Cümə, 26 Aprel

Ölkəni bürüyən maşın “kreditləri” - işbazlar əhalini necə soyur...

image

Bankdan kənar, nisyə avtomobil satışı ciddi problemlərə yol açır; hüquqşünas: “Vətəndaşları ehtiyatlı olmağa çağırıram”

Son illərdə Azərbaycanda özünüməşğulluğun sürətlə artması müşahidə olunur: dayəlikdən tutmuş, ev baxıcılığı, taksi sürücülüyünə qədər... Yüz minlərlə insan bu xidmətləri təqdim etməklə gündəlik dolanışıq pulunu çıxarır. Onların böyük əksəriyyəti rəsmi məşğul sayılmır, çünki əmək müqaviləsi ilə işləmirlər.

Hökumətin bütün açıqlamalarına rəğmən, ölkədə layiqli maaş verilən, işçilərlə rəsmi əmək müqaviləsi bağlanılan iş yerlərinin sayı çox məhduddur. Bu isə özünüməşğul insanları bir sıra çətinliklərlə üzləşdirir. Bunlardan biri də zəruri ehtiyaclarını qarşılamaq üçün kredit götürmək imkanlarının olmamasıdır. Onlar gəlirlərini təsdiq edən sənəd təqdim edə bilmədikləri üçün heç yerdən kredit ala bilmirlər. Belə vəziyyət xüsusilə avtomobil bazarında bir sıra işbazların əlinə yarayır: onlar ucuz qiymətə aldıqları maşınları dəyərindən 40-50 faiz bahasına müxtəlif şəxslərə “kredit”lə satırlar. 

İnhisarlaşmamış tək-tək sahələrdən biri olan taksi xidməti insanları özünə cəlb edir. Onlar maşını banksız kreditlə alaraq, taksi fəaliyyəti göstərib həm aylıq xərclərini, həm də kredit pulunu qarşılamağa çalışırlar. Avtomobil bazarında oturuşmuş işbazlar isə bu prosesdən maksimum yararlanırlar.

Onlar vətəndaşın özünün tapdığı maşını sahibindən alır, öz adlarına keçirir, daha sonra həmin maşını aldığından 40-50 faiz bahasına həmin vətəndaşa kreditlə satırlar.  Bunun üçün maşını almaq istəyən şəxs 1500-2000 manat arası ilkin ödəniş edir - bunun adını əksər hallarda depozit qoyurlar. Daha sonra 36-48-60 aylıq müddətdə maşının qalan dəyərinin ödənilməsi üçün müqavilə bağlanır, aylıq ödənişlər müəyyənləşdirilir. İşbazlar maşının sürülməsinə imkan yaradan etibarnamə verirlər.  Bu zaman aylıq ödəniş məbləği minimum 600 manatdan - gündəlik 20 manatdan başlayır. Maşını alan şəxs taksiçilik etməklə bu məbləği, üstəlik, sifariş aldığı taksi xidmətinin 250-300 manata çatan faizini ödəməli olur.

Maşın bazarında digər növ işbazlar da var: Onlar daha soyğunçudur: vətəndaşa təklif edir ki, bir bəyəndiyi maşını tapsın, gətirsin onların ofisinə. Orada işbazlar həmin maşını, məsələn, 8 min manata alır, sahibini yola salırlar. Sonra çarəsiz vətəndaşa deyirlər ki, sən ilkin ödəniş olaraq 1500-2000 manat ödə, biz bu maşını öz adımıza rəsmiləşdirib, sənə “kredit” şərti ilə veririk. Şərt də budur ki, həmin 1500-2000 manat ilkin ödəniş kimi kasko sığorta və maşının qeydiyyatı üçün sərf olunur, sonra maşını 10 min manata qiymətləndirirlər. Bu hələ hamısı deyil, ardınca vətəndaşa onun üzərinə 2 illik “daxili kredit faizi” kimi 30 faiz də gəlirlər, 8 min manatlıq maşın üçün onlara 14 min manata yaxın pul ödəmək öhdəliyi qoyurlar. Yəni vətəndaş faktiki 8 min manatlıq maşını 14 min manata alır. İşbazlar isə bu “xidmətə”, asan qazanca görə nə vergi ödəyir, nə də digər bir ödəniş.

Bu variantların hər biri üzrə bir çox hallarda 1-2 ay ödəniş edə bilməyəndə maşın onların əlindən alınır, etibarnamə ləğv olunur, ona qədər ödədikləri məbləğ isə batır. Ortada heç bir rəsmi müqavilə olmadığına görə vətəndaşın şikayətinə baxılmır. Hazırda belə vəziyyətlə üzləşmiş minlərlə adam var. Faktiki olaraq, bu, dələduzluğun bir növünə çevrilib. Maşın satışı ilə məşğul olan saytlardakı “daxili kredit”, “maşın tap, biz alaq” elanlarının sayı yüzlərlədir. Xeyli adam da bu tələyə düşür.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i yeni avtomobilin alınması üçün kredit verir. Bu banklarda kredit əsasən bahalı və rəsmi distribütorların gətirdiyi avtomobillər üçün ayrılır. Avtomobil kreditlərinin müddəti çox məhdud, faizi isə yüksəkdir - illik 18-24 faizə qədər, 3-5 illik müddətə. Əksər hallarda banklar yalnız özlərinə yaxın olan distribütor şirkətlərin təqdim etdiyi avtomobillər üçün kredit ayırırlar. Eyni zamanda bir sıra banklar avtomobil kreditini əmək haqqı, pensiya kartları olan şəxslərə verirlər.

Adətən avtomobil kreditinin məbləği avtomobilin dəyərinin 50 faizindən yuxarı olmur. Bunun da səbəbi 2018-ci ildə qanunvericiliyə edilən dəyişiklikdir. Həmin ilin dekabrında keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ını təsdiqləyib. Qaydalara əsasən, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur (hesablamada kredit üzrə yalnız əsas borc nəzərə alınır):

 - kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60 faizdən çox olmamalıdır;

 - kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50 faizdən çox olmamalıdır;

 - avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20 faizdən çox olmamalıdır.

Bu o deməkdir ki, müştəri qiyməti 60 min manat olan yeni (yəni istehsal tarixindən 1 ildən az müddət keçmiş) avtomobil almaq istəyirsə, həmin avtomobilin alınması üçün verilən kredit maşının dəyərinin 60 faizindən, yəni 36 min manatdan artıq olmamalıdır.

İstehsal ili eyni olan, amma qiyməti, məsələn, 25 min manat olan avtomobilin alınması üçün isə kreditin məbləği onun dəyərinin 50 faizini, yəni 12,5 min manatı keçməməlidir.

Avtomobil krediti verən banklar- SİYAHI, ŞƏRTLƏR - FED.az

İstehsal tarixi köhnə olan avtomobillərdə şərtlər daha ağırdır. Yəni istehsal tarixindən bir ildən artıq vaxt keçmiş bütün avtomobillərin alınması üçün həmin avtomobilin dəyərinin yalnız 20 faizi qədər kredit ayrıla bilər. Məsələn, 20 min manatlıq köhnə avtomobil alınacaqsa, onun alınması üçün maksimum 4 min manat kredit ayrıla bilər.

Qeyd edək ki, ölkə banklarından 1-2-si istehsal ili 5 ildən yuxarı olan avtomobillərin alınmasını kreditləşdirir, lakin onların şərtləri çox ağırdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin sonuna ölkədə 1 milyon 349 min 307 ədəd minik avtomobili olub. Bu avtomobillərin 80,2 faizinin - yəni1 milyon 81 min 782 ədədinin yaşı 10 il və yuxarı, 15,1 faizinin - yəni 204 min 332 ədədinin yaşı 5-10 il arası, cəmi 63 min 193 ədədinin -  yəni 4,7 faizinin yaşı 5 ilə qədərdir. Bu isə o deməkdir ki, ölkədə olan minik avtomobillərinin 95,3 faizini faktiki olaraq rəsmi kreditlə əldə etmək mümkün deyil.

Doğrudur, avtomobil krediti verməyən digər banklar avtomobil almaq istəyən şəxslərə nağd pul krediti təklif edirlər. Lakin əvvəla, bu kreditləri almaq üçün vətəndaş gəlirini təsdiqləyən rəsmi sənəd təqdim etməlidir, hansı ki, ölkədə cəmi 1,7 milyon nəfərin belə imkanı var. Əmək müqaviləsi ilə işləyən bu şəxslərin mühüm hissəsinin əmək haqqı ölkə üzrə minimum əmək haqqı olan 300 manat məbləğində rəsmiləşdirildiyinə görə onların kredit qaytarmaq potensialı zəif qiymətləndirilir. İkincisi, təqdim olunan kreditlərin şərtləri də kifayət qədər ağırdır.

Beləliklə, on minlərlə insan avtomobili nağd almaq imkanları olmadığına görə bankdankənar kreditə baş vurmalı olurlar. Araşdırmalar göstərir ki, hər rayonda 2-3 nəfər şəxs var ki, ikinci əl maşınları belə kreditlə satır. Onlarla bağlı edilən şikayətlər nəticəsiz qaldığına görə  bu şəxslərin təkbaşına işləmədiklərini güman etmək olar.

Hüquqşünas: “Bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır”  - 06.08.2021, Sputnik Azərbaycan

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə, avtomobillərin belə üsulla satılması qanunsuz sayılmır: “Bu, kredit sayılmır. Bunu nisyə yolla mal satmaq adlandırmaq daha doğru olardı. Nisyə yolla mal satmaq qanunla qadağan olunmayan fəaliyyətdir. Amma burada bir məsələ var: bunu rəsmi mağazalar edir. Hazırda böyük mağazalar bankdankənar kreditlə - yəni nisyə mal satırlar və bu fəaliyyət çox geniş xarakter alıb. Bu isə banklarla rəqabət aparmaq deməkdir və əldə olan məlumata görə, tezliklə qanunvericiliyə belə mal satışını qadağan edən, yaxud məhdudlaşdıran dəyişikliklər olunacaq. Lakin belə mağazalar işlənmiş mal satmırlar. Avtosalonlar da nisyə avtomobil satırlar, lakin işlənmişləri deyil, yenilərini. Düşünürəm ki, köhnə avtomobilləri nisyə alan şəxslər problemlə üzləşməmək üçün prosesin qanuni yolla rəsmiləşdirilməsinə nail olmalıdılar. Yəni alqı-satqı müqaviləsi notariusda təsdiqlənərək imzalanmalı, orada bütün detallar dəqiq qeyd olunmalıdır. Belə olarsa, heç bir tərəf digərinə qarşı qanunsuzluq, yaxud haqsızlıq edə bilməz. Məsələn, müqavilədə avtomobilin dəyərinin ödənməsi, ödəniş edilmədiyi hallarda atıla biləcək addımlar dəqiq əksini tapmalıdır. Ki, sonra alıcı 1-2 ay ödənişi gecikdirdikdə, ona qədər ödədiyi bütün pullar batmasın, yaxud müqavilədən kənaraçıxma olanda qarşı tərəf məhkəməyə müraciət edə bilsin”.

Ekspert hesab edir ki, avtomobili alan yalnız sürmək üçün etibarnamə ilə kifayətlənməməlidir: “Belə etibarnamə adətən sənədləri qaydasında olmayan avtomobillərə verilir. Yəni alan adam ödənişləri axıradək vaxtında icra etsə belə, sonda sənədləri qaydasında olmadığına görə avtomobili öz adına keçirə bilməz, yaxud bunun üçün əlavə xərcə düşə bilər. Mən vətəndaşları ehtiyatlı olmağa çağırıram, çünki hüquqi qüvvəsi olmayan sənədlərlə avtomobil əldə etmək riskli işdir. Rəsmiləşməyən alqı-satqı müqaviləsi sabah avtomobili satan adam rəhmətə gedərsə, varisləri tərəfindən tanınmaya bilər. Yəni risklər çoxdur, avtomobil sahibi olmaq istəyənlər onları nəzərə alıb addım atmalıdılar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33