Cümə axşamı, 16 May

Rusiya Qarabağda “sülhməramlılar”a mandat istəyir - Kremlin “B” planı, yoxsa...

image

Moskva 2025-dən sonra Qarabağda qalmağı hədəfləyib; Laçın yolunu təzədən “dəhlizə” çevirmək üçün əlavə sənədin imzalanmasını xəyal edir - Təhlil

“Yalnız axmaqlar BMT Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan əleyhinə qətnamənin qəbul ediləcəyini düşünə bilərdi”.

Xəbər verilir ki, bu sözləri ermənipərəst politoloq Stanislav Tarasov Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib. O, Ermənistan rəhbərliyinin qərbpərəst siyasətinin Rusiyanı Türkiyə və Azərbaycana yaxınlaşmağa məcbur etdiyini bildirib: “Ermənistanın Moskva ilə təmaslarını itirməsi narahatlıq doğurur, o, Qərbə ümid bəsləyir. Deyir ki, Qərb bizə kömək edəcək. Qərb kömək etməyəcək. Moskva hələ də güclüdür, Moskvanı Bakı və Ankaranın qucağına sıxışdırmaq olmaz”.

Tarasov Ermənistanın Laçın yoluna Rusiya sülhməramlılarının nəzarət etməli olduğu iddiasına cavabında söyləyib ki, bununla bağlı əlavə anlaşma lazımdır, 10 noyabr bəyanatı isə buna imkan vermir: “Aydın olmayan məqamlar çoxdur. 10 noyabr bəyanatında aydın olmayan və qeyri-müəyyən ifadələr var. Laçın dəhlizinə kim nəzarət etməlidir? Erməni tərəfi israr edir ki, Rusiya sülhməramlıları. Amma Rusiya tərəfi sülhməramlıların statusunu və onların müvəqqəti səlahiyyətlərinin həddini aydınlaşdırmaq üçün ayrıca üçtərəfli görüş çağırmağın zəruri olduğunu təklif etdikdə Bakı və İrəvan bundan imtina edir”.

Bəs Rusiya nədən öz sülh kontingenti üçün mandat almağa can atır? Ondansa yaxşı olmazdımı 10 noyabr sənədinin 4-cü bəndini yerinə yetirəydi? Axı bunun üçün mandata ehtiyac yox! Həmin bəndi yada salırıq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir” (Diqqət! Söhbət “erməni silahlı qüvvələri”ndən gedir. Yəni Qarabağda nə Ermənistan hərbçisi, nə də qanunsuz silahlı separatçı qala bilməz).

Başqa yandan, görəsən, İrəvanın mandatla bağlı imtinasının qayəsində nə durur? Dəqiq olan odur ki, Moskva 2025-dən sonra da Qarabağda qalmağı hədəfləyib. Eyni zamanda o, Laçın yolunu təzədən “Laçın dəhlizi”nə çevirmək üçün hansısa əlavə sənədin imzalanmasını xəyal edir. Mümkündürmü?

Bu xüsusda tanınmış rusiyalı türkoloq Viktor Nadeyin-Rayevskinin erməni saytlarından birinə müsahibəsində bir cümlə diqqət çəkir. Rayevski deyib ki, Moskva üçün Qarabağın itirilməsi Qafqazın itirilməsi deməkdir ki, bu da ondan ötrü qəbuledilmızdir. Bu, sözsüz ki, hər şeydən öncə Rusiyanın Azərbaycana, ərazi bütövlüyümüz və suverenliyimizə münasibətinin təzahürüdür. Çünki Nadeyin - Rayevski öz ağzı ilə danışmır. Onu danışdıranlar var. Bəs “sülhməramlı” qüvvələrə mandat alıb, ardınca Laçın yolunu təzədən “Laçın dəhlizi”nə (karvansaraya) çevirmək planlarına qarşı kontr-tədbirlərimiz nə olmalıdır?

Sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, sülhməramlı kontingent bölgəyə yerləşdiyi ilk vaxtlarda Rusiya ilə Azərbaycan arasında bu razılaşma olmalıydı. Q.Əlibəylinin fikrincə, hər hansı saziş, yaxud protokol imzalana bilərdi. “Lakin bunu vaxtında etmədilər. Artıq xeyli zaman keçib, onların Qarabağı tərk etməsinə az qalıb, ona görə bunu gündəmə gətirməyə zərurət yoxdur. Sadəcə, Rusiyanın istəyidir və vaxtaşırı müzakirəyə çıxarırlar. Əlbəttə ki, ruslar regionda qalmağı arzulayır. Amma bu məsələ Rusiya ilə Azərbaycan arasında olmalıdır, Ermənistanın iştirakına ehtiyac yoxdur”, - deyə sabiq millət vəkili qeyd etdi.

Q.Əlibəyli hesab edir ki, əvvəlcədən həmin sənədə ehtiyac var idi, indisə yox. Onun sözlərinə görə, rus hərbi kontingenti separatçıları dəstəklədi, onlardan istifadə etməyə başladı: “Güman etmirəm ki, Rusiya hərbi kontingenti burada qalacaq. Moskva çalışdı ki, separatçıları gücləndirsin, əhalini də ”rus icması" adı altında birləşdirsin. Hakimiyyət də bir müddət buna göz yumdu. Ancaq indi proseslər xeyrimizə inkişaf etməkdədir. Onları Xankəndidən çıxarıb Ermənistana yerləşdirirlər. Bütün hallarda ən doğrusu Rusiya hakim dairələrinin hansı niyyətinin olmasından asılıdır".

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, sülhməramlı adlanan hərbi kontingentin vəzifə və səlahiyyətləri 10 noyabr sənədində öz əksini tapıb. O, əlavə status verilməsinə lüzum görmür. Ekspertin dediyinə görə, bir müddət əvvəl də Rusiya bu məsələni gündəmə gətirmişdi, Bakının reaksiyası olmuşdu: “O zaman deyilmişdi ki, hüquqi bir mexanizmin olması mümkündür. Sonra hadisələr dəyişdi, bu məsələ gündəlikdən çıxdı, Ukraynada işğalçı əməliyyatlar başlandı, mövzu tam unuduldu. Biz onlara mandat verməli deyilik. Çünki BMT bayrağı altında ərazimizə yerləşməyiblər. Sadəcə, müqavilə əsasında 5 illik sülhyaratma missiyasını yerinə yetirməliydilər. Müqavilənin bitməsinə 6 ay qalmış tərəflərdən birinin razılığı olmasa, ruslar getməlidirlər. Ona görə mandat məsələsi rusların ürəyindən keçən plandır. Bizim hədəfimiz isə onların erməni silahlı birləşmələri ilə birlikdə regionu tərk etməsi olmalıdır”.

Təhlilçi Rusiyanın xoşluqla bölgədən gedəcəyinə inanmır: “Müqaviləyə xitam verilməsinə az qalmış genişmiqyaslı təxribatlara təlimat veriləcəyi gözləniləndir. Bölgə nə qədər qarışsa, ruslar üçün o dərəcədə yaxşıdır. Bunun üçün Azərbaycan addımlarını sürətləndirməlidir. Biz Türkiyənin dəstəyini də alaraq bu işlərə son qoymalıyıq. Əgər Moskva təzyiq siyasətini gücləndirməyə başlasa, Şuşa Bəyannaməsi işə düşməlidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00