Şənbə, 24 Fevral

Kəpənək doğuldu, kəpənək öldü...

image

Ötən gün Türkiyədə ilin yekunlarına həsr olunan “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilib. Qardaş ölkədə təşkil olunan bu ödülləndirmə mərasimi son illər Azərbaycandakı şou-biznes nümayəndələrini də əhatə edir.

Əvvəla onu qeyd edək ki, 1972-ci ildə təsis olunan bu mükafat indiyədək bir çox nüfuzlu sahibini tapıb. Bunlar arasında təkcə Türkiyədə deyil, türk dünyasından kənarda da kifayət qədər sevilən, tanınan böyük sənətkarlar var. Buna misal olaraq İbrahim Tatlıses, Ajda Pekkan, Türkan Şoray kimi və bu sambalda olan xeyli sənət adamının adını çəkə bilərik.

Yuxarıda da qeyd etdiyimiz kimi, son 6 ildə “Altın Kelebek”ə layiq görülənlər arasında Azərbaycan təmsilçilərinə də rast gəlirik. Öncəki illərdə onların arasında Azərbaycan musiqisinin tanınmış simaları olan Xalq artistləri Aygün Kazımova, Röya Ayxanın da adı var.

Məlumata görə, dünən növbəti dəfə sözügedən müsabiqədə Azərbaycandan bu ilin qalibləri bəlli olub. Bunlar “Azərbaycanın parlayan ulduzları” adı altında təqdim olunan teleaparıcı və aktrisa Kəmalə Piriyeva, müğənni Samirə Əfəndi və bloger Nəcibə Əhmədidir.

Maraqlıdır ki, aralarında Türkiyə şou-biznes nümayəndələrinin də yer aldığı bu mükafatlandırma mərasimi sanki “Oskar” alırmış kimi təmtəraqla təqdim olunub.

Qardaş ölkə sənətçilərindən bu mükafata layiq görülənlərin hansı meyarlarla seçildiyi, onların xidmətlərinin nədən ibarət olduğu, bir sözlə, dəyərindən asılı olmayaraq, hər hansı ödülə layiq olub-olmadığı onların öz işidir. Biz burada türk sənətçilərinə münasibətdə qiymətləndirici rol almaq istəmirik.

Söhbət ötən gecədə ölkəmiz adına “Azərbaycanın ən parlaq ulduzu” kimi təqdim olunan şəxslərdən və onların yaradıcı fəaliyyətindən gedir. Sadə bir məntiqlə sual yaranır ki, hər üç şəxs ölkənin parlayan ulduzu adına hansı xidmətlərin sahibidirlər?

Onlar cəmiyyətdə böyük rəğbətlə və ya tənqidlə qarşılanan hansı filmin qəhrəmanı, hansı musiqinin, bəstənin, ifanın, hətta toyxanalarda belə populyarlıq qazanan “dambadurub”un iştirakçısı, müəllifidirlər?

Hər üç şəxs tərəfindən ortaya qoyulmuş nəinki samballı, hətta adı mövcud olan bir iş varsa, onu Azərbaycan insanı bilməmiş olmazdı. Heç kimə sirr deyil ki, bu ölkədə iki misranı bir-birinə qoşub meyxana kimi təqdim eləyənin də cəmi bir neçə aya populyarlığı, kütləsi yaranır. Bu, əsl sənətdir, ya deyil, tamam ayrı mövzudur.

Ancaq ayrı bir ölkədə, yüz milyonluq tamaşaçı qarşısında Azərbaycanın ulduzu kimi təqdim olunan şəxslərə münasibətdə ən azından bu mükafatı təsis, təqdim edənlər məsuliyyətli davranmalıdır. Namizədləri təqdim edənlərə sual olunur: Siz bu seçimləri hansı meyarla etmisiniz? Seçim və qiymətləndirmə üçün hansı sənət əsərləri, işlər təqdim olunub?

Məsələn, 2021-ci ildə Azərbaycanı “Avroviziya” yarışmasında təmsil edən Samirə Əfəndinin beynəlxalq mahnı müsabiqəsində göstərdiyi “məharət”lə ölkəmiz 20-ci yerdə qərarlaşıb. Üstəgəl, onun yarışmada iştirakı mənasız insidentlər, o cümlədən Norveç təmsilçisi ilə musiqiyə aid olmayan detallarla yadda qalıb.

O cümlədən bloger Nəcibə Əhmədi və aparıcı Kəmalə Piriyevanın da yaradıcı fəaliyyəti sorğulana bilər. Yəqin hər üç şəxsin özü də bundan xəbərdardır və sübut üçün ortaya hər hansı layihəni təqdim edə bilməzlər.

Bəs o zaman onlar necə olur ki, Azərbaycanın parlayan ulduzu kimi təqdim olunur və biz də bunu “elə belə də olmalıdır” kimi qəbul edirik? “Altın Kelebek” almaq üçün səhnəyə çıxıb bu mükafatı analarına həsr etdiklərini deyənlər, çox gözəl bilirlər ki, onları həmin zalda elə analarından başqa da heç kim tanımır.

Əslində, bu cür mükafatların ömrü də kəpənək ömrü qədərdir. Və biz bunun da üstündən bir çox məsələlər kimi elə kəpənəktək toz qondurmadan keçə bilərdik.

Elə Eldar Baxışın məşhur şeirində dediyi kimi:

Bircə gün çəkmədi gəlib-getməyi, 

Kəpənək doğuldu, kəpənək öldü...

Əslində, kəpənəyin sadəsi “altın” kimi təqdim olunandan daha dəyərlidir. Elə bizim bu qızların özləri də...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya ABŞ-yə nota göndərdi

  • 23.02.2024 - 11:20
image

Dani Alveşə hökm oxundu

  • 22.02.2024 - 12:30
image

İsrail Dəməşqi vurur

  • 21.02.2024 - 13:14
image

Sabah rayonlara qar yağacaq

  • 21.02.2024 - 11:25
image

Tokayev Rusiyaya gedir

  • 20.02.2024 - 21:30