Şənbə, 20 Aprel

Dəqiq mina xəritələri Brüsseldə verilə bilər

image

Ermənistanın bu günə kimi verdiyi Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin cəmi 25 faizi düz çıxıb, Soçi görüşündən sonra dəqiq mina xəritələri verilməklə Brüssel zirvəsinin əhəmiyyəti arta bilər

Ermənistan müharibədən sonra diversantların verilməsi müqabilində Bakıya bir neçə mina xəritəsi təqdim edib. Bu xəritələr Ağdam, Füzuli və Zəngilan rayonlarının ərazilərini əhatə edir. Lakin məlum olub ki, onların cəmi 25 faizi dəqiqdir. Prezident İlham Əliyev də çıxışlarının birində bu faktı açıqlayıb. 

Xatırladaq ki, son olaraq Prezident İspaniyanın “EFE” informasiya agentliyinə müsahibəsində bu barədə danışmışdı. Dövlət başçısının sözlərinə görə, Ermənistan işğal altında olmuş keçmiş ərazilərdə yüz minlərlə mina basdırıb.

“İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir.

Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”, - deyə Prezident vurğulamışdı.

Habelə Avropa Birliyi də Ermənistanı mina xəritələrini Azərbaycana təqdim etməyə çağırmışdı. İndi belə iddialar var ki, dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında planlaşdırılan görüşdə bu məsələdə müəyyən razılaşmalar ola bilər. Məlumata görə, Brüssel görüşünün əhəmiyyətini artırmaq üçün İrəvan əsl mina xəritələrini Azərbaycana təqdim edə bilər. Məlumdur ki, Avropa Birliyi Ermənistana “müharibədən zərər çəkən ölkə kimi” 2.6 milyard avro yardım paketi ayırıb və bu dəstək daha da artırılacaq.

Qərbin “gözünə girməkdə” maraqlı olan Nikol Paşinyanın Brüsseldə Bakıdan daha bir neçə diversant almaq şərtilə əsl mina xəritələrini verəcəyi istisna deyil. Bu, həm də Soçi görüşündən sonra əhəmiyyəti xeyli azalmış Brüssel danışıqlarına əlavə “xal qazandıra” bilər. Üstəlik, Ermənistanın bu xəritələri verməməsi ucbatından həm mülki şəxslər, həm hərbçilər hələ də minaya düşür. O səbəbdən dəqiq xəritələrin əldə edilməsinin əhəmiyyətini Bakı da yaxşı anlayır və Azərbaycan təbii ki, bu jesti qiymətləndirəcək. Yəni bizdə olan ermənilər İrəvana general Rüstəm Muradov vasitəsilə göndərilə bilər. O zaman Brüssel görüşündən sonra bizdəki erməni əsirlərin qaytarılması və minaların dəqiq xəritələrinin alınması reallaşa bilərmi? Brüsseldə gözlənilməz qərarlar verilə bilərmi?

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin  bildirdiyinə görə, Brüssel görüşü daha çox humanitar xarakterli məsələlərə həsr olunacaq. “Bu görüşün əsas mahiyyəti ölkələrarası, icmalararası sülh quruculuğuna təkan verə biləcək layihələrin başlanması, protokolların imzalanması ilə yadda qala bilər. Mina xəritələrinin alınması isə daha çox Rusiyanın koordinasiyası ilə baş tutur”, - deyə N.Cəfərli qeyd etdi. Partiya rəsmisi güman etmir ki, xəritələrin verilməsi Brüsseldə razılaşdırılsın:“Ola bilsin ki, niyyət dilə gətirilsin, amma mina xəritələri texniki olaraq Ermənistandan daha çox Rusiyanın nəzarətindədir. Uzun illər Ermənistan Müdafiə Nazirliyinin kurasiyası Rusiyada olub, Moskva asanlıqla xəritələri ala bilər”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə hesab edir ki, Soçi görüşündə bu mövzuda pas ötürüldü: “Yəni Brüsseldə əsirlər, mina xəritələri müzakirə edilə bilər.  Çünki Ermənistan müxalifəti və cəmiyyəti 26 noyabr görüşündən sonra hakimiyyəti ittiham etməyə başlayıb. Paşinyanı əsirlərə görə xüsusən qınayırlar. Amma Soçi görüşündə belə bir razılaşma olmadı. Ona görə Paşinyan Brüsseldə özünü daha rahat hiss edə bilər və bu məsələnin gündəmə gəlməsi mümkündür”.

AMİP sədrinin fikrincə, üç rayonun xəritələrinin cəmi 25 faizinin dəqiq olması səhih xəritələrin alınmasını zəruri edir: “Ermənistan tərəfi bizdə olan terrorçu əsirləri geri istəyəcək. Biz bəyan etmişik ki, 10 noyabrdan sonra tutulan istənilən erməni diversantdır, hərbi əsir sayılmır. Ona görə Azərbaycan humanizm prinsipindən çıxış edərək onları təhvil verə bilər, xəritələr isə qeyd-şərtsiz verilməlidir. Çünki mülki insanlar həlak olur, xəsarət alır, beynəlxalq konvensiyanın tələblərinə görə mina xəritələri verilməlidir”.

Professor Qabil Hüseynli hesab edir ki, Brüssel görüşündə  Ermənistanı müdafiə edən və onun qeyri-konstruktiv mövqeyini ardıcıllıqla müdafiə edən qüvvələr çoxdur:“Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makron Avropa Birliyində öz təsirlərindən istifadə edərək daima Azərbaycanın maraqlarına, obyektiv mövqeyinə zidd olaraq Ermənistanı müdafiə etməkdə davam edirlər. Rusiyanın da “süddən çıxan ağ qaşıq” olduğunu deyə bilmərəm. Rusiya-Avropa İttifaqı, Rusiya-Qərb rəqabətindən istifadə edərək Azərbaycanın haqlı tələblərini müdafiə etmək üçün müxtəlif siyasi manevrləri həyata keçirməliyik".

Ramiyə Məmmədova: “Ermənistan sülh məsələsini cəfəngiyyata çevirdi”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Brüsseldə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” çərçivəsində sammit keçiriləcək, Əliyev - Paşinyan görüşü isə bu tədbirlərin tərkibində baş tutacaq. Onun zənnincə, özəl qərarların razılaşdırılması gözlənilən deyil, lakin Minsk Qrupu çərçivəsində danışıqların aparılması prioritet mövzu olacaq. Ekspert dəqiq mina xəritələri ilə əsirlərin barter olunmasını istisna etmir:“ABŞ-ın təşəbbüsü ilə bir dəfə olub, indi Brüssel görüşünün əhəmiyyətini artırmaq üçün növbəti razılaşma mümkündür. Amma Azərbaycanda hərbi əsir yoxdur. Noyabrın 16-da sərhəddə olan müharibədə əsir düşənlər bəlkə təhvil verilə bilər. Ümumilikdə Brüsseldə sürpriz olacağını gözləmirəm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20