Çərşənbə, 15 May

Evlilik lotoreyası ilə cek-pot udan icra başçısı...

image

Çoxlarının arzusudur ki, onun qayınatası milyonçu olsun. Bəlkə də indu dünyada yüzlərlə gənc, ortayaşlı, boşanmış kişi Uca Tanrıya dua edir ki, ona elə bir həyat yoldaşı yetirsin ki, atası zəngin olsun. Amma hamının duası qəbul olunsaydı, nə vardı. Milyonda bir adamın duası qəbul olunur. Vilyam Hacıyev o milyonda bir adamlardandır. Hazırda həbsdə olan İmişli rayonunun keçmiş icra başçısını deyirəm... 

İndi məhkəmə prosesi gedən Hacıyev o zaman həbs olunanda iş otağından, mənzilindən ümumilikdə 6 milyon manatdan çox pul tapılmışdı. Vilyam Hacıyev onları səliqə ilə dəstələyib skoçlamlış və ağılagəlməyən yerdə gizlətmişdi. Əməliyyatçılar həmin pulları elə onun gözünün qabağında aşkar edib üzə çıxarmışdılar. Həmin görüntülər - həm foto, həm də videolar indi də internet resurslarında qalır. Gözü pul görmək istəyən axtarış verib baxa bilər. 

O pullar sadə İmişli cammatının alın təri idi. Süpürgəçinin, təqaüdçünün, fermerin, kəndlinin, maldarın, sahibkarın, hətta qazinin, şəhid ailəsinin əlindən alınmışdı o pullar. İnsanlar o pulları qazanmaq üçün gecə-gündüz əziyyət çəkmişdilər. Hacıyev də həmin pulları rüşvət yolu ilə tutub əllərindən alaraq bir yerə toplamışdı. Dollara, avroya çevirib ütüləyərək dəstələmiş və gizlətmişdi. O pulları hansı niyyətlə toplayırdısa, niyyətinə çata bilmədi. Arzusu gözündə qaldı. 

Mən ilahi ədalətə inanıram. Haram yeyənlərin, başqasının haqqına girənlərin bir müddət sonra öz haqqını qapı-qapı gəzəcəyinə əminəm. Belə talelər minlərlədir. Hər zaman olub, indi də var. Bu gün Vilyam Hacıyev öz haqqını nəinki qapı-qapı axtara bilmir, ümumiyyətlə qapısı olmayan dörd divar arxasındadır. Haqq axtarmaq imkanından da məhrum olub. İndi biçin sezonundadır. Vaxtilə əkdiklərini bircə-bircə biçir, əliyalın ot yolur. Kafidirmi? Onu heç birimiz bilmirik. Ən dəqiqini özü bilər. Nə qədər əkib və nə əkib?!

Amma arsızlığından da qalmır. Bu gün məhkəmə iclasında deyib ki, evindən, iş otağından tapılan pullar onun deyil. Həyat yoldaşının babasından qalan pullardır. Belə çıxır, həyat yoldaşının babasının da Vilyam kimi dollar, avro yığmaq vərdişi olub. Adama deyərlər, kimə gəlirsən?! 

İcra başçısı olanda bir açıqlama vermişdi, o açıqlamanı oxuyan hər kəs qarnını tutub gülürdü. Demişdi ki, İmişlidə ayda 200 manata yataqxanada kirayə qalır. Məsələ onun açıqlamasında deyildi. Məsələ onun necə bu qədər qıp-qırmızı ola bilməsində idi. Bu, nə artistlik, nə də klounluq deyildi. Bu, həyasızlığın, belə qırmızılıqdan utanması idi. Həyasızlıq da Vilyama həsəd aparmışdı o zaman. Ağzı açıq qalmışdı.

İndi də deyir ki, pul həyat yoldaşının babasından qalıb. Ailə quranda lotareyası cek-pot udub. Bəxtəvər! 

Vicdanı olan bir adamın bu böyüklükdə cinayət işində həyat yoldaşının ismini hallandırmasının adı nədir, bunu bilməyən yoxdur. Heç bir mənəvi dəyəri olmayan belə admalar necə yüksək vəzifə tutur? Onlara kim yol açır? Kim onları böyük bir rayonun rəhbərliyinə qədər əlindən tutaraq gətirir? Axı ilahi ədalət olsa da, bəzən o ədalət gələnə qədər iş-işdən keçmiş olur. 

Onlara qotur keçi də etibar etmək olmaz. Satarlar...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00