Cümə, 17 May

Ermənistanla münasibətlərin normallaşması mümkündürmü?

image

Ermənistanda keçirilən AVRONEST Parlament Assambleyasının plenar iclasında iştirak etmək üçün Azərbaycanı təmsil edən deputatlar Tahir Mirkişili və Soltan Məmmədov İrəvana gediblər. Bəzi dairələr bu səfərin ikitərəfli əlaqələrin inkşafına müsbət təsir edəcəyini iddia etsə də, baş verən hadisələr erməni xislətinin hansı səviyyədə olduğunu bir daha sübut etdi...

Belə ki, dünən bir qrup erməni vətəndaş “Zvartnots” hava limanına gedən yolu bağlayaraq, azərbaycanlı deputatların AVRONEST Parlament Assambleyasına qatılmağına mane olmağa çalışıblar. Daha sonra vətəndaşlarla polis arasında qarşıdurma baş verib və aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıblar. Nümayişçilər “Türklərlə dostluq etməmək üçün yığışmışıq”, “Münasibətlərin normallaşmasına qarşıyıq” kimi şüarlar səsləndiriblər.

Görünən odur ki, müharibənin bitməsindən bir ildən artıq vaxt keçsə də, ermənilərin anti-türk mövqeyində heç bir yumşalma olmayıb. Ara-sıra müsbət bəyanatlarla guya münasibətləri normallaşdırmağa çalışan Paşinyan hakimiyyətinin son günlər sərhəddə törətdiyi təxribatlar da Azərbaycana olan münasibətin bariz nümunəsidir.

O halda sual olunur ki, ermənilər iki azərbaycanlı deputatın ölkələrinə səfər etmələrini qəbullana bilmədiyi halda, hansı əlaqələrdən, ikitərəfli münasibətlərin normallaşmasından söhbət gedə bilər?

Qeyd edək ki, 2016-cı ildə AVRONEST Parlament Assambleyasının Bakıda keçirilən plenar iclasında Ermənistan parlamentinin üzvləri Armen Aşotyan və Mane Tandilyan iştirak etmişdilər. Həmin vaxt torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, Bakıda erməni deputatların təhlükəsizliyinə əngəl yaradılmamışdı.

Mövzuyla bağlı politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib tərəf olmağına baxmayaraq, hər zaman Ermənsitana sülh çağırışları edib: “Azərbaycanın bu addımı regionun digər dövlətləri Rusiya və Türkiyə tərəfindən də dəstəklənib. Azərbaycanın mövqeyi birmənalı olsa da, Ermənistan tərəfi hələ də revanşist fikirlər səsləndirməkdə davam edir. Bu amil təkcə Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün yox, eyni zamanda Cənubi Qafqaz regionunun geopolitik durumu üçün də neqativ haldır”.

Ekspert qeyd edir ki, AVRONEST Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvana gedən iki deputata görə aksiya keçirənlər bir daha sübut etdilər ki, ermənilər hələ də radikal milliyyətçiliyin, erməni faşizminin təsiri altındadırlar: “Əslində baş verən hadisələr erməni siyasi sisteminin, indiki və köhnə hakimiyyətlərin uzun illər apardığı ideoloji terrorun nəticəsidir. Ümumiyyətlə, dövlətlərarası münasibətlərin normallaşması siyasi qərarlardan daha çox, xalqların psixoloji şürundan asılıdır. Lakin erməni mətbuatında, siyasi sferasında hər gün Türkiyə və Azərbaycan əleyhinə təbliğatlar aparılır.

Bütün bunlar nəticə etibarilə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin siyasi baxımdan normallaşmasını mümkünsüz edir. Düşünürəm ki, ilk növbədə cəmiyyət buna hazırlanmalı və Ermənistanda aparılan anti-türk təbliğatına son qoyulmalıdır. Bunlar olmayacağı təqdirdə sülh ortamının yaranması o qədər də real görünmür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58