Cümə axşamı, 25 Aprel

Laçın dəhlizinə nəzarət reallaşır:Araik və onun terrorçuları qaçmağa hazırlaşırlar

image

Xankəndi və ətraf bölgədə yaranmaqda olan yeni situasiya yalnız erməni separatçıları deyil, eyni zamanda Rusiyanı da çıxılmaz vəziyyətə salır; Kremlin bu bölgənin maliyyə xərclərinin, xüsusilə də, sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün rəsmi Bakıya müraciət etməli olacağı qətiyyən şübhə doğurmur…

Xəbər verilir ki, bu ilin son ayları Azərbaycan üçün kifayət qədər uğurlu oldu. Azərbaycan diplomatiyası Soçi və Brüssel görüşlərində əsas nəticələri növbəti ildə üzə çıxmağa başlayacaq önəmli üstünlüklər qazandı. Və rəsmi Bakı bundan sonrakı siyasi-diplomatik mərhələdə birmənalı şəkildə psixoloji hücum modelinə üstünlük verəcəyini biruzə verdi.

Digər tərəfdən, Ermənistan baş naziri Nikol Paşinyanın ardıcıl iki açıqlaması Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi. Erməni baş nazir öz açıqlamaları ilə faktiki olaraq, “artsax” ideyalarından uzaqlaşdığını, rəsmi İrəvanın Xankəndi və ətraf bölgədəki separatçıların arxasından çəkilmək niyyətində olduğunu göstərməyə çalışdı. Və hazırda rəsmi İrəvanla erməni separatçıları arasında kifayət qədər ciddi siyasi-ideoloji qarşıdurmanın olduğu açıq-aşkar nəzərə çarpır.

Təbii ki, Ermənistan cəmiyyətində hələ bir müddət yeni situasiyanın şərtlərinə müqavimət göstərməyə yönəlik cəhdlər müşahidə olunacaq. Ancaq bu cəhdlərin Ermənistandakı radikal revanşist siyasi qüvvələr üçün geriyə dönüş imkanları yarada biləcəyi qətiyyən inandırıcı görünmür. Və tezliklə erməni toplumu istəsə də, istəməsə də, mövcud situasiyanın tələbləri ilə barışmalı olacaq.

Hələliksə, revanşistlərin təmsilçiləri Ermənistan cəmiyyətini “böyük fəlakət” xəbərdarlıqları ilə qorxutmağa çalışırlar. Məsələn, qalib tərəfin həmişə maksimalist hədəflərə can atdığını vurğulayan müxalifətçi deputat Lilit Qalstyan Ermənistanın “artsax”dan imtina edəcəyi təqdirdə, məhvə məhkum olduğunu iddia edir. Onun fikrincə, bundan sonrakı mərhələdə rəsmi Bakı Laçın dəhlizində nəzarət-buraxılış məntəqələri yaratmaqla, Ermənistan və “artsax” arasında keçilməz sədd quracaq: “Rəsmi Bakı belə bir addım atarsa, bu, Ermənistan və “artsax” üçün böyük risklər yaradacaq. Çünki, Ermənistan və “artsax” eyni təhlükəsizlik sisteminə daxildir. Yəni, biri olmadan, digəri də mövcud ola bilməz”.

Əslində, erməni deputatın bu iddiaları Ermənistan cəmiyyətini qorxutmaqla, elektoratı müxalifət düşərgəsinin arxasında toplamaq cəhdlərindən başqa bir şey deyil. Çünki, “artsax”ın gələcək taleyi 44 günlük savaşın nəticələri ilə birdəfəlik müəyyən edilib. Daha “artsax” yoxdur, Azərbaycan ərazisində ermənilər üçün heç bir status olmayacaq. Tezliklə rəsmi Bakı Xankəndi və ətraf bölgədə Azərbaycanın yurisdiksiyasını təmin edəcək.

Bu reallığı rəsmi İrəvan da tam dəqiqliyi ilə anlayır. Ona görə də, artıq mövcud olmayan “artsax” ucbatından Ermənistanın gələcək taleyini riskə atmamağa çalışır. İndi rəsmi İrəvan üçün ən önəmli hədəf sosial-iqtisadi böhran yaşayan Ermənistanı blokada şəraitindən çıxartmaqdan ibarətdir. Bunun üçünsə, ilk növbədə Paşinyan hakimiyyəti “artsax” ideyalarından imtina etdiyini rəsmən bəyanlamağa məcbur idi. Və bu, artıq demək olar ki, baş verib.

Məsələ ondadır ki, erməni baş nazir həqiqətən də Xankəndi və ətraf bölgədə olan separatçıları təkbaşına buraxmaq niyyətində ciddidir. Eyni zamanda, məqsədyönlü şəkildə Zəngəzur dəhlizində Ermənistanın nəzarət-buraxılış məntəqələrinin yaradılmasında israr edir. Halbuki, baş nazir N.Paşinyan bu israrının rəsmi Bakı tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış postlarının qurulması ilə cavablandırılacağını da anlayır.

Ancaq erməni baş nazir üçün hazırda bu məsələnin məhz belə ssenari üzrə həll olunması daha sərfəlidir. Çünki bu halda, o, bir tərəfdən, Zəngəzur dəhlizində Ermənistanın nəzarət-buraxılış məntəqlərinin qurulmasına nail olmaqla, erməni toplumu qarşısında öz nüfuzunu gücləndirə bilər. Digər tərəfdən isə, “artsax”dan imtina etməsinə geopolitik arqumentlər qazanmaq imkanlarına sahibdir. Yəni, Zəngəzurda nə baş versə, rəsmi Bakının da Laçın dəhlizində analoji addımları atacağıni Ermənistan cəmiyyətində də artıq anlamağa başlayıblar.

Belə anlaşılır ki, baş nazir N.Paşinyan kifayət qədər praqmatik siyasi oyun oynamağa çalışır. Bir tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan cəmiyyətinin dəstəyini qazanmaq istəyir. Digər tərəfdənsə, “artsax” iddiaları ilə bağlı Ermənistanın inkişaf perspektivləri qarşısında yaranan əngəlləri aşmağa çalışır. Yəni, rəsmi İrəvan Ermənistanın gələcək taleyini təhlükə altında buraxan erməni separatçıları ilə bağlı yükdən xilas olmaqda qərarlıdır. Və üstəlik, bununla həm də, Ermənistan büdcəsini, erməni separatçılara sərf edilən əlavə və özünü doğrultmayan xərclərdən yayındırmağı hədəfləyib.

Təbii ki, belə vəziyyət yalnız Xankəndi və ətraf bölgədə olan erməni separatçıları deyil, həm də Rusiyanı çıxılmaz vəziyyətə salır. Ən azından ona görə ki, Zəngəzur dəhlizində Ermənistanın nəzarət-buraxılış məntəqələri yaratmasından sonra erməni separatçılar təklənmiş vəziyyətə düşəcəklər, onların əsas maliyyə dəstəyi də kəsilmiş olacaq. Çünki, bu prosesin davamında rəsmi Bakı da Laçın dəhlizində öz nəzarət-buraxılış postlarını qurmağa başlayacaq. Və nəticədə erməni separatçılar yalnız Rusiya sülhməramlı qüvvələrinin ümidinə qalmış olacaqlar.

Ancaq Rusiyanın Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin bütün maliyyə xərclərini öz üzərinə görüməyə həvəsli olacağı qətiyyən inandırıcı deyil. Belə vəziyyətdəsə, Kremlin bölgənin maliyyə xərclərinin, xüsusilə də sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün rəsmi Bakıya müraciət etməli olacağı qətiyyən şübhə doğurmur. Bu isə yalnız Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə, mümkün ola bilər. Yəni, Xankəndi və ətraf bölgədə Azərbaycanın yurisdiksiyasının təmin olunacağı vaxta o qədər də çox qalmayıb.

Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış postları qurmasından sonra baş verəcək olayları indidən proqnozlaşdırmaq o qədər də çətin deyil. Darmadağın edilmiş Ermənistan ordusunun silahlı tör-töküntüləri bölgədən çıxarılacaq. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi bölgədən qaçmaq məcburiyyətində qalacaq. Buna imkan tapmayanlar, yəni qaçmaqda gec qalanlar həbs olunacaq.

Azərbaycan vətəndaşlığını qəbul edəcək sadə ermənilər isə bölgədə dövlətimizin himayəsi altında yaşaya biləcəklər. Ona görə də, tezliklə baş verəcəklərdən məlumatlı olan Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsinin artıq qaçmağa hazırlaşması barədə yayılan məlumatlar qətiyyən təəccüblü deyil./

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33