Şənbə, 28 Yanvar

Danimarkalı radikal siyasətçi Qurani-Kərimi bu səbəblərdən YANDIRIB – İLGİNC VERSİYALAR

image

Bu gün dünyanın diqqəti öz əməli ilə milyonların nifrətini qazanan və tənqid hədəfinə tuş gələn danimarkalı vəkil Rasmus Palun Qurani-Kərimi yandırmasına yönəlib. Müsəlmanların müqəddəs kitabına “əl uzadan” ifrat sağçı siyasətçinin əməlləri İslam dünyasında ciddi təpkilərlə qarşılansa da, “qoca qitə”nin susqunluğu diqqət çəkib. Buna rəğmən Türkiyə, İran, Malayziya və digər ölkələrin sərt reaksiyası Avropanı əməlli-başlı silkələyə bilib.

Türkiyə lideri Ərdoğan İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməyəcəyini açıqlayıb. İran isə qatı anti-İslam təbliğatçısı olan siyasətçinin dərhal cəzalandırılmasını İsveç hökumətindən tələb edib. Hətta ABŞ hökuməti də bu əməli “hörmətsizlik və iyrənclik” adlandırıb. İslamın müqəddəs kitabına qarşı atılan addıma dünya tərəfindən sərt reaksiyaların sərgilənməsi daim xristian təəssübü çəkən və müsəlmanları aşağılamağa çalışan Qərb üçün unudulmaz dərsdir və Avropa bundan nəticə çıxarmalıdır.

Digər bir məsələ isə Qurani-Kərimin niyə yandırılması və ümumiyyətlə İslam dininə qarşı bu cür addımların hansı səbəbdən atılmasıdır. Öncə qeyd etmək lazımdır ki, Allah öz dinini qoruyur və İslama qarşı heç bir çirkin addımın müsbət nəticəsi ola bilməz. Digər tərəfdən, nə qədər Qərb dövlətlərinin maliyyə rıçaqlarının təsiri altında olsalar da, bir çox müsəlman ölkələri İslam dininin təəssübünü çəkmək gücünə malikdir. Digər tərəfdən yer üzündəki müsəlmanların öz müqəddəs kitablarına qarşı edilən həqarətə sərt reaksiyaları göz qabağındadır.

Üstəlik, bu kimi hadisələr ilk və son deyil. Bir neçə il öncə ABŞ-ın Florida ştatında yaşayan bir keşiş də Quranı yandırıb. Bundan başqa, Fransada satirik Charlie Hebdo jurnalı üz qabığında Məhəmməd Peyğəmbərin karikatürasını yayımlayıb. Bütün bu hadisələrdən sonra baş verən iğtişaşları və silahlı hücumları da xatırlamamaq mümkünsüzdür.

Yuxarıda qeyd etdiyim kimi, bu addımın atılmasında bir neçə variantlar ola bilər. Danimarkalı “məxluq”un bu əməli ilə müsəlmanların heysiyatı ilə oynaması və onları təxribata çəkmək istəməsi mümkündür. Hazırda Qərb ölkələrində müsəlmanların sayının artdığı heç kimə sirr deyil. Bu isə bir çox radikal sağçı siyasətçilər və insanlar tərəfindən normal qarşılanmır. Ona görə də, zaman-zaman müsəlmanları qıcıqlandıran və onları təxribata sürükləyən addımların atıldığının şahidi oluruq. Məqsəd isə müsəlmanları barbar, terrorçu və cinayətkar kimi təqdim etmək, onları Avropa cəmiyyətinin gözündə nüfuzdan salmaqdır.

Digər bir versiya isə bu hadisənin İsveçin düşmənləri tərəfindən planlaşdırılmasıdır ki, bu da tam mümkündür. Belə ki, İsveçin Finlandiya ilə bərabər NATO-ya üzv olmaq çabaları göz qabağındadır. Hansı ki, Rusiya başda olmaqla bir çox dövlətlər buna etiraz edirlər. Üstəlik, Türkiyə ifrat sağçı vəkilin bu addımından sonra İsveçin NATO-ya üzv olmasına razılıq verməyəcəyini açıqlayıb. Bəlkə də, İsveçin düşmənlərinin istəyi bu idi və ona nail oldular.

Səbəb hər nə olursa-olsun, 2 milyarddan çox insanın dini inancına həqarət etmək heç bir demokratik dəyərlərə sığmır. Odur ki, özünü demokratiya carçısı kimi dünyaya sırıyan Qərb bunu anlamalıdır. O ki qaldı müsəlmanların barbar kimi təqdim olunmasına, kimin zalım və qaniçən olduğunu, eləcə də insan hüquq və azadlıqlarını tapdaladığını dünya görür. Bu, radikal xristianlardan tutmuş, ifrat sağçı İslam əleyhdarlarına qədər hər kəsə sözün bütün mənalarında “od qoyur”. Allahın kitabını isə heç bir halda yandırmaq mümkün deyil.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Xırdalanda su kəsiləcək

  • 28.01.2023 - 09:28
image

328 nəfərə vaksin vuruldu

  • 27.01.2023 - 14:33
image

Rusiyanın Ukraynada itkiləri

  • 26.01.2023 - 11:25