Cümə, 19 Aprel

“Dövlətin içində ikinci bir hakimiyyət olub...” - “Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”

image

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin iki Baş İdarəsinin sabiq rəisinin həbsi ətrafında müzakirələr davam edir. Bu həbslərin Eldar Mahmudova qədər uzana biləcəyi də ehtimal olunur. Sözügedən şəxslərdən əvvəl isə orduda yüksək postlar tutan generalların bəziləri vəzfələrindən azad edilib, hətta onlardan biri həbs olunub. Burada da həbslərin davam etməsi istisna olunmur.

Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun yaxın çevrəsində həbslər aparılır. Bütün bunlar kortəbii prosesdən daha çox hansısa fəaliyyət planının tərkib hisəsinə bənzəyir.

Bu mövzu ətrafında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib:

- Sərdar bəy, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisləri olan Mövlam Şıxəliyevin və Nizami Şirinovun həbsi geniş müzakirələrə səbəb olub. Bu həbsləri nəylə əlaqələndirirsiniz və prosesin davamı olaraq daha nələr baş verə bilər?

- Məncə, bu şəxslərin həbsinin böyük əhəmiyyəti var. Əgər bunlar ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində kəşfiyyat və istintaq kimi mühüm sahələrə rəhbərlik ediblərsə, deməli dövlət içində real təhlükə yaradan məsələlər haqqında ya məlumatlı olublar, ya da bu işdə iştirakları olub. Odur ki, belə həbsləri korrupsiya xarakterli həbslərlə eyniləşdirmək doğru olmazdı. Əksinə, bunları bir-birindən ayırmaq lazımdır. Xüsusilə, nəzərə alsaq ki, indi Azərbaycan və Rusiya arasında yeni münasibətlər sistemi formalaşır və bu münasibətlər sistemində Rusiyanın Azərbaycandakı aşkar və gizli tərəfdarlarının hamısının neytrallaşdırılması tələb olunur. Ona görə də həbslərə bu kontekstdən baxmaq lazımdır. Bu adamlar nə dərəcədə Rusiyanın buradakı maraqlarına xidmət ediblər, Azərbaycanın daxilində hansı işlər görüblər, xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq ediblərmi və s. məsələlər araşdırılmalıdır. Ehtimal edirəm ki, onların həbsi bu qəbildən olan məsələlərlə əlaqəli ola bilər.

Qeyd edim ki, orduda xainlərin olduğu ortaya çıxdı -generallar və digərləri. Təbii ki, bu, yalnız ordu ilə məhdudlaşmır. Daxili işlər və təhlükəsizlik orqanlarında da eyni qəbildən olan şəxslərin olub-olmadığı diqqətə alınmalıdır. Bu məsələlər araşdırılıb başa çatdırılmayana qədər dövlətçiliyin təhlükəsizliyinin təminatından danışmaq mümkün deyil.

- Bir müddət əvvəl general-leytenant Rövşən Əkbərov həbs edildi, general-mayor Xaqani Cəbrayılovunsa həbs edildiyinə dair məlumat yayılsa da, deyilənlər təsdiqini tapmadı. Sizcə, ümumilikdə bütün bu həbslər bir-birilə hansısa formada bağlıdırmı?

- Sözsüz ki, bunların hamısı bir-birilə bağlıdır. Azərbaycan dövlətinin içində ikinci bir hakimiyyət olub, hansı ki, onlar xaricdən idarə olunurdu. Onların buradakı rəhbəri isə Ramiz Mehdiyev idi. Xeyli müddət idi deyirdik ki, Azərbaycanda ikihakimiyyətlilik var. Qeyd olunurdu ki, Prezident Əliyev hər şeyə nəzarət edir. Əslində isə dünyanın heç bir ölkəsində belə yanaşma olmayıb. “Prezident hər şeyə nəzarət edir, İlham Əliyev hər şeyi hamıdan yaxşı bilir” fikri deyilirdisə, deməli, bunun əksini diqtə edən hallar da olub.

Yəni başqa qüvvə də olub ki, tam başqa siyasət aparıb və bir çox hallarda İlham Əliyevin həyata keçirdiyi siyasətə ziyan vuran əks siyasət yürüdüb. Həbs edilən bu adamlar məhz həmin cəbhənin nümayəndələridir. 

- Son günlər müşahidə etdiyimiz digər məsələ Bakının sabiq meri Hacıbala Abutalıbovun ətrafında baş verənlərdir. Sizcə, keçmiş merin “sağ əli” sayılan sabiq aparat rəhbəri Rasim Quliyevin həbsi nədən xəbər verir?

- Bilirsinizmi, burada hakimiyyət iki istiqamətdə addım atır. Birinci istiqamət korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardır. İkinci istiqamət isə siyasi məsələlərlə əlaqəlidir. Mənim fikrimcə, bütün bunlar onunla bağlıdır ki, Azərbaycan tədricən Türkiyənin təsir dairəsinə daxil olur. Bu da tələb edir ki, Rusiyanın buradakı iqtisadi, siyasi, diplomatik dayaqları aradan qaldırılsın. Məsələn, Elmar Məmmədyarovun işdən çıxarılmasından tutmuş Müdafiə Nazirliyində həyata keçirilən təmizləmələrə qədər, eləcə də ayrı-ayrı korrupsionerlərə qarşı mübarizə həm də Rusiyanın buradakı təsir dairələrinə qarşı mübarizədir. 

Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır. Rusiyada elmlər doktoru olub, dəlixanada yatıb və s. Oradan da Bakıya gəlib. Rusiyada doğulan, təhsil alan, tərbiyə olunan bir şəxsin Rusiyadan asanlıqla gəlib Azərbaycanın sədaqətli vətəndaşı olması inandırıcı görünmür. Odur ki, bu qəbildən olan, yəni Rusiyanın müəyyən dairələrilə mümkün əlaqələri olanlar iqtisadi, hərbi, diplomatik və digər sektorlardan təmizlənir. O qədər çox xain, satqın, xalqımızın və dövlətimizin əleyhinə işləyən insanlar dövlət hakimiyyətinə yerləşdirilib ki, hələ uzun müddət bu cür təmizləmələr aparmağa ehtiyac var.

- Bəzən deyilir ki, məhkəmə qərarı olmadığı halda biz necə bu şəxslərə xain damğası vura bilərik?...

- Əvvəla, əgər onlar Azərbaycanın dövlət büdcəsini dağıdıblarsa, onun vəsaitlərini aidiyyəti üzrə xərcləməyiblərsə, bundan böyük hansı xəyanət ola bilər? Vacib deyil ki, gedib Rusiyanın agentura şəbəkəsində xidmət edəsən. Azərbaycan iqtisadiyyatına zərər vurursan, xalqı ac-yalavac saxlayırsan, ölkədə süni bahalaşma, işsizlik, gərginlik, yoxsulluq, müxalifət problemi, xalq narazılığı yaradırsan - bunların hamısı elə dövlətə xəyanətdir də.

- Bu dediklərinizin Hacıbala Abutalıbovla da əlaqəsi varmı? O, daha çox cəmiyyətə açıq olan məmur kimi tanınıb...

- Hacıbala Abutalıbov özünü həmişə təlxək kimi aparıb, ancaq eyni zamanda da güclü korrupsionerlərdən biri olub. Bildiyiniz kimi, dövlət büdcəsinin az qala 35 faizi Bakıya xərclənirdi. Həmin dövr korrupsiyanın çiçəkləndiyi dövr idi və bu pulların böyük hissəsi də onun əlindən keçib. Sadəcə, təlxəkliklə bunun üzərini ört-basdır edirdi. Hətta o zaman lətifə də yaranmışdı: Əvvəlcə yol çəkirdi, sonra onu söküb kanalizasiya çəkirdi və s.

- Bildiyiniz kimi, Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) apardığı yoxlamalar zamanı maliyyə pozuntuları aşkar edərək, onları Baş Prokurorluğa göndərib. Artıq bununla bağlı cinayət işi açılıb. AMEA-ya Ramiz Mehdiyevin rəhbərlik etdiyini nəzərə almaqla, bu baş verənləri necə qiymətləndirmək olar?

- Bir debat zamanı qarşımdakından soruşdum ki, elə bir dövlət orqanı, məmur göstərə bilərsinizmi ki, korrupsiyaya bulaşmış olmasın? Tərəf müqabilim susdu və sonra Əli Əhmədovun adını çəkdi. Dedim cənab Əhmədov malik olduğu əmlakın deklarasiyasını versin, görək onları haradan alıb. Yəni Azərbaycanda korrupsiya ilə məşğul olmayan dövlət qurumu yoxdur. Odur ki, ciddi şəkildə islahatlar aparılmalıdır.

İndi xoş olmayan bir tendensiya var. Birini 30 ildir işlədiyi və korrupsiyanın başında durduğu idarədən çıxarırlar. Adam 30 il vəzifədə olub və su təsərrüfatını dağıdıb. Mən Əhməd Əhmədzadəni nəzərdə tuturam. Azərbaycandan ən çox pul oğurlayan adamlardan biridir. İndi gətirib onu baş nazirə müşavir qoyublar.

Əli Həsənov “Qaçqınkom”u dağıtdı. Hələ milli mənsubiyyəti haqqında da dolaşıq fikirlər var. Sonra baş nazirə müavin oldu. Belə addımlar əslində korrupsiyaya qarşı mübarizəni də gözdən salır, üstəlik, dövlətçilik ənənələrinin nə dərəcədə zəif olduğunu göstərir.

AMEA-ya gəldikdə, deyim ki, mütləq cinayət işi açılmalı, korrupsiyaya yol verənlərin hamısı cəzalandırılmalıdır. Bir nəfər də qanundan kənarda qalmamalıdır. Cinayətdə iştirak edən, dövlət pulunu dağıdan, maarifə, elmə qoyulmalı olan maliyyəni yox edən, vətəndaşların işsizliyinin aradan qaldırılmasına yönələn, kasıb ailələrə verilməli olan pulu yeyənlərin hamısı birmənalı cəzalandırılmalıdır.

- Sizcə, perspektivdə nələr gözlənilir, məlum çevrələrdə həbslər davam etdirilə bilərmi?

- Təkcə həbslər olmamalıdır, həm də dövlətə dəyən zərər ödənilməlidir. Eyni zamanda yeni məmurların cinayət törətməsinin qarşısını alacaq effektiv mexanizmlər yaradılmalıdır. Yoxsa bunu götürüb, digərini qoyursan və o da gəlib dağıdır. Yəni nəzarət olmayan yerdə oğurluq davam edəcək. Məncə, ilk olaraq Azərbaycanda xalqın iradəsinə uyğun parlament formalaşmalıdır. Ali hakimiyyət bölgüsünün əsas sütunlarından biri parlamentdir. Əlbəttə, məhkəmə və icraedici hakimiyyət də var və bu üç hakimiyyət qolu bir-birinə nəzarəti həyata keçirməlidir. Ancaq bunların heç biri yoxdur. Məncə, bu istiqamətlərdə ciddi addımlar atılmasına ehtiyac var.

- Deyirsiniz ki, indi gedən proseslər Rusiyanın Azərbaycandakı gizli və ya aşkar tərəfdarlarının prosesdən çıxdaş edilməsini tələb edir. Belə şəxslərin sayının az olmadığını da əlavə edirsiniz. Bu halda həmin şəxslərin prosesdən kənarlaşdırılması təhlükə yaratmazmı?

- Azərbaycanda kənar qüvvələrə işləyənlərin sıradan çıxarılmasının heç bir təhlükəsi yoxdur və ola da bilməz. Artıq yeni dünya düzəni formalaşır, Turan yaranır. Eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistandan ibarət vahid siyasi-iqtisadi-hərbi platforma formalaşır. Bu platforma Rusiyadan kənarda formalaşacaq. Yeni dünya düzəninin formalaşdığı müasir dövrdə isə Azərbaycanın yeri Türkiyənin yanındadır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28