarələrini vuran İordaniya zərbələrə dərhal reaksiya göstərdi.

Amma məncə, narahatedici məqamlar da var. Qərb liderlərinin sözlərinə görə, indi İrana diplomatik cavab yolları müzakirə ediləcək. Mənə elə gəlir ki, bu, yanlışdır. İstənilən bu cür addım konkret, sərt cavab tələb edir. Əks halda, 7 oktyabr 2023-cü ildə baş verənlərin təkrarı olacaq (HƏMAS-ın İsrailə hücumunu nəzərdə tutur - red). İranın zərbələrinə cavab verilməməsi mümkün deyil, çünki bu, həyasız bir hücumdur. İrandan havaya qalxan pilotsuz təyyarələr və raketlər bir neçə dövlətin hava məkanından keçərək İsrail istiqamətinə yetişib. Bu, birbaşa müharibə aktıdır. Əgər hansısa başqa ölkəyə, elə həmin ABŞ-yə onlarla, yüzlərlə mərmi və raket atılarsa, Vaşinqtonun reaksiyası necə olar? Amma indi ABŞ və digər dövlətlər münaqişənin inkişafında maraqlı olmadıqlarını deyirlər.

Ekspertlər qeyd edirlər ki, İranın nüvə obyektlərini məhv etmək texniki cəhətdən çətindir (bu, doğrudur, çünki onlar yaxşı qorunur və yerin dərinliklərində yerləşir). Amma başqa infrastruktur obyektləri və idarələri var, məsələn, İran Müdafiə Nazirliyinin binası. Nümayişkaranə cavab lazımdır və qoy bu, indi dəbdə olan ifadə ilə desək, qeyri-mütənasib olsun.

- İranın raketlərin və pilotsuz təyyarələrin hücum vaxtını və istiqamətini İsraillə razılaşdırdığı versiyası barədə nə düşünürsünüz? Belə ki, bu zərbələrdən sonra vəziyyət sakitləşdi, Tehran simasını xilas etdi, İsrail və müttəfiqləri isə bütün uçan obyektləri vurdular. Hətta bu versiyanın təsdiqini İranın BMT-yə verdiyi bəyanat da göstərilir: “Məsələ həllini tapdı...”

- Mən bu versiyaya inanmıram. İsraildə heç kim belə bir sövdələşməyə getməz. Belə bir sövdələşməyə yol verən siyasətçi informasiya sızması halında (və bizdə elə bir siyasi sistem var ki, sızma ehtimalı çox yüksəkdir) mühakimə olunacaq və ümumiyyətlə, öz siyasi fəaliyyətini dayandıracaq. Baş nazir Benyamin Netanyahunun şəxsi icazəsi olmadan bu mümkün deyil və onun hazırda vəziyyəti, onsuz da, yaxşı deyil. Mən onun tərəfdarı deyiləm, lakin onun belə bir şeylə razılaşacağına da inanmıram.
- İranın Suriya, Livan, Yəmən, İraqdakı proksiləri vasitəsilə deyil, məhz özünün açıq müdaxilə etməsi İsrailin HƏMAS-la müharibəsinin davamıdır, yoxsa yeni müharibə deməkdir?

- Bu elə həmin müharibənin davamıdır. Mən İranın motivasiyasını başa düşürəm. Tehranın başqa çarəsi yox idi, o, reaksiya verməli idi. Gəncliyimizdəki “məhəllə söhbətləri”ni xatırlayın: bir-birini təhdid edən tərəfləri ayırmasan, dava qaçılmazdır. Belə də oldu. İranı hamı təhdid edirdi - İsrail, ABŞ və digərləri. İran cavab verdi. Mən bunu Tehranı dəstəkləmək nöqteyi-nəzərindən demirəm (başa düşdüyünüz kimi, bu, mümkün deyil), sadəcə olaraq, vəziyyəti sadə sözlərlə təsvir edirəm. İranda çoxlu daxili problemlər var, xalqı onlardan yayındırmaq lazımdır və hökumətin imicinin düşməsinə yol verilməməlidir. İranlılar isə aprelin 14-nə keçən gecə İsrailə edilən hücumu dəstəkləyirlər. İran hakimiyyəti, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dişsiz olduqlarını göstərə bilməzdilər. SEPAH artıq tam qələbə və İsrail ərazisində obyektlərin dağıdılması barədə məlumat verib. Bəs bu kimin üçün olan açıqlama idi? Axı biz bilirik ki, İsrail tərəfinə heç bir ziyan dəyməyib. Deməli, bu, insanları razı salmaq üçün daxili auditoriyaya hesablanıb. İran rejiminin tərəfdarları ürəklənib sevinirlər, çünki Tehran sanki heç kimdən qorxmadığını nümayiş etdirib.

- Bəs bundan sonra nə olacaq? Sizcə, İsrail cavab verməlidir? O zaman İran da cavab vermək qərarına gələcək (başqa seçimi qalmayacaq)...

- ...Mən belə düşünürəm ki, İsrail reaksiya verməlidir. Amma bu o demək deyil ki, İsrail bunu edəcək. Yüksək ehtimalla heç kim heç nə etməyəcək. Hər kəs, sadəcə, gözləmə rejiminə keçəcək. İsrail üçün ABŞ və digər müttəfiqlərinin dəstəyi çox önəmlidir. Onların razılığı olmadan heç nə olmayacaq.

- Yəni İranın müdaxiləsindən sonra hamının qorxduğu üçüncü dünya müharibəsi baş tutmayacaq?

- Üçüncü dünya müharibəsi hələlik ən azı təxirə düşdü.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06