Çərşənbə axşamı, 30 Aprel

Deputat o qadını süpürgəçi düzəldə bilmədi... 

image

Səkkiz il əvvəl yazmışdım ki, Azərbaycanda xadimə işləmək üçün tanış lazımdır. Mən bu sözləri aya, yaxud ulduza baxa-baxa yazmamışdım. Şəxsən iştirakçı olduğum hadisəni qələmə almışdım... 

O vaxt 2015-ci ilin payızı idi. Gündə ən azı iki-üç saat müxtəlif telekanalların canlı efirində qonaq olurdum. Bəlkə də belə demək yaxşı çıxmır, Elgizdən, Zaur Kamaldan daha məşhur idim. Hadisələrə fərqli baxışım sayəsində tamaşaçıların rəğbətini qazanmışdım. Əlimdən yazmaqdan və danışmaqdan başqa heç nə gəlməsə də, hər gün ən azı beş-altı nəfər kömək üçün mənə müraciət edirdi. Adamın üstündə Allah var, heç kim pul istəmirdi, amma hamı pul qazanmaq istəyirdi. Öz halal zəhmətiylə, gözünün nuru, alnının təriylə...

İndiki kimi yadımdadır, yəqin ki, ölənə qədər də yadımdan çıxmayacaq: Üç uşaq anası olan bir qadın restoranda işə düzəlmək istəyirdi. Adminstrator olmaq ağlının ucundan da keçmirdi. Heç soyuq havada isti mətbəxdə kartof soyub, soğan doğramağı da arzulamırdı. Əvvəllər xadimə işləmişdi. İndi də çirkli qabları yuyub, balalarına halal çörək aparmaq istəyirdi. 

Vicdanını itə satmış adam da, bu müraciətə biganə qala bilməzdi. Dərhal restoran müdiri olan və yaxud kiminsə restoranını işlədən bir neçə nəfərə müraciət etdim. Günlər keçdi, həftələr dolandı, amma heç kimdən müsbət cavab ala bilmədim. O vaxt başa düşdüm ki, Azərbaycanda xadimə işləmək üçün də tanış lazımdır. Amma mənim kimi yox, varlı-karlı, vəzifəli tanış lazımdır... 

Yayın yerini payızla dəyişik saldığı bu günlərdə həmin hadisəni təsadüfən xatırlamadım. Ötən gün Milli Məclisin deputatı Etibar Əliyev maraqlı açıqlama verib. Təhsil sistemindəki neqativ hallara qarşı ardıcıl mübarizə aparan millət vəkili deyib ki, Elm və təhsil naziri Emin Əmrullayevin deputatlara qarşı allergiyası var. Sən demə, nazir təhsil sistemindən çıxmış parlamentarilərin heç bir təklifini nəzərə almır. Hətta, qatıldığı tədbirlərdə onların çıxış etməsinə qadağa də qoyub.  

Acınacaqlı mənzərədir, amma reallıqdır. Azərbaycanda deputatların sözünün keçmədiyinin dəfələrlə şahidi olmuşam. Çox uzağa getməyək, bir ay əvvəl ucqar dağ kəndində yaşayan, əsgər yoldaşım zəng etmişdi. Əvvəllər məni efirlərdə çox gördüyü üçün elə bilib sözümü eşidərlər. Xəstə olduğunu, həyat yoldaşının kəndlərinin icra nümayəndəliyinə süpürgəçi düzəlməyinə köməklik göstərməyimi xahiş etdi. Sonra da dedi ki, süpürgəçi qadın bir həftə rəhmətə getdiyi üçün həmin yer boşdur. 

Onun başına gələnləri sakit tərzdə dinləmək mümkün deyildi. Təbii ki, əsgər yoldaşımın xahişini qulaqardına vura bilməzdim. Həmin rayonun deputatı ilə tanış olduğum üçün əsgər yoldaşımın dediklərinin üstünə beşini də qoyub ona danışdım, ciddi-cəhdlə ürəyini yumşaltmağa çalışdım. Bəlkə də ondan heç vaxt heç nə xahiş etmədiyim üçün üzə düşüb kömək edəcəyinə söz verdi. İnsafən, bir həftə çalışdı, ora- bura zəng vurdu, bir neçə adama ağız açdı. Bilirsiniz, nəticəsi nə oldu? 

Bir həftə sonra əsgər yoldaşım zəng vurdu: "Həmin işə başqa adamı götürdülər". 

Davam etməyə ehtiyac varmı? 

Məncə, nə sizi yorum nə də özümü. Arif adamsınız, özünüz anladınız...

Rəhmətlik nənəm dünyagörmüş arvad idi. Həmişə deyirdi ki, adamın işini Allah düzəltsin... 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42